Mar 18

İlham Əliyevin Almaniya səfəri və erməniləri məyus edən səbəblər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsinə, əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcək, münasibətləri yeni müstəviyə daşıyacaq. Diqqəti çəkən xüsusi məqam Almaniya rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə növbəti dəfə dəstək ifadə etmələridir. 

Mövzuyla bağlı “Kaspi” qəzetinin müsahibəsini təqdim edirik.

Prezident İlham Əliyevin qısa zaman kəsiyində Almaniyaya ikinci dəfə səfər etməsi Cənubi Qafqaz üçün mühüm iqtisadi və geosiyasi əhəmiyyətə malikdir. Qeyd edək ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda öz əksini tapıb. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu 2022-ci ilin yekunlarına görə, Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi, qarşılıqlı ixrac artıb.

İnkişaf edən siyasi-iqtisadi əlaqələr

Ötən il iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 255 milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub. Həmin il Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri 591,3 milyon dollar təşkil edib. Azərbaycanda qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-sının fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka da maraq göstərirlər və bununla bağlı müraciət ediblər. Ümumiyyətlə, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.

Ərazi bütövlüyünə, suverenliyə dəstək

Prezident İlham Əliyevin martın 13-14-də Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsinə, əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcək, münasibətləri yeni müstəviyə daşıyacaq. Xatırladaq ki, səfər zamanı dövlətimizin başçısı almaniyalı həmkarı Frank Valter Ştaynmayer, kansler Olaf Şolts, Almaniyanın aparıcı şirkətlərin nümayəndələri ilə də görüşüb. Prezident İlham Əliyevin Berlində iştirak etdiyi görüşlərdə diqqəti çəkən xüsusi məqam Almaniya rəsmi şəxslərinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə növbəti dəfə dəstək ifadə etmələridir.

Avropanın adından çıxış edən neytral vasitəçi

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidentindən öncə Ermənistan baş naziri Nikol Paşinyan martın əvvəlində Berlində səfərdə olub. Həmin vaxt Ermənistan mediası Qarabağdakı erməni icmasının “öz müqəddəratını təyin etmə” məsələsinin Almaniyada müzakirə olunduğunu, guya rəsmi Berlinin buna tərəfdar çıxdığını tirajlamağa başlamışdı. Lakin Prezident İlham Əliyevlə keçirilən görüşlərdə Almaniya rəsmilərinin səsləndirdiyi fikirlər, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verilən dəstək erməni yalanını növbəti dəfə ifşa etdi. Görünən budur ki, müasir Avropanın iki əsas gücü sayılan Fransa və Almaniyanın Azərbaycan-Ermənistan sülh prosesinə yanaşmaları tam fərqlidir. Almaniya ərazi bütövlüyünə hörmət prinsipini əsas tutaraq beynəlxalq hüququ dəstəkləyir, Fransa isə bölgədə erməni separatizmini körükləməyə çalışır. Bu reallıq fonunda sual yaranır: Sülh prosesində Almaniya Avropanın adından neytral vasitəçi kimi çıxış edə bilərmi?

Minsk qrupunun nəticəsiz fəaliyyəti

Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İsgəndərov “Kaspi”yə bildirib ki, Fransanın xarici siyasətində islamofobiya, türkofobiya daim hiss olunub: “Bu, özünü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də büruzə verib. Ermənistan Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxladığı halda Fransa ATƏT-in Minsk qrupunun üzvü olaraq neytral mövqe sərgiləyə bilməyib. Açıq-aşkar Ermənistanı dəstəkləyib. Ümumiyyətlə, Minsk qrupunun həmsədrlərinin hər biri ehtimal edirdilər ki, münaqişənin həlli uzandıqca Azərbaycanda yeni nəsillər Qarabağı və digər işğal altındakı ərazilərimizi unudacaq, işğal faktı ilə barışacaqlar. Amma Azərbaycanda dünyaya gələn hər bir uşaq Şərqi Zəngəzur, Qarabağ doğumlu oldu. Məhz bu uşaqlar böyüyərək, həmçinin bütövlükdə Azərbaycan xalqı səfərbər olaraq 44 günlük Vətən müharibəsində şanlı qələbəmizin qazanılmasını təmin etdilər”.

Berlin öz simasını qoruyub saxladı

Millət vəkili deyib ki, Makronun nümunəsində Fransa özünün qeyri-demokratik, qərəzli, qeyri-obyektiv imicini yaradıb. Almaniyaya gəldikdə isə, deputat söyləyib ki, bu dövlət ATƏT-in Minsk qrupunun üzvü olsa da, həmsədr deyildi:

“Almaniya bu müddətdə neytrallığını qoruyub saxlamağı bacardı, vacib məqamlarda beynəlxalq hüququn prinsiplərindən çıxış edərək mövqe ortaya qoydu. Ara-sıra bizim üçün xoş olmayan qərarların şahidi olsaq da, ümumilikdə rəsmi Berlin münaqişə illərində, müharibə günlərində, postmünaqişə dövründə öz simasını qoruyub saxladı. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri dövründə bu dövlətin prezidenti və kansleri ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmət etdiyini açıq şəkildə bəyan etdilər. Onlar ermənilərin arzularının əksinə olaraq, separatizmə, Qarabağın “müstəqilliyinə” dəstək ifadə etmədilər, ölkələrin ərazi bütövlüyünün toxunulmaz olduğunu vurğuladılar. Bununla Azərbaycanın ərazi bütövlüyünə hörmət olunmasının zəruriliyini bütün dünyaya nümayiş etdirdilər. Nəzərə alaq ki, Almaniya ilə Azərbaycan arasında iqtisadi, siyasi əlaqələr daim inkişaf edir, Berlin Cənubi Qafqazda Bakını özünə vacib tərəfdaş sayır. Azərbaycan sadəcə Almaniya üçün deyil, ümumən Avropa üçün etibarlı tərəfdaşdır və qoca qitənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Düşünürəm ki, belə gerçəklik fonunda Almaniyanın Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə müsbət təsiri ola bilər”.

Bənzər xəbərlər

Gündəm

0.041569948196411