Emin Əmrullayev: "Şəxsən mən beş il ərzində məqalə yazmayan adama alim deyə bilmirəm"
"Şəxsən mən beş il ərzində məqalə yazmayan adama alim deyə bilmirəm".
Mozalan.az xəbər verir ki, bunu nazir Emin Əmrullayev Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Yaşıl artım gündəliyində təhsil" mövzusunda keçirilən konfransda deyib.
Nazir bildirib ki, Azərbaycanda yaxşı tədqiqat forması yaratmaq istəyiriksə, doktorantura proqramlarımıza yenidən baxılmalıdır:
"Hər hansı yeni tədqiqat təlimi aparmırlar, sadəcə bir mövzu götürüb onu da yazırlar. Düşünürəm ki, tədqiqat işini aparmaq, öz sahəsinin mövzularını öyrənmək üçün ən azı 2-3 il geniş hazırlıq görülməlidir. Bizdə doktorantura proqramları zəifdir. Hesab edirəm ki, ölkəmizdə doktoranturada alətlərlə bağlı məhdudiyyətlər olur. Doktorantura ali təhsil səviyyəsinin növbəti pilləsidir. Kimsə özünü elm adamı kimi təqdim edəndə, birinci onun yazdıqlarına baxıram. Əgər kimsə 5 il ərzində heç nə yazmayıbsa, mən ona alim deyə bilmirəm. Alim olmaq ortaya məqalə qoya bilmək və başqalarının da bu məqalədən faydalana bilməsi deməkdir. Əgər biz tədqiqat sahəsində davranış dəyişikliyi etsək, əmin edirəm ki, maliyyə dəstəyi də gələcək. Yəni Azərbaycanda tədqiqat mədəniyyətini formalaşdırmaq lazımdır".
Könül Cəfərli