Rusiya bu məhsullarla özünü təmin edə bilmir
Bir neçə ildir ki, iqtisadi sanksiyalardan əziyyət çəkən Rusiyada hansı məhsullarla bağlı daha çox problemin yaşanması məlum olub.
Mozalan.az xəbər verir ki, Dövlət Dumasının Aqrar Məsələlər Komitəsinin sədr müavini Yuliya Oqloblina TASS-a açıqlamasında bildirib ki, Rusiya əsas sahələrdə yerli istehsal malları ilə kifayət qədər təmin olunur.
O, Rusiyanın taxıl, günəbaxan yağı, şəkər və ətə olan ehtiyaclarını ödənildiyini vurğulayıb. Lakin müharibə şəraitində olan bu nəhəng ölkə tərəvəz, meyvə, giləmeyvə, süd və süd məhsulları üzrə ərzaq təhlükəsizliyi doktrinasının məqsədlərindən (özünütəmin etmə səviyyəsi – red.) bir qədər geri qalır.
Deputatın sözlərinə görə, Rusiya yalnız qardaş belarusların sayəsində nəinki süd məhsulları ilə tam təmin olunur, həm də daha artığını qəbul edir.
Rusiya parlamentinin üzvü bildirib ki, əslində məhsul qıtlığı yoxdur: "Prinsipcə, bizdə vətəndaşlarımızda narahatlıq yarada biləcək amil yoxdur. Yəni, ehtiyac duyduğumuz hər şey əlçatandır".
O əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi süd məhsulları bazarını ilk növbədə süd fermalarında inəklərin məhsuldarlığını artırmaqla yüksəltmək niyyətindədir.(publika.az)



















































