Apr 08

Korrupsiyaya uğrayan Avropa Komissiyası: Ursula fon der Lyayenin şübhəli maxinasiyaları - ŞƏRH + FOTO

Adı korrupsiya və digər qalmaqallarda hallanan Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Brüssel görüşündən dərhal sonra sərt ittihamlarla üzləşib. Necə deyərlər, “Brüssel uğuru”nu qeyd etməyə macal tapmamış ünvanına sərt korrupsiya ittihamları səslənib. İttiham isə kifayət qədər ciddidir. Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo Avropa Komissiyasının sədrini korrupsiya sxemi yaratmaqda, dələduzluqda ittiham edib. F.Filippo konkret olaraq onun bu sxem üzrə yol verdiyi qanunsuzluqları sadalayıb.

Məlumat üçün bildirək ki, az əvvəl “Liberation” nəşri də sensasiyalı sayıla biləcək ittihamlarla çıxış edib və yazıb ki, fon der Lyayen partiyadaşı Markus Piperi Avropa Komissiyasında kiçik və orta müəssisələr üzrə müşavir postuna təyin edib. Qəzetin yazdığına görə, AK sədri bu postu öz korrupsiya əməllərini reallaşdırmaq üçün təsis edib. Yaxın adamını bu posta təyin etməklə yanaşı, ona aya 20 min avro maaş təyin edilməsinə də nail olub. Qeyd olunur ki, bu, ilk belə hal deyil. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen öz yaxın dostlarının, xüsusən də alman soydaşlarının komissiyada rəhbər postlara təyin edilməsinə çalışıb.

Görünən odur ki, Avropa Komissiyası mahiyyət etibarilə korrupsiyaya uğramış bir sistemdir. Çünki böyük məbləğdə vəsait alır, genişmiqyaslı səlahiyyətlərə malikdir. Ona görə də fransalı partiya sədri ədalətin bərqərar olmasına, ölkəsinin Avropa İttifaqından (Aİ) çıxmasına çağırış edib. Partiya liderinin fikrincə, AK rəhbərini hakimiyyətdən uzaqlaşdırmaq və Avropa İttifaqını mümkün qədər tez məhv etmək lazımdır.

“Avropa İttifaqı dünyada ən çox korrupsiyaya uğrayan maşındır”, - deyə o fikrini tamamlayıb.

Beləliklə, Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaq kampaniyasında əsas rollardan birini oynayan Avropa Komissiyasının rəhbərinin özünün başı dərddədir. İttiham da kifayət qədər ciddidir. Özü də bu, Ursula fon der Lyayenə qarşı səslənən ilk ittiham deyil.

Bundan əvvəl onun koronavirus peyvəndi alınması zamanı qanun pozuntularına yol verdiyi bildirilmişdi. Bu barədə “Politico” Lyej (Belçika) prokurorluğunun nümayəndəsinə istinadən məlumat yaymışdı. Nəşrin məlumatına görə, Aİ prokurorları fon der Lyayenlə bağlı araşdırmalara bir neçə ay əvvəl başlayıb. Söhbət AK rəhbəri ilə əczaçılıq şirkətinin baş direktoru Albert Bour arasında “Pfizer” vaksinlərinin alınması ilə bağlı danışıqlardan gedir. Sənədlərə əsasən, hüquq-mühafizə orqanları “dövlət funksiyalarına müdaxilə, SMS-lərin silinməsi, korrupsiya və maraqların toqquşması” kimi sübutları yoxlayır. “Politico” qeyd edir ki, Aİ prokurorları tərəfindən fon der Lyayenə hələ də rəsmi ittiham irəli sürülməyib.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Macarıstan da işə qoşularaq AK rəhbərinin vaksin danışıqlarındakı rolu ilə bağlı şikayət verib. Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ təsisatlarının acizlik və zəiflik nümayiş etdirdiyini, ittifaqın rəqabət qabiliyyətinin zədələndiyini bildirib. Məqalədə qeyd edilir ki, Polşa ötən il də analoji şikayətlə müraciət edib, lakin Baş nazir Donald Tusk hökuməti hakimiyyətə gəldikdən sonra şikayəti geri götürüb.

Bundan əlavə, 2023-cü ilin fevralında ABŞ-nin “New York Times” qəzeti Avropa Komissiyasının sədri ilə “Pfizer” şirkətinin baş direktoru arasında COVID-19 vaksinlərinin alınması ilə bağlı yazışmaları dərc etməkdən imtina etdiyinə görə quruma qarşı iddia qaldırıb.

Əksər qərbli müşahidəçilər hesab edirlər ki, AK-yə rəhbərlik müddətində Ursula fon der Lyayen vəzifələrini yerinə yetirə bilmədi. Əksinə, o, özünü sadə insanların taleyinə əhəmiyyət verməyən biganə Avropa bürokratı kimi göstərdi.

“Bild” qəzeti isə öz mənbələrinə istinadən xəbər verib ki, Avropa Komissiyasının rəhbəri ikinci müddətə namizəd olmaq niyyətini elan etməyi planlaşdırır. 2019-cu ildən AK prezidentinin vəzifəsini icra edir və onun səlahiyyətləri bu il başa çatır.

Yeri gəlmişkən, xüsusi vurğulamaq lazımdır ki, bundan əvvəl aralarında Avropa Parlamentinin sədr müavini Yeva Kaylinin də olduğu dörd nəfər həbs edilib. KİV-in məlumatına görə, istintaqa cəlb edilən bütün müttəhimlər rüşvət almaqda ittiham olunublar.

Avropalı parlamentarilərə külli miqdarda rüşvət verən erməniəsilli digər oliqarx Vartan Sirmakesdir. İsveçrə vətəndaşı olan Sirmakes Qarabağın işğalı dövründə orada bank sektoru, kənd təsərrüfatı, mədənçilik kimi müxtəlif sahələrdə tamamilə qeyri-qanuni ticarət fəaliyyəti həyata keçirib, Azərbaycanın sərvətlərini talamaqla öz biznes imperiyasını genişləndirib. Ermənistanın Marseldəki keçmiş baş konsulu Vartan Sirmakes qazandığı pullar hesabına Avropa Parlamentinin deputatlarına rüşvət və bahalı hədiyyələr paylamaqla həm Ermənistanın, həm də şəxsi merkantil və biznes maraqlarını qorumaq üçün dəstək qazanmağa çalışıb.

Ümumilikdə, Avropa Parlamentindəki korrupsiya qalmaqalında 70-ə yaxın deputatın adı hallanıb. Müşahidəçilər də bildirirlər ki, əgər Avropa Parlamentində bu səviyyədə korrupsiya mexanizmi yaradılıbsa, yerli parlamentlərdə də vəziyyətin eyni olduğu şübhəsizdir. Azərbaycan əleyhinə fəaliyyət göstərən Avropa Parlamentinin deputatlarının əksəriyyətinin Fransadan olması da təsadüf deyil.

Bütün bunlar onu deməyə əsas verir ki, iyun seçkiləri ərəfəsində korrupsiya qalmaqalları davam edəcək. Ortaya yeni-yeni faktların çıxacağı da istisna edilmir.

“Report” İnformasiya Agentliyi

Bənzər xəbərlər

Gündəm

0.024716138839722