Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər
Milli Məclisinə növbədənkənar seçki ilə əlaqədar bu gündən passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlaya bilər.
APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 8.1, 146.1 və 146.4-cü maddələrinə əsasən, seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlaya bilər.
Seçki Məcəlləsinin 53.6 və 54.9-cu maddələrinə əsasən, namizədliyin irəli sürülməsini təsdiq edən qərar qəbul edildiyi gündən başlayaraq dairə seçki komissiyaları namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri verir. Seçki Məcəlləsinin 56, 57 və 147-ci maddələrinə görə, Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququna malik vətəndaşı, namizəd, siyasi partiya, siyasi partiyaların bloku dairə seçki komissiyasının deputatlığa namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonra namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanmasına başlayır.
Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 28-də "Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisə növbədənkənar seçki 2024-cü il sentyabrın 1-nə təyin edilib.