Feb 22

Bakı milyonçusunun “dördüncü mənzili”, 20 nəfərin sümüyü bir qəbirdə - Darmadağın məzarlıqdan REPORTAJ + FOTO

Fotoqraf əməkdaşımızla Azərbaycan sahibkarı, milyonçu, neft hasilatçısı və xeyriyyəçi olmuş Ağa Musa Nağıyevin də məzarı olan qəbiristanlıqdan reportaj hazırlamaq üçün yola düşürük.

Yolboyu məzarlığın ünvanını bir neçə şəxsdən dəqiqləşdirir, nəhayət mənzilbaşına çatırıq.

Bura Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən köhnə qəbiristanlıqdır.

Elə milyonçunun məzarı da qəbiristanlığın düz girişindədir. Ətraf isə çox səliqəsiz... Bu “son mənzil” o hamının dediyi əbədi hüzurdan çox uzaqdır. Girişdəki hasar uçulub, sanitar qovşağın isə sanitariyadan xəbəri yoxdur...

Fotoqraf milyonçunun məzarını və baxımsız qalan qəbiristanlığın şəklini çəkən zaman bir axund bizə yaxınlaşıb burada nə üçün şəkil çəkdiyimizi soruşur.

Baxımsız qalan qəbiristanlıq barədə çəkiliş etdiyimizi deyirik.

Axund: “Düz edirsiniz, hər tərəfi çəkin, zəhmət olmasa. O qədər baxımsızlıqdır ki... Dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə, bələdiyyəyə müraciət etmişik, amma bir faydası olmayıb”, - deyir.

O, əli ilə qəbiristanlığın yuxarı tərəfini göstərrir: “Elə məzarlar var ki, uçub-dağılır. Ayağını torpağa basanda haraya düşəcəyin bilinməz”.

Niyə milyonçunun bir neçə sümüyü qalıb?

Axund bir qədər susur və daha sonra Ağa Musa Nağıyevin məzarına baxıb söyləyir: “Dörd dəfə məzar yeri dəyişilib. Milyonçunun sonuncu mənzilinə bir neçə sümüyü yerləşdirilib. O qədər yer dəyişdirilən zaman sümük qalar?!. Burada haranı qazsanız, insan sümükləri çıxacaq. Hətta çoxları itib-batıb...”

Mən tez ad-soyadını soruşuram və mikrofona danışmağını xahiş edirəm. Amma o bununla razılaşmır və şəkli çəkilmədən bizə qəbiristanlıq, buraya köçürülən qəbirlər barədə danışmaq istədiyini bildirir. Razılaşıram. Çünki mən də bura haqqında tam məlumatlı deyiləm.

“Elə qəbir var ki, 20 insanın meyitinin qalıqları oradadır”

O deyir ki, qəbiristanlıq 1943-cü ildən salınsa da, dəfn olunanların sayı 1956-cı ildən sonra artıb:

“İndi buranı hər kəs Binəqədi rayonu, Biləcəri qəsəbəsində köhnə qəbiristanlıq kimi tanıyır. Amma əvvəllər bura “Köçürmə” qəbiristanlıq adlandırılıb. O vaxt Biləcəri Dəmiryol Stansiyası üçün tunel qazılan zaman oradakı qəbiristanlıq layihəyə düşüb.

Oradakı məzarlar indiki qəbiristanlığın yuxarı hissəsinə köçürülüb. Hamı öz yaxınının sümüklərini torbalara yığıb, burada basdırıb. Adamlar neçə qəbir qazıblar... Hətta elə qəbir var ki, 20 insanın meyitinin qalıqları bir yerə qoyulub. Mənim babam bacılarının, atasının, anasının sümüklərini bir yerdə basdırıb”.

Burada tək müsəlmanların deyil, xristianların da məzarları yerləşir. Ən çox da tatarların qəbirləri dağılıb.

Bəs bir qəbrin torpağa qarışması üçün nə qədər zaman lazımdır?

Heydər məscidinin imamı Rüfət Qarayev Mozalan.az-a açıqlamasında bildirib ki, dinimizdə zərurət olmadan qəbiristanlığın, qəbrin köçürülməsi məqbul hesab edilmir:

“Çünki qəbiristanlığı, qəbri biz istədiyimiz zaman köçürmək qərarı verməklə ölülərə hörmətsizlik etmiş olarıq. Şəriət, sadəcə, istisna vəziyyət kimi köçürməni qəbul edir. İslamda müsəlman qəbri yerdən dörd barmaq hündürlükdə və üstündə başdaşı ola bilər. Qəbirlərin torpağa qarışması üçün dəqiq neçə ilin, əsrin gərək olduğunu demək düzgün deyil.

Amma illər keçdikcə rəhmətə gedən şəxslərin nəticələri, kötücələri daha az ziyarət edəcəklər və məzar itib-batacaq. Məsələn, kiminsə torpağa basdırılmasının üzərindən bir əsr vaxt keçibsə, onun yerində bağ salına bilər, bina tikilə bilər. Çünki həmin şəxsin sümükləri torpağa qarışıb. Əgər hansısa iş zamanı həmin torpaqdan sümük çıxarsa, onu toplayıb, başqa yerdə basdırmaq olar”.

Şəhidlərin bədənini çürümürsə, ancaq qəbiristanlıq köçürülərsə, hansı addım atılmalıdır?

R.Qarayev vurğulayıb ki, əgər qəbiristanlıq köçürülərsə, onların qəbirlərinin daşınmaması daha doğrudur:

“Peyğəmbərimizin hədislərinə baxdığımız zaman şəhidlərin bədəninin çürümədiyi bildirilir. Eyni zamanda, xüsusi tədqiqat aparan, Allah qatında olan məqamlarına görə, alimlərin də vücudlarının çürümədiyi deyilir. Əgər qəbiristanlıq köçürülərsə, belə qəbirlər daşınmamalıdır. Ehtiram əlaməti olaraq, onların üzərinə türbə tikilib, saxlanıla bilər.

Məcburiyyətdən köçürülərsə, aparıldığı yerdə də onların qəbirləri üzərində türbə salına bilər. Oraya gələn şəxslərin cənazə sahiblərini xoş dualarla anması, ziyarət etməsi məqbul olan əməllərdən sayılır”.

Bir neçə nəfər eyni yerdə dəfn edilə bilərmi?

İlahiyyatçı qeyd edib ki, bir qəbirdə bir neçə şəxsin dəfn edilməsi doğru deyil:

“Bir məzar qazıb, içinə beş, altı, iyirmi nəfərin sümüyünü qoymaq məqbul hesab edilmir. Buna ixtiyarımız da yoxdur. Bəzən sual verirlər ki, atamın qəbrində anamı dəfn edə bilərəmmi? Təbii ki, yox. Qəbrin yarım, bir metr məsafəsində digər şəxs dəfn edilə bilər. Yaxud bir qəbir iki-üç metr dərinlikdə qazılıb, arasında 40-50 santimetr məsafə ilə ikinci şəxs dəfn oluna bilər”.

...Qəbiristanlıqdan çıxarkən axunddan bir maraqlı məqamı da soruşuram: vəfat edənin dırnağı və saçı gec çürüyür, səbəbi nədir? Deyir ki, insanın saçı ilə dırnağında ruh olmur...

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Bənzər xəbərlər

Gündəm

0.087593078613281