Feb 05

Uca göylərin mehrabı eşqdir, yoxsa telefon?

Kubra Məhərrəmova yazır...

Texnologiyanın inkişafı, tərəqqisi günü-gündən daha da sürətlənir. Süni intellekt artıq həkimlərdən daha yaxşı və dəqiq diaqnoz qoyur, ən uyğun müalicə protokolunu təqdim edir, həkimin gözündən yayına bilən məqamları gözdən qaçırmır.

Çində restoranlarda robot ofisiantlar peyda olur, fabriklərdə robotlar istehsalat zəncirinə rəhbərlik edir. Dubayda uçan avtomobillər sınaqdan keçirilir. İlon Mask isə Marsa köç planlayır. Hətta insanlıq tarixində ilk dəfə olaraq insanı belə çipləyir.

Bütün bunlar fantastik film kimi görünsə də, günümüzün reallığının bir hissəsidir.

Əslində maraqlıdır, süni intellektin görəsən cinsi olacaqmı? Onun intellekti qadın kimi emosional olacaq, yoxsa kişininki kimi strateji. Əgər özündə hər iki cinsin xüsusiyyətlərini əks etdirəcəksə, görəsən onların övladı olacaqmı? Yaşadığımız dünya kimi qəribə və maraqlı suallardır, deyilmi?

Əvvəllər uşaqların ailədə çox olmasının ən başlıca səbəbi iqtisadi əsaslar idi. Çox uşaq, çox əmək qüvvəsi demək idi. Maldarlıq, əkinçilik və s. kimi təsərrüfatla yaşayan kütlə üçün bu vacib amil idi.

Zaman keçdikcə, elmi-texniki tərəqqi inkişaf etdikcə insan gücünə, resursuna da zəruri ehtiyac qalmır.

Hər gün daha yeni versiyada sürücüsüz avtomobillər, qatarlar, PUA-lar və s. yaradılır, istehsal edilir.

Evdə iş görəcək robotların da təqdimatı durmadan artır. Elə bu videoların birinə baxanda düşünürsən ki, deyəsən əvvəlin sonuna çatmışıq...

Məsələn, birinin işi digərindən keçəndə istər-istəməz onunla ünsiyyət qurmalı olur. Bəzən də bu adi ünsiyyət dostluğa, daha emosional səviyyəyə, sevgiyə, hətta yeni bir ailənin yaranmasına belə vəsilə ola bilir. Amma...

İndi təsəvvür edək ki, 10 ilə bütünlüklə məişət işlərini robotlar görəcək, həkimlər, sürücülər robot olacaq. Bu zaman ortaya maraqlı sual çıxır, insanın bu robot dünyasında yeri olacaqmı? Bu mərhələdən sonra insanın ünsiyyətə, hansısa məsələyə görə xahiş etməsinə ehtiyac olacaqmı? Yoxsa sadəcə müəyyən olunmuş sistem bütün hadisələri nəzarətində saxlayacaq?

İnsanın baş verən hadisələrə görə qərar vermək hüququ olacaqmı?

İnsanlar öz hüquq və azadlıqlarını müəyyən edə biləcəklərmi?

Yoxsa hər şeyi robotların (maşınların) ümidinə qoyub gedəcəklərmi?

Və ən vacibi, insanların ailə qurmağa, sevgi oyunu oynamağa ehtiyacı olacaqmı?

Madam ki, qadına bazarlıq edəcək, maşın sürəcək, təmir işləri aparacaq və məişətdə ağır işləri görəcək robotlar olacaqsa, kişi qüvvəsinə ehtiyacı olmayacaqsa, həmçinin kişinin də evi yığışdırmaq, pal-paltarı yuyub-ütüləmək, yemək bişirmək üçün qadına ehtiyacı olmayacaqsa qadın-kişi münasibəti necə tənzimlənəcək?

Hər şeydən əvvəl bu münasibətlərdə qarşılıqlı faydalanma şərti durub. Artıq bu iki cinsin bir-birindən işi keçməyəcəksə, niyə onlar ünsiyyət qursunlar ki? Cinsi marağı nəzərdə tutursunuzsa, artıq onun da daha rahat versiyaları meydana çıxıb. İnsan bədəninə oxşayan lateks gəlinciklər və s.

