Jul 18

Yeni hökumətin "boz kardinalı" - Pezeşkianın seçki kampaniyasının qəhrəmanı

İranda əsas məsələlərdən biri yeni hökumətin formalaşmasıdır. Yeni Nazilər Kabineti rəsmi Tehranın gələcək fəaliyyətinin istiqamətlərini müəyyənləşdirməyə də imkan verər. Çünki İslahatçı Cəbhə Partiyasının nümayəndəsi, yeni seçilən Prezident Məsud Pezeşkian seçkiqabağı kampaniya zamanı bir sıra vədlər verib. Onlara əməl etmək üçün uyğun hökumət yaradılması vacibdir.

Məsud Pezeşkiandan əvvəlki islahatçı prezidentlər elə ciddi nəticələrə nail ola bilmədilər. İlk növbədə nüvə proqramı üzrə "altılıq" ölkələri ilə danışıqlar prosesi uğurlu davam etsə də, yekun nəticə əldə edilməyib. Düzdür, Həsən Ruhani kabinetinin xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi İranın nümayəndə heyətinin Qərblə nüvə proqramı üzrə danışıqların yekununda Əhatəli Razılaşma Planı imzalansa da, sonradan ABŞ-nin ovaxtkı prezidenti Donald Tramp bu razılaşmadan ölkəsini geri çəkərək, İrana qarşı yeni sanksiyalar tətbiq etmişdi. Bununla qazanılmış uğur puça çıxarıldı. Hətta bundan sonra Həsən Ruhani və M.Zərifə qarşı siyasi hücumlar başladı. Mühafizəkar xətt nümayəndələri prezidenti dövlətə xəyanətdə belə ittiham etdilər. Cari ilin martında bunu əsas göstərərək onu Dini Ekspertlər Şurasına keçirilən seçkidə namizəd kimi iştirak etməyə buraxmadılar.

Məsud Pezeşkian seçkiqabağı dövrdə islahatçı sələflərinin həyata keçirə bilmədikləri Qərblə dialoqu aparmağa hazır olduqlarını vəd edib.

Ona görə əsas məsələlərdən biri də yeni seçilən prezidentin baş məsləhətçisinin kimliyidir.

Pezeşkian vaxtilə səhiyyə naziri olsa da, dövlətin xarici siyasəti, iqtisadiyyat, neft, müdafiə və başqa bu kimi sahələrdə təcrübəsinin az olduğu istisna deyil. Hakimiyyət sınaqdan çıxmış, etibarlı saydığı islahatçı bir şəxsi, dövlət məmurunu, Məhəmməd Cavad Zərifi himayəçi, müşavir, bəlkə də nəzarətçi olaraq təyin edib.

O, seçkiqabağı kampaniya zamanı Pezeşkianı müşayiət edib, ondan ayrılmayıb.

Bu da yeni seçilən prezidentin keçmiş XİN başçısına tapşırıldığını ehtimal etməyə əsas verir.

M.C.Zərifin ömür yolu da onun bu rolu oynamasına imkan verir.

Bu baxımdan onun bioqrafiyasından bəzi ştrixləri qeyd edək. O, 1960-cı il yanvarın 17-də Tehranda varlı, dindar və siyasi məsələlər baxımından mühafizəkar tacir ailəsində anadan olub. Onun atası İsfahanın ən məşhur iş adamlarından biri, anası isə Tehranda yaşayan, Kaşandan olan məşhur tacirlərdən birinin qızı idi. Məhəmməd Cavad ailənin yeganə övladı olub. Uşaq vaxtlarında valideynləri ona televizora baxmağa, radio dinləməyə, mətbuat oxumağa icazə verməyiblər.

O, 1976-cı ildə "Ələvi" özəl dini mədrəsəsini bitirib. Həmin dövrdə tanınmış dini ideoloqlar Əli Şəriəti və Mahmud Taleqaninin düşüncələri, yaradıcılığı ilə tanış olub. 17 yaşında təhsil vizası ilə ABŞ-yə gedib, Kaliforniyanın San-Fransisko şəhərində özəl kollecə daxil olub. Oranı bitirdikdən sonra San-Fransiskoda Kaliforniya Universitetinə daxil olub, 1981-ci ildə incəsənət üzrə bakalavr dərəcəsini və 1982-ci ildə beynəlxalq münasibətlər üzrə magistr dərəcəsini alıb.

1984-cü ildə Denver Universitetində (Kolorado, ABŞ) Cozef Korbel Beynəlxalq Münasibətlər Məktəbini bitirərək beynəlxalq münasibətlər üzrə ikinci magistr dərəcəsini, 1988-ci ildə isə beynəlxalq hüquq və siyasət üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1988-ci ildə Denver Universiteti tərəfindən nəşr edilmiş "Beynəlxalq hüquq və siyasətdə özünümüdafiə" kitabının müəllifidir.

