Aug 05

ABŞ-nin qayıdış hüququna ikili yanaşması - Vaşinqtonu gözləyən bumeranq effekti

Qərbi Azərbaycan İcması (QAİ) avqustun 2-də ABŞ-nin Cənubi Qafqaza yönəlik qeyri-obyektiv siyasəti ilə bağlı növbəti bəyanatını yayıb. İcma ABŞ-dən insan hüquqları məsələsində nümayiş etdirdiyi etnik və dini ayrı-seçkiliyə son qoymağı tələb edərək Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırıb.

Bəyanatda qeyd olunub ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin əsas müavini Yuri Kim Karnegi Sülh Fondunun təşkilatçılığı ilə ötən həftə keçirilmiş "Cənubi Qafqazda yeni regional nizam üçün ABŞ-nin rolu" adlı tədbirdə qayıdış hüququ məsələsində qəbulolunmaz mövqedən çıxış edib və azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verib.

Yuri Kim Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə köçüb getmiş ermənilərin qayıdış hüququ haqqında danışdığı halda, Ermənistandan zorla qovulmuş azərbaycanlıların analoji hüququ barəsində bir kəlmə də deməyib.

İcma bildirib ki, bu, etnik və dini əsasda azərbaycanlılara qarşı ayrı-seçkilikdir. ABŞ rəsmisinin bu mövqeyi insanların hüquq bərabərliyi prinsipinə ziddir, eyni zamanda, bölgədə sülh və sabitliyə mane olur.

Xatırladaq ki, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsi barədə Qərbi Azərbaycan İcmasının ötən ilin aprel ayında ABŞ-nin Dövlət katibi Antoni Blinkenə göndərdiyi məktub hələ də cavabsız qalıb.

Qərbi Azərbaycan İcması beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha bəyan etməklə Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin olunması, onların dağıdılmış mədəni irsinin bərpası məqsədi uğrunda fəaliyyətini əzmlə davam etdirəcəyini bildirib.

Qeyd etmək yerinə düşər ki, icmanın baş verən hadisələrə operativ reaksiyası hər şeydən əvvəl kollektiv Qərbin mövcud gerçəkliklərə qeyri-obyektiv yanaşmasının ifşası baxımından əhəmiyyətlidir. Belə bəyanatlar daxili və beynəlxalq ictimai rəyin formalaşmasında mühüm rol oynayır.

Məsələnin mahiyyətinə gəldikdə isə deməliyik ki, ABŞ hər imkanda Ermənistana ürək-dirək verməyə çalışır. Əslində, Vaşinqtonun bu davranışı İrəvanın ABŞ-nin diktəsinə qeyd-şərtsiz tabe olmasının qarşılığıdır.

ABŞ-nin indiki ritorikası həm də sosial-psixoloji nöqteyi-nəzərdən təhlil edilməlidir. Belə ki, nümayiş etdirilən mövqeyin obyektiv olmadığını Ağ Ev özü də anlayır. Lakin ABŞ-yə lazım olan da Ermənistan hakimiyyətinə Vaşinqtonun dəstəyini hiss etdirməkdir.

Beləliklə, ABŞ Ermənistanı şirnikləndirir, özünü onun himayədarı kimi göstərir və tapşırıqlarını, xüsusilə, destruktiv xarakterli təlimatlarını icra etdirir.

Əslində isə obyektivlik onu tələb edir ki, ABŞ ermənilər kimi, azərbaycanlıların da öz yaşadıqları torpaqlara qayıdışının vacibliyi barədə danışsın. Vaşinqton isə bilə-bilə bunu etmir, obyektivlikdən uzaq mövqe tutur.

ABŞ davam etdirdiyi bu ritorika ilə Ermənistan hərbi-siyasi hakimiyyətini manipulyasiya edir. Bunun nəticəsində Vaşinqtonun İrəvan vasitəsilə öz direktivlərini qəbul etdirmək imkanları artır.

Ancaq bu yanaşma və ritorika ABŞ-nin Cənubi Qafqazda sülhün vacibliyi haqda bəyanatlarına, həmçinin vasitəçilik iddiasına qətiyyən uyğun deyil.

Görünən budur ki, Ağ Ev özünə qarşı etimadı bilə-bilə azaldır. Bəlkə də, ABŞ üçün Ermənistan vasitəsilə destruktiv siyasət yeritmək mümkün uğurlu vasitəçilikdən daha önəmlidir.

Qeyd edək ki, azərbaycanlıların öz dədə-baba torpaqlarına - Zəngəzura, İrəvana, Göyçəyə qayıdışı rəsmi Bakının bu gün üçün əsas prioritetləri sırasındadır. Azərbaycan bu məsələni müxtəlif səviyyələrdə dəfələrlə gündəmə gətirib və gətirir.

Nəzərə almaq lazımdır ki, azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmasını beynəlxalq hüquq da dəstəkləyir. ABŞ də bunu nəzərə almalıdır. Əks halda, rəsmi Vaşinqton beynəlxalq hüquqa hörmətsizliyin bumeranq effekti ilə qarşılaşa bilər.

"Report" İnformasiya Agentliyi

Bənzər xəbərlər

Gündəm

0.13440108299255