Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür edib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür edib.
“Report” xəbər verir ki, Əminə Ərdoğan bu barədə tviter hesabında yazıb.
“Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüzə görə ürəkdən təşəkkür edirəm. Can Azərbaycan çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəyiniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək xoşdur”, - Türkiyənin birinci xanımı sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumatlara görə, zəlzələ nəticəsində 2 921 nəfər həlak olub, 15 834 nəfər yaralanıb.