Bağırsaqlarının 90%-i çıxarılan Zəhranın bir həftəsi qalıb: Təcili Türkiyəyə getməlidir
Nadir xəstəlikdən əziyyət çəkən 8 yaşlı Zəhranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onun anası Leyla Əsədova məlumat verib.
O bildirib ki, övladı 2016-cı ildə qapalı spina-bfida xəstəliyi ilə dünyaya gəlib.
"Zəhra 2016-cı ildə nadir xəstəliklərdən olan qapalı spina-bfida xəstəliyi ilə dünyaya gəldi. Dünyaya gəldiyi gündən də elə müalicələrə, əməliyyatlara başladıq. Körpə yaşında 11 dəfə əməliyyat olundu. Anadangəlmə anal dəliyi olmadığı üçün ilk o əməliyyatı keçirdi, daha sonra isə bağırsaqlarının 90%-i çıxarıldı. Zəhranın müalicəsi ilə bağlı dəfələrlə İranda və Türkiyədə olmuşuq. Türkiyədəki həkiminin dediyinə görə, Zəhra bir neçə müalicə periodundan sonra əməliyyat olaraq tamamilə sağlamlığına qovuşacaq".
Leyla Əsədova yardımsevər şəxslərin dəstəyinə ehtiyacları olduğunu deyib.
"Mənim Zəhradan başqa iki övladım da var. Zəhranın vəziyyəti isə daha ağırdır. Onun sidik yolları irinləyib, ona dəhşətli ağrı və qızdırma verir. Həkimi iyunun 5-i Türkiyəyə gəlməyimizi desə də, imkanımız olmadığı üçün gedə bilmədik. Bir həftə sonra isə mütləq orada olub müayinələrdən keçməliyik. Hazırda bizim ora gedib müayinələrdən keçməyimiz üçün 3 000 manata ehtiyacımız var. Yoldaşım taksi fəaliyyəti ilə məşğul olur, uşaqların səhhəti ilə bağlı isə mən işləyə bilmirəm. Nə bizə dəstək olacaq anam, nə də atam var. Yoldaşım isə uşaqlar evində böyüyüb. Onun da kimsəsi yoxdur. İnanın elə çıxılmaz vəziyyətdəyik, nə edəcəyimizi bilmirik. Başımızı tamamilə itirmişik. Övladımız gözümüzün qarşısında ağrılar içində qıvrılır, əlimizdən heç nə gəlmir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm, bu çətin yolda daim bizə dəstək olmusunuz, xahiş edirəm dəstəyinizi yenidən bizdən əsirgəməyin".
Ailə ilə əlaqə: (070) 430-94-94.
Beynəlxalq Bank: 5522 0993 5719 0784.
Bağırsaqlarının 90%-i çıxarılan Zəhranın bir həftəsi qalıb: Təcili Türkiyəyə getməlidir