1989-cu ildə İranın ovaxtkı xarici işlər naziri Əli Əkbər Vilayətinin birinci köməkçisi, 1989-92-ci illərdə İranın BMT-dəki daimi nümayəndəsinin müavini, 1992-2002-ci illərdə XİN başçısının beynəlxalq münasibətlər və hüquq üzrə müavini, 2003-2005-ci illərdə İran Təhlükəsizlik Şurasının ovaxtkı katibi Həsən Ruhaninin nüvə məsələləri üzrə danışıqlarda başçılıq etdiyi nümayəndə heyətinin üzvü olub. 2007-10-cu illərdə XİN başçısı Mənuçöhr Möttəkinin baş müşaviri işləyib. 2013-21-ci illərdə Həsən Ruhani kabinetində XİN başçısı olub. 2019-cu ildə ABŞ-nin sanksiyasına məruz qalıb. Onda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini tətbiq edilən məhdudiyyətə belə münasibət bildirmişdi: "Biz bu qərara təəssüf edirik". Sanksiyaya bu əfsus hissi Məhəmməd Cavad Zərifə ABŞ ilə Aİ-nin fərqli münasibət göstərdiklərindən xəbər verir.

Məhəmməd Cavad Zərifin nazir işlədiyi dövrdə konkret nəticə əldə etdiyi məlumdur. O, bu uğura İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin tapşırığı əsasında nail olduqlarını dəfələrlə açıqlayıb. Bu baxımdan, mühafizəkarların onu 2015-ci ilin iyulunda imzalanmış plana görə ittiham etməsi əsassızdır. Çünki onda həmin siyasi qüvvələr Zərifə qarşı ittiham irəli sürməmişdilər.

M.C.Zərif keçmiş XİN başçısı Məryəm İmani ilə ailə qurandan sonra Nyu-Yorka köçüb, orada yaşayıb. Onların orada qızı və oğlu doğulub. Oğlu ABŞ-də elektrotexnika üzrə magistr dərəcəsi alıb. Qızı isə memardır. Hər ikisi ailəlidir.

Zərifdən fərqli olaraq, Məsud Pezeşkian ayətullah Ruhullah Xomeyninin qatı tərəfdarlarından olub. O, "Hizbullah"çıdır. Danışıqlara hazır olduqlarını bildirsə də, keçmiş XİN başçısı kimi onun Qərblə təmaslarına dair KİV-də məlumat yoxdur. O bütün həyatını mövcud rejimə həsr edib.

Məhəmməd Cavad Zərif 14-cü hökumətin formalaşması üzrə şuranın sədridir. "Milli birlik (etnik deyil, iranlı milləti mənasında - red.) hökuməti" yaradacaqlarını bildirib. Zərif bütün bu işləri Xameneinin tapşırığı ilə həyata keçirdiklərini vurğulayıb.

Belə ehtimal etmək olar ki, Məsud Pezeşkian özünü türk saysa da, hökumətə nəzarəti isfahanlılar edəcəklər. Çünki İranda hakimiyyətin tamamilə türklərin nəzarətində olmasına imkan verməzlər. İddialara əsasən, hakimiyyəti azərbaycanlılardan 1990-cı illərdə ovaxtkı prezident Əli Əkbər Haşimi Rəfsəncani "təmizləyib".

Şuranın sədri İran teleradiosuna hökumətin formalaşması ilə bağlı müsahibəsində deyib:

"Biz milli xadimlər - Məhəmməd Xatəmi, Həsən Ruhani, Səid Cəlili, Məhəmməd Baqir Qalibaf, Qulaməli Həddad Adildən, habelə Mötəlifdən (mühafizəkarların partiyası - red.) İlhat Cəbhəsinədək bütün qüvvələrə hökumətin formalaşması üçün namizədlərini təqdim etmələrini xahiş etmişik".

Yeri gəlmişkən, Xatəmi, Ruhani, Həddad Adil farsçılıq ideologiyasının ideoloqları və liderləridir. Odur ki, Məsud Pezeşkianın arxasında bu qüvvələrin dayanacağı, onların təmsilçisinin isə M.C.Zərifin olacağı istisna edilmir. Keçmiş XİN başçısının Qərbin müəyyən siyasi dairələrində nüfuzunu nəzərə alsaq, onun perspektivdə həm də bu düşərgə ilə danışıqlara aparacaq heyətə də müşavirlik edəcəyi gözləniləndir.

Odur ki, ömür yolu, siyasi və dövlət məmuru kimi fəaliyyəti Məhəmməd Cavad Zərifin Məsud Pezeşkian hökumətinin "boz kardinalı" olacağını deməyə əsas verir.

"Report" İnformasiya Agentliyi

Bənzər xəbərlər

Gündəm

0.033484935760498