Jun 26

Avropa üçün normaya çevrilən ikili standartlar siyasəti: İnsan hüquqları adı altında "hücum"

"Yeni Kaledoniya Fransanın dənizaşırı ərazisidir. Oradakı hadisələr Fransa və Yeni Kaledoniyanın daxili məsələləridir".

Bunu Avropa Komissiyasının nümayəndəsi Piter Stano "Report"un sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, Fransa demokratik ölkədir, burada bütün insanların dinc etiraz etmək hüququ var.

"Əslində, dinc nümayişlər bütün demokratik ölkələrdə əsas hüquqdur", - P.Stano qeyd edib.

P.Stano vurğulayıb ki, insan hüquqlarının həyata keçirilməsində zorakılığa yer yoxdur və üzv dövlətlərdə milli hakimiyyət orqanları hüquq-mühafizə məsələlərində səlahiyyətlidir:

"Əgər kimsə hüquqlarının pozulması və ya hörmət edilməməsi ilə bağlı narazılıq bildirirsə, Avropa İttifaqında və onun üzv dövlətlərində müstəqil məhkəmə sistemi var ki, insanların hüquqlarına hörmət edilməsini və qanun-qaydanın qorunmasını təmin etmək üçün hesabatlılıq və lazımi prosesi təmin edir".

Xatırladaq ki, Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının lideri Kristian Teyn və daha altı fəal Fransaya ekstradisiya olunub. Onlara qarşı artıq saxta və qondarma ittihamlar - silahlı qarət və qətl törətmək maddələri irəli sürülüb. Müdafiə hərəkatının rəhbərliyinin həbs olunması və Parisə gətirilməsi Makron hökumətinin orta əsrlərdəki üsul-idarəçilikdən istifadə etdiyindən xəbər verir.

Stanonun dediklərinə əsaslansaq, Yeni Kaledoniyada baş verənlər, müstəmləkədən azad olmaq istəyən Kanak xalqının mübarizəsini boğmaq üçün Fransanın əl atdığı repressiyalar, təqiblər bu ölkənin daxili işidir.

Necə olur ki, Azərbaycan və Gürcüstan kimi ölkələrin ictimai-siyasi həyatına müdaxilə edən Avropa İttifaqı Fransaya gəldikdə, bunu ölkənin daxili işi adlandırır. Təşkilatın ikili standartlardan çıxış etməsinə sübut son aylar Gürcüstanda baş verənlərdir. Belə ki, "Xarici agentlər haqqında" qanuna görə, Gürcüstan hakimiyyəti həm Aİ-nin, həm də Qərb dövlətlərinin kəskin reaksiyasına məruz qalıb. Halbuki bu qanunun qəbul edilməsi də Gürcüstanın daxili işi sayılmalıdır.

Sözügedən davranış göstərir ki, Avropanın düz mərkəzində demokratiya ənənələri zəifləməyə, laxlamağa davam edir. Qoca qitədə demokratiya öz ömrünü yavaş-yavaş başa vurmağa doğru gedir.

Fransa hökuməti isə hüquqi nəzarəti və demokratik tarazlığı qoruyub saxlaya bilmir. Makronun sayəsində demokratiya, qanunun aliliyi, insan haqları kimi dəyərlər yalnız kağız üzərində aktual olaraq qalır. Fransanın orta əsrlər üsullu hərəkətləri, sərbəst toplaşmaq və etiraz hüququnu boğması qeyri-demokratik məhkəmə sisteminin açıq nümayişidir. Bu isə ondan xəbər verir ki, ədliyyə sistemi, vətəndaş və insan hüquqları kimi sahələrdə qanun gözdən salınır. Vətəndaşların dinc etiraz aksiyalarına görə həbslər, təqiblər adi hala çevrilir, fikir azadlığına görə təzyiqlərə məruz qalan insanların sayı getdikcə artır.

Beləliklə, dünyanın ən populyar siyasi idarəçilik forması olan demokratiya artıq Qərbi Avropada öz əhəmiyyətini itirməyə başlayıb.

Bənzər xəbərlər

Gündəm

0.018014192581177