"Həsənağanın qardaşı oğlu növbə gözləməlidir?
"Həsənağanın qardaşı oğlu növbə gözləməlidir?
Dövlət vətəndaşlarına tibbi xidməti yaxşılaşdırmaq məqsədilə küllü miqdarda vəsait sərf edib, TƏBİB adlı qurum yaratdı. Dövlətin tək məqsədi xalqın təmənnasız və keyfiyyətli şəkildə sağlamlığının qayğısına qalmaqdan ibarət olduğu halda, TƏBİB özü başqa təmənnalarla xidmətə açıldı. Necə deyərlər, "Gec gəldi, güc gəldi" .
Görünür gücünü "çərçivəsinə sığdırmağa" zorluq çəkən TƏBİB-in "məharətləri" qısa zamanda onu "şöhrət" edə bildi. Məhz bu səbəblə də tez-tez TƏBİB -ə bağlı vəzifəli şəxslərin, və ya tibbi mərkəzlərin bu və ya başqa "məharət"lərinin şahidi oluruq. TƏBİB-in "bacarıqlı" çalışanı Könül bəyin bacısı şəhərin xəstəxanalarının birində nəvəsini müalicə etdirir. Xəstənin yanında bir nəfərdən artıq qalmasına icazə olmadığı halda, heç bir zərurət və ehtiyac olmasa da "bizim körpə xəstəmizin" yanında sülalələri yataq salıb. yatırlar. Bu hələ harasıdır. Vəzifəli qardaşı Könül bəyə arxalanan bacı nəvəsinin və özlərinin yatdığı palatanı tibb bacısının yığışdırmasını tələb edir. Əks təqdirdə qardaşı Könülə bildirəcəyini, qardaşısa tibb bacısını zorlayıb (ən yüksək səviyyədə etik qaydanı gözləyərək oxucularımıza fikirimizi çatdırmağa çalışdıq ) işdən it kimi qovduracağı ilə hədələyir. ( Tibb bacısının şərəf və ləyaqəti alcalmasın deyə adını açıqlamırıq). İşlərini itirməkdən qorxan tibbii personal qardaşına arxalanan bacının tez-tez gəlib xəstəxanada terror əsdirdiyindən və çarəsizcə onun hərəkətlərinə boyun əydiklərindən ürək ağrısı ilə bəhs etdilər.
TƏBİB-in digər bir "yaradıcılığı" N.Nərimanov rayon Tibb Mərkəzində gözlərim önündə yaşandı. Tibbi sığorta ilə müalicə olunacağına ümid edən yüzlərlə insan növbə götürmək üçün sabahın alaqaranlığında xəstəxananın qapısını kəsirlər. Saatlarla növbə gözləyən xəstə insanların və ya onların yaxınlarının növbə almaq şansı N.Nərimanov Tibb Mərkəzinin insafına qalıb. Xəstəxanaya başqa işləri üçün gələn insanlar mərkəzin girişində düzülmüş növbə sırasını yarıb xəstəxanaya daxil ola bilmir. Bunlar da göz yumulası noqsanlardır, deyib keçirik ikinci mərtəbəyə. İkinci mərtəbədə birincidən də böyük izdihamda növbə gözləyən xəstələrlə qarşılaşırıq. Buna da göz yumub keçmək istəyirik ki, gözümüzə şəhid ailələri və qazilər üçün ayrılmış növbəsiz göndəriş lövhəsi sataşır. (müharibə veteranlarından bəhs olunmaq isə tamamilə unudulub). Növbədə dayanan şəhid ailəsi isə saatlarla sənədinin yazılacağinı gözləyir. Elə bu vaxt əlində bir dəstə Şəxsiyyət vəsiqəsi və arasında "nələrsə" olan mühafizəçi arxadan yaxınlaşıb xidmət göstərən personalın qulağına pıçıldayır. Az sonra yenə əlində vəsiqələr və göndəriş vərəqələri ilə geri dönən mühafizəçilər və ya digər işçilər üçün saatlarla qarşılarında gozlətdirdikləri şəhid ailəsinə və ya qaziyə necə bir işgəncə verdikləri düşünmək istəmirlər. Əsas odur ki, onlar üçün "Həsənağanın qardaşı oğlu" və özləri məmnun olsunlar. Etdikləri çirkin hərəkətlərini üzlərinə vurduqda isə, öncə böhtan atdığımı, sonra isə uşaqlı idilər kömək etdiklərini söyləyirlər. Təbii ki, bütün bunlardan mərkəzin direktoru Fazil Alməmmədovun gözəl məlumatı var. Sadəcə olaraq TƏBİB-in "baş qoşma" prinsiplərinə sədaqətlə xidmət edir. TƏBİB isə hələ də tibbə məlum olmayan xəstəliklə "doğulduğundan" dərdinin müalicəsi mümkün deyil.
"Mozalan.az" saytının Baş redaktoru:Tərifə Maqsudova