ABŞ Konqresində anti-Azərbaycan düzəlişlər səsvermədən kənarlaşdırıldı

ABŞ Nümayəndələr Palatasının Qaydalar Komitəsi FY2026 Müdafiə Səlahiyyətləri Haqqında Qanuna (NDAA) təqdim edilən anti-Azərbaycan məzmunlu iki mühüm düzəlişi gündəliyə daxil etməyib.
Mozalan.az musavat.com-a istinadla xəbər verir ki, söhbət Konqresmenlər Frenk Pallone (D-NJ) və Qas (Gus) Bilirakis (R-FL) tərəfindən irəli sürülmüş təkliflərdən gedir. Onlardan biri ABŞ Prezidentinin 907-ci düzəlişi dayandırmaq səlahiyyətlərini ciddi şəkildə məhdudlaşdırmağı, digəri isə Pentaqondan hər il “Azərbaycanın Ermənistanın suverenliyini tanıdığı” barədə xüsusi təsdiq tələb etməyi nəzərdə tuturdu. Hər iki düzəliş “made in order” siyahısına salınmadığından səsverməyə çıxarılmayacaq və qanunvericilik prosesindən kənarda qalacaq. Bu qərar erməni lobbi təşkilatlarının geniş kampaniyalarına rəğmən qəbul olunub və Vaşinqtonda anti-Azərbaycan istiqamətli addımların qarşısının alınması kimi qiymətləndirilir.
Qaydalar Komitəsinin qəbul etdiyi qayda yalnız məhdud sayda dəyişikliklərin plenar müzakirəyə çıxarılmasına imkan verir. Məhz bu səbəbdən Pallone və Bilirakisin təqdim etdiyi düzəlişlər rəsmi şəkildə rədd edilib. Bu fakt hüquqi baxımdan onların uğursuzluğunu təsdiqləyir və Azərbaycanın diplomatik xəttinin effektivliyini göstərir.
Xatırladaq ki, bu qərar ABŞ-Azərbaycan münasibətlərinin son aylarda yüksəlişdə olduğu bir dövrə təsadüf edir. 2025-ci il avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan birgə Bəyanat imzalamışdılar. Həmin görüş ABŞ və beynəlxalq media tərəfindən Cənubi Qafqazda sülh prosesində dönüş nöqtəsi kimi təqdim olunmuşdu. Bu çərçivədə Vaşinqtonun irəli sürdüyü sülh gündəmi, habelə Azərbaycanın ABŞ ilə strateji əməkdaşlığı daha da dərinləşdirmişdi.
Bundan əlavə, Ağ Ev həmin görüşlə eyni xəttdə olaraq 907-ci düzəlişin Azərbaycana yardımla bağlı dayandırılmasını uzadan xüsusi memorandum dərc etmişdi. Bu addım Bakı ilə Vaşinqton arasında təhlükəsizlik və müdafiə əməkdaşlığının davamına geniş imkan açmış, eyni zamanda anti-Azərbaycan təşəbbüslərin qarşısını hüquqi əsasda kəsmişdi.
Beləliklə, Nümayəndələr Palatasının Qaydalar Komitəsində qəbul edilən son qərar Azərbaycanın ABŞ Konqresində daha bir siyasi uğuru kimi qiymətləndirilir. Anti-Azərbaycan xarakterli düzəlişlərin səsverməyə buraxılmaması həm iki ölkə münasibətlərində yeni mərhələni möhkəmləndirir, həm də Ağ Evin 8 avqustda imzalanmış sülh gündəmi ilə tam şəkildə üst-üstə düşür.