30 ildən çox axtarışda olan terrorçu qadın Berlində ələ keçdi - FOTO
Almaniyanın paytaxtı Berlində solçu “Qırmızı Ordu Fraksiyası” (RAF) partiyasından olan terrorçu Daniela Klette saxlanılıb.
Qeyd olunub ki, qadın Almaniya hüquq-mühafizə orqanları tərəfindən 30 ildən çoxdur axtarılır.
65 yaşlı Klette Kreuzbergdəki yaşayış binasında həbs edilib. Klette həbs zamanı heç bir müqavimət göstərməyib. Mənzildə silah-sursat aşkar edilib, başqa adla verilmiş İtaliya pasportu götürülüb.
Klette və digər terroristlər Ernst-Folker Ştaub və Burkhard Qarveq 1993-cü ildə Vayterştadt həbsxanasında partlayış törətməkdə günahkar biliniblər. Bundan əlavə, Verden məhkəməsi 1990-2016-cı illər arasında törədilmiş bir sıra digər ağır cinayətlərə görə hər üçü barəsində həbs qərarı çıxarıb. Bunlara bir neçə uğursuz terror hücumu, quldurluq, həmçinin silahlı hücumlar və adam öldürməyə cəhd daxildir.
Kletteyə hansı cəzanın veriləcəyi isə hələlik məlum deyil.
Mənbə: Bild