Apr 26

Mətanət Məmmədova: “Biz qalib xalq kimi başımızı dik tutub öz yurdumuza qayıdırıq”

“Vətəndən çıxan 8 yaşlı körpə fidanlar idik, dünyanı dərk etməyən uşaqlar idik, bu gün amma ömrünün 31 ilini məcburi köçkün həyatı yaşayan, olmazın müsibətlərini görən, öz doğmalarını itirən müharibə uşaqlarıyıq. Amma sevinirik ki, bu ağrımıza-acımıza dəydi, biz qalib xalq kimi başımızı dik tutub öz yurdumuza qayıdırıq”.

Bunu Mozalan.az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Mətanət Məmmədova deyib.

O bildirib ki, Füzuliyə qayıdarkən ilk işi Allaha dua etmək, şükür etmək olacaq:

“Füzulidən çıxanda balaca uşaqlar idik. Həyatımızın travmasını yaşadıq. Müharibə gördük, itkilər gördük. Başımıza gəlməyən qalmadı, köçkün həyatı yaşadıq.

Bu gün bizim üçün həm də ona görə özəldir ki, Füzuliyə qayıtmaq atamın da ən böyük arzusu idi. O bu arzu ilə köçdü dünyadan. Bu gün onun da arzuları çin olur.

Metronun “20 Yanvar” stansiyası yaxınlığındakı yataqxanada yaşamışıq. Bu gündən isə öz evimizdə, öz yurdumuzda firavan yaşayacağıq.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu mərhələdə daha 39 ailə (140 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Füzuli şəhərində 783 ailənin, yəni 2 979 nəfərin daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

Bənzər xəbərlər

Gündəm

0.060735940933228