Feb 24

Niyə toy biznesi çöküb? - FOTO

Əvvəllər hər gün toy edənlərin sədasını eşidirdik. Hər binanın qarşısında toy korteji düzülür, “Vağzalı” çalınırdı. Tez-tez açıq məkanda fotosessiya etdirən bəy-gəlin görürdük. Təbii ki, bu da toy biznesini ən gəlirli sahəyə çevirirdi.

Koronavirus (COVID-19) pandemiyası zamanı ölkədə toyların keçirilməsində müəyyən qədər fasilə yarandı. Nəticədə bu biznesə pul yatıran sahibkarlar ciddi problemlərlə üzləşdilər.

Qadağalar çoxdan ləğv olunsa da, son zamanlar ölkədə toyların sayı azalıb. İndi əvvəlki kimi nə kortej var, nə də toy...

Sahibkarlar böhrandan çıxış yolu tapmaq üçün toylarla bağlı qadağadan sonra şadlıq saraylarında qiymətləri artırdılar.

İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) isə məlumat verilib ki, apardıqları monitorinqə əsasən, 2024-cü ilin yanvar ayında şadlıq saraylarında qiymətlər 5,6 faiz artıb.

Xüsusən, 40 manatadək olan menyularda qiymət daha çox (6,2 faiz) artıb. Qiyməti 40-80 manat olan menyuların qiyməti 5,8 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4,9 faiz artım qeydə alınıb.

Ümumilikdə istehlak bazarında ən yüksək qiymət artımları yenə də qida məhsullarında qeydə alınıb.

Bu, ərzaq tələbinin yüksəlməsi və idxal inflyasiyasının hələ də aktiv olması ilə əlaqələndirilir.

Ərzaq məhsulları üzrə illik inflyasiya 2,5 faiz olub.

Bir neçə şadlıq sarayı ilə əlaqə saxladıq. Bildirildi ki, sifarişləri əvvəlki kimi deyil.

Nəzərə alsaq ki, martın 11-də Ramazan ayı başlayır və toy edənlərin sayı tamamilə azalacaq. Demək ki, sahibkarların böhranla üzləşməsi daha da kəskinləşəcək.

Niyə toy biznesi böhranla üzləşib?

İqtisadçı-ekspert Eldəniz Əmirov Mozalan.az-a açıqlamasında bildirib ki, hazırda qlobal böhran, inflyasiyanın son illərlə müqayisədə daha yüksək səviyyədə olması və koronavirus (COVID-19) pandemiyasının təsirləri restoran, xüsusilə toy biznesinə mənfi təsir edib:

“Pandemiya toy biznesinə elə bir zərbə vurdu ki, göstəricilər 2019-cu ilə qayıda bilmir. İnsanlar da toyun formatında fərqlilik edirlər. Fikrimcə, yaxın 10-15 ildə Azərbaycanın öyrəşdiyi toy formatı dəyişəcək”.

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, toy biznesinin çökməsinin müxtəlif səbəbləri var:

“Belə ki, ən əsas səbəb son dövrlərdə nikahların sayının azalmasıdır. 2023-cü ildə 54 min nikah qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 15 faiz azalma deməkdir. Nəticədə bu xidmətlərə tələb aşağı düşür.

Digər məsələ inflyasiyadır ki, iaşə xidməti qiymətlərini artırır. Çünki inflyasiyanın ən çox hiss olunduğu seqment ərzaq məhsullarıdır. Bu da iaşə xidmətlərində maya dəyərinin formalaşmasında əsas rol oynayır. İnsanların da bu xidmətlərdən istifadə imkanları azalır”.

Ekspert bildirib ki, rəqabət və dəbdəbənin artırılması, böyük investisiyalar edilməsi və qaytarılması məqsədilə daha böyük mənfəət normalarının tətbiqi qiymətlərin yüksək olmasına gətirib çıxarır:

“Bu da əhalinin gəlirlərinə münasibətdə adekvat deyil. Belə olduğu təqdirdə daha qənaətcil seçim edirlər. Məsələn, 2015-ci ildə devalvasiyadan sonra vətəndaşlar mühərrik həcmi daha az olan maşınlar seçdilər.

Koronavirus (COVID-19) pandemiyasından sonra nikah ənənələrində fasilə yaranması və insanların savadlılıq səviyyəsi artdıqca, bu kimi məqsədlərə çox pul xərcləməyin düzgün olmadığını anlayırlar və bu xidmətlərdən imtina edirlər”.

R.Həsənov əlavə edib ki, azərbaycanlı investorlar daha effektiv sahələrə yatırım etməlidir:

“Ölkəmizdə bu sahəyə yatırım dünyanın heç yerində görünməyən qədər böyükdür. Əlavə dəyər yaradan sahələrə investisiya edilməsi daha uyğun olardı. Məsələn, növbəti dövrlərdə mənzil şəraitinin yaxşılaşdırılması kimi məqsədlərə investisiya qoymaq daha yaxşı olardı”.

İlhamə Əbülfət

Bənzər xəbərlər

Gündəm

0.01742696762085