Apr 20

Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - “Kaspi”nin ŞƏRHİ + FOTO

Qanunsuz pulların “yuyulması” ilə ad çıxarmış, Azərbaycan ərazisində qanunazidd fəaliyyət göstərən cinayətkar xuntanın “rəhbərliyi”ndə təmsil olunaraq separatçılığa dəstək verən Ruben Vardanyanın Nobel mükafatına namizəd irəli sürülməsi erməni xalqının növbəti tragikomediyasının təzahürüdür. Bir qrup şəxs və qurumun təşəbbüskarı olduğu bu avantüranın əsas niyyəti Nobel mükafatı deyil, Vardanyanı Azərbaycanın ədalət mühakiməsindən “xilas” etməkdir. Bioqrafiyasının böyük hissəsi şübhəli maliyyə əməliyyatları ilə dolu olan bir şəxsin belə bir nüfuzlu mükafata namizəd kimi irəli sürülməsi qeyri-ciddi addım olmaqla yanaşı, həm də istehza doğurur. Təşəbbüsə imza atanların arasında vaxtilə Nobel mükafatına layiq görülmüş şəxslərin olması avantüraya əlavə sarkazm çalarları qatır.

Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

“Ölüm taciri” və erməni çirkli pullar mütəxəssisi

Həyatını qanunsuz pullara qanuni don geyindirməyə həsr etmiş fırıldaqçının, dünya irsinin qorunmasına heç bir töhfəsi olmayan, yalnız erməni saxtakarlığının məhsulu olan “kilsə təmiri”nə vəsait ayırmış şəxsin Nobel sülh mükafatına namizəd görülməsi gülüş doğurur. Özü də yalnız bizdə deyil. Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobelin adını daşıyan nüfuzlu mükafat və Azərbaycana qarşı cinayət əməlləri törətmiş, qaranlıq fəaliyyətlə ad çıxarmış erməni milyonçu...

Əslində, sözügedən mükafatın tarixində belə qeyri-ciddi misallar az deyil. Nitroqliserinin diatomitə hopdurulması ilə hazırlanan partlayıcı növü - dinamiti kəşf etməklə “ölüm taciri” adını almış Alfred Nobelin təsis etdiyi mükafatın tarixi belə ciddiyyətdən kənar namizəd və qaliblərlə boldur. 1901-ci ildə fransız şair Arman Sülli-Pridom sınmış gül qabı haqqında şerinə görə Nobelə layiq görülüb. Alternativi olan Lev Tolstoy isə əliboş qalıb. Tolstoy düz altı il dalbadal bu ada irəli sürülsə də, arzusuna çatmayaraq bir daha namizəd görülməkdən imtina edib.

1973-cü ildə ABŞ-nin sabiq dövlət katibi Henri Kissincerlə Şimali Vyetnamın lideri Le Dık Txo “Vyetnam müharibəsinə son qoyduqlarına görə” bu ada layiq görülüblər. Ancaq müharibə hələ iki il davam edib, onminlərlə qətlə səbəb olub və yalnız 1975-ci ildə bitib. 1976-cı ildə Nobelə layiq görülmüş məşhur iqtisadçı Milton Fridman bundan bir il öncə çilili diktator, əlləri minlərlə dinc sakinin qanına batmış Aqusto Pinoçetə məsləhətlər verib. 2000-ci ildə İsveçrə parlamentinin deputatı qarət məqsədi ilə dörd nəfəri qətlə yetirmiş, cinayətkar qrupun başçısı, “Tuki” ləqəbli Stenli Uilyamsın namizdəliyini Nobel mükafatına irəli sürüb. Özü də bir dəfə deyil - düz doqquz il dalbadal. Səbəb? Ağlı başına həbsxanada gələn Uilyams dəmir barmaqlıqlar arxasında uşaq kitabları yazmağa başlayıb və hətta “ABŞ prezidenti mükafatı”na layiq görülüb (!?).