Nə qədər də desək ki, “eşqdir mehrabı uca göylərin”, anlaşılan odur ki, ailə institutu ilk növbədə öhdəliklərin birlikdə yerinə yetirilməsi və iqtisadi cəhətdən daha dayanıqlı olmaq üçün meydana çıxan mexanizmdir. Və artıq bu gün bu mexanizmin işləmədiyini görürük.

Qadınlar daha güclüdür (fiziki-mənəvi), özü qazanır, idmanla məşğuldur, avtomobil idarə edir, biznesi var, pilotluq edir, kosmosa uçur.

Kişi də daha müstəqil, ailədən asılılığı olmayan, məişət qayğılarını qadının köməyi olmadan asanlıqla həll edə bilən, azad və güclü vahidə çevrilir.

Bu iki cinsin bir-birinə ehtiyacı get-gedə azalır. Və bu həyatın bütün sahələrində özünü ehtiva edir. Bu gün kişinin-qadına və ya əksinə qadının-kişiyə maddi-mənəvi ehtiyacı XX əsrin əvvəlindəki kimi yüksək deyil.

Son tədqiqatlar da təsdiq edir ki, insanlar get-gedə daha çox tək olmağa, tək yaşamağa üstünlük verirlər. Düzdür, konservativ ŞƏRQ hələ də çoxuşaqlılıq və ailə institutunun dağılan son daşlarından yapışmağa çalışır. Amma və lakin bütün dünyanı cənginə alan “ümumdünya hörümçək toru” artıq Şərqlə-Qərbin sərhədlərini məhv edərək, onları ümumi qazana töküb qaynadır.

Bəli, sosial şəbəkələr, robotlaşan dünyanın əsas elementi olaraq, sanki hər bir fərdə sonsuz imkanlar verir. Onu fərd olaraq digərlərinə təqdim edir. Və insan artıq özünü “fenomen” hiss edir. Sabun köpüyü qədər dayanıqlığa malik “fenomen”ə çevrilir.

Bu fenomenlər fonunda insanlıq öz ilkin təyinatından qaçaraq başqa dünyaya düçar olur. Narkotik asılılığı kimi. Virtual dünyanın, süni intellektin, kompüter və s. insanlığa verdiyi ən böyük paradoks da budur.

“Hörümçək toruna” düşən hər bir istifadəçi ekranda gördüyü qadını və ya kişini real qəbul edir. Və real dünyadakı qadın və kişilər onun üçün mahiyyətini itirir. Çünki smartfon və cihazların ekranından baxan qadın daha cazibədar, gözəl və mükəmməl bədən quruluşuna malikdir. Eynilə oradan boylanan kişilər daha uğurlu, varlı və nüfuzludur.

Və real dünyada orta statistik insan belə qadın və ya kişiylə üzləşmir. Çünki adi insanın sosial statusu, yaşayış tərzi, işlədiyi ortam və s. başqa həqiqətləri əks etdirir. Amma virtual dünya ona, onun arzularının qadınını və ya kişisini bağışlayır. Onun arzu etdiyi dünyanı yaradır və onu orada həbs edir. Və insanlıq təkliyə üz tutur. Öz arzularının yaratdığı, virtual dünyanın da bəxş etdiyi qeyri-müəyyən reallıqla yaşamağa başlayır.

Dofamin asılılığı onu daha çox sosial şəbəkələrdə olmağa məcbur edir. Sanki narkotik vasitə kimi hər gün daha çox qəbul etməyə başlayır. Və real insanlar, dünya, həyat onun üçün sönük və maraqsız olur. Süni intellektin təqdim etdiyi görüntülər, səslər, təəssüratlar daha xoş gəlir.

Bəziləri bunu şüurlu şəkildə seçirlərsə, çoxları sadəcə tələyə düşürlər. Hər gün daha çox dofamin üçün qısa videolar, fotolar, statuslar, şərhlər ovuna çıxır. Lap ibtidai insan kimi. İbtidai insan ac qalmamaq üçün heyