Hakimiyyət xalqı fəlakətə sürükləyir: Makronun siyasi fiaskosu
Avropa tarixinin ən çətin və təlatümlü mərhələsinə daxil olur. İyunun 6-dan 9-a kimi Avropa Parlamentinə keçirilən seçkilər proqnoz edildiyi kimi, sağ və radikal kəsimin üstünlüyü ilə başa çatıb. Avropa İttifaqının iki ən qüdrətli dövləti - Fransa və Almaniyada ultrasağlar üstünlüyü ələ almağa müvəffəq olublar. Əgər almanlar bu nəticəni adi qarşıladılarsa, fransızlar haqqında bunu demək olmaz.
Bəs necə oldu ki, bu qüvvələr qələbə qazanmağa müvəffəq oldular?
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib:
Separatçı, millətçi partiyalar uğur qazana bilməyiblər
Gözlənildiyi kimi, seçkilər ifrat sağçı, ksenofob və populist partiyalar üçün uğurlu olub. Bu kontekstdə Fransa ilə yanaşı, Niderland və Avstriyada ksenofob sağ populist partiyaların Avropa İttifaqına əhəmiyyətli dərəcədə təsir edəcəyi gözlənilir. Eyni şəkildə Belçikada həm ümumi seçkilərdə, həm də AP seçkilərində məğlub olan baş nazir Aleksandr de Croo da göz yaşları içində istefa verdiyini açıqlayıb. İfrat sağçı populist NV-A partiyası parlamentdəki yerlərinin sayını artıraraq Belçikada aparıcı siyasi qüvvəyə çevrilib.
Bir detal da budur ki, Aİ-dəki separatçı, millətçi partiyalar nə Belçika, nə İtaliya, nə də İspaniyada gözlədikləri nəticələri ala bilməyiblər. İtaliyada baş nazir Giorgia Meloninin "İtaliya Qardaşları" partiyası 28 faiz səs toplayaraq öz mövqeyini möhkəmləndirib.
Növbəti prezident Marin Le Pen olacaq?
Seçkilərdə qeydə alınan nəticə Fransa prezidenti Emmanuel Makronu parlamenti (Milli Assambleya) buraxmağa və növbədənkənar seçkilər keçirməyə məcbur edib. Ehtimallara görə, bu seçkilər belə, ona kömək etməyə bilər. Sağçıların lideri Marin Le Penin növbəti prezident olacağı ehtimalları artmaqdadır. Belə olan halda ölkədə ciddi toqquşmalar və kütləvi iğtişaşların baş verəcəyi qaçılmaz olacaq. Bütün bunlar isə sözsüz ki, Makronun yarıtmaz xarici və daxili siyasətinin nəticəsidir. 2017-ci ildən hakimiyyətdə olan bu şəxs fransızlara uğursuzluqdan başqa heç nə gətirməyib.
Fransa tarixində ilk
Fransa tarixində ilk dəfə olaraq hakimiyyəti təmsil edən siyasi partiya 15 faiz səs alıb. Makronun partiyasının bu nəticəsi olduqca aşağı göstərici hesab edilir. Hakimiyyətə gələn kimi bir sıra çətinliklərlə üzləşən, müxtəlif sosial qrupların tələblərini qulaqardına vuran siyasi sistemin Fransa cəmiyyətində legitimlik dərəcəsi müzakirə obyektidir. Biz buraya Emmanuel Makronun xarici siyasətindəki ardıcıl uğursuzluqlarını da əlavə edə bilərik.
Makronun sələflərindən fərqi
Makronun siyasi hakimiyyəti illərində Paris imicini tamamilə itirməyə başlayıb. Son iki il ərzində Fransa siyasətinə qarşı başlayan etirazlar səbəbindən Paris Afrikanın bəzi ölkələrindən çıxmaq məcburiyyətində qalıb və bu proses hazırda da davam edir. Buna paralel olaraq Yeni Kaledoniyada, Korsikada və digər yerlərdə mərkəzi hökumətə qarşı etiraz aksiyaları şiddətlənir. Yeni Kaledoniyaya köçürülmüş fransızlar hesabına oradakı demoqrafik vəziyyət süni şəkildə dəyişdirilir və Paris bundan da öz xeyrinə faydalanmaq niyyətindədir. Bu da yerli xalqların öz hüquqlarından istifadəsinə əngəllər yaradır.
Fransanın xarici diplomatiyasındakı digər yanlışlıqlar isə erməni lobbisinin təsiri altında anti-Azərbaycan siyasətini həyata keçirməsidir. Fransa prezidentinin Azərbaycana qarşı qarayaxma kampaniyasına rəhbərlik etməsi, Ermənistanı açıq şəkildə dəstəkləməsi onun şəxsi maraqlarına və ambisiyalarına xidmət edir. Fransa tarixində Makron qədər ölkə maraqlarını və mənafelərini tapdalayan, uğursuz xarici siyasət yürüdən siyasi lider olmayıb.
Yelisey sarayı Yeni Kaledoniya qarşısında geri çəkildi
Məhz seçkilərin nəticəsidir ki, Makron Yeni Kaledoniyada mübahisəli seçki islahatını dayandırmağa məcbur olub. İslahat planı may ayında Sakit okean arxipelaqında şiddətli iğtişaşlara səbəb olub. İğtişaşlar zamanı azı 7 nəfər ölüb, 370-dən çox adam yaralanıb. Makron qeyd edib ki, "Yeni Kaledoniyada islahat planını seçkilər ərəfəsində qeyri-müəyyənliyin qarşısını almaq üçün dayandırır". O əlavə edib ki, həmin ərazidə dialoqa və nizam-intizamın bərpasına üstünlük veriləcək. Seçki qaydalarına dəyişikliklər qəbul olunarsa, ən azı 10 il ada dövlətində yaşayan Fransa vətəndaşları yerli seçkilərdə səs verə bilərdi. Arxipelaq sakinləri dəyişikliklərin yerli kanak əhalisinin imkanlarını azaldacağından narahat idi.
Hakimiyyət xalqı fəlakətə sürükləyir
Yeri gəlmişkən, Fransa prezidentinin tərəfdarlarının parlamentdəki koalisiya nümayəndələri Makronun "onları fəlakətə apara biləcəyindən" qorxurlar. Tərəfdarları onun Avropa Parlamentinə seçkilərdəki məğlubiyyətdən sonra növbədənkənar seçkilər keçirmək qərarını məhz bu cür qəbul ediblər. Tərəfdarlarından biri bildirib ki, Makron danışdıqca, rəy sorğularındakı mövqelərini daha da itirirlər. Daha əvvəl media E.Makronun Milli Assambleyaya erkən seçkilərlə bağlı avantürasının onun partiyası daxilində xaos və qəzəb yaratdığını yazmışdı. Onun tərəfdarları bu qərarı açıq şəkildə şübhə altına alırlar, dövlət qulluqçuları isə artıq ifrat sağçı hökumətin necə işləyəcəyini müzakirə edirlər. Medianın məlumatına görə, Makron növbədənkənar parlament seçkilərində sağçıların qalib gələcəyi təqdirdə istefa vermək məcburiyyətində qalacaq.