“Ərəb baharı” və Obama

2009-cu ildə Nobel mükafatını eks-prezident Barak Obamaya veriblər. Bütün dünya bilir ki, ABŞ-nin “Ərəb baharı” adını almış və yüzminlərlə həyata bais olmuş geosiyasi oyunu məhz Obamanın dövründə gerçəkləşdirilib. Liviyanın bombalanması, Suriyada silahlı müxalifətə dəstək göstərilməsi, Bin Ladenin məhkəməsiz aradan götürülməsi Obama hakimiyyətinin “nailiyyətlər”idir. Təsadüfi deyil ki, Nobel sülh komitəsinin ovaxtkı sədri Tornbörn Yaqland sonra deyəcəkdi: “Obamaya səs verərkən komitə üzvləri sanki sərxoş idilər”.

Nobel mükafatının tarixi belə istehza və ikrahdoğurucu misallarla boldur. Biri də olsun Ruben Vardanyanın namizədliyi ilə bağlı. Ermənilər bu yolla diqqəti Vardanyana yönəldə biləcəklərinə ümid edə bilərlər. Ancaq cinayətkarın Azərbaycanın ədalət mühakiməsindən qurtula biləcəyinə ümid etmək ermənilərin və himayədarlarının növbəti xülyasıdır.

Məntiqlə dostluq etməyi xoşlamayan xalq

Ermənilərin bir xalq olaraq məntiqlə dostluq etmədikləri sirr deyil. Öz başlarına açdıqları bəlaların da əsas səbəbi budur. Bu, artıq başqa məsələdir ki, erməni yalanları və məntiq kasadlığına dünyada inananlar, daha dəqiqi, bundan yararlananlar var. Müasir Ermənistanın Azərbaycan torpaqlarına iddialarının heç vaxt hüquqi və tarixi əsası olmayıb. Bu xalq gah Qərbin - Avropanın, gah da Rusiyanın əlində türklərə və müsəlman dünyasına qarşı dəyənək olmaqla başqalarına məxsus olanları qoparmaq, özününküləşdirmək istəyib.

30 il ərzində dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal faktına göz yumub. Beynəlxalq hüququn tələb və prinsiplərinin məntiqinə qarşı çıxmaqla.

Keçmiş SSRİ-nin bir respublikasından ovaxtkı konstitusiyaya zidd olaraq digərinin tərkibinə keçmək istəyən separatçılar bunun mümkünsüzlüyünü görüb yarıyolda özlərini “müstəqil” elan ediblər. Buna baxmayaraq, Azərbaycanın suveren ərazilərinin bu parçasının Ermənistana “məxsusluğu” hələ də bu ölkənin konstitusiyasında öz əksini tapır. Keçmiş Azərbaycan SSR-in vətəndaşı olan, özlərini separatçı qurumun “liderləri” elan edən şəxslər müasir Ermənistan qanunvericiliyinin tələblərinə zidd olaraq, bu ölkənin başına keçiblər. Beynəlxalq vasitəçilər - BMT TŞ-nin üç daimi üzvünün moderatorluğu ilə 30 il boyunca aparılan danışıqlarda separatçıları Robert Koçaryan və Serj Sarqsyanın başçılığı ilə Ermənistan təmsil edib. Bütün bu məntiqsizlikdə dünyanın da öz məntiqi olub: ermənilərdən istifadə etməklə siyasi və iqtisadi maraqları reallaşdırmaq, türklərə qarşı tarixi ədavəti davam etdirmək. Odur ki, çirkli pulların yuyulması üzrə “mütəxəssis” olmuş Ruben Vardanyanın Nobel mükafatına namizəd göstərilməsində qeyri-adi heç nə axtarmamalıyıq. Nə vaxtsa terrorçu, uşaq qatili, Xocalı soyqırımının ideya müəllifləri və icraçılarından olan Koçaryan və ya Sarqsyanın da nominant ola biləcəklərinə təəccüb etməməliyik. Səbəb məlumdur: erməni məntiqsizliyinin məntiqi.  

Bənzər xəbərlər

Gündəm

0.02687406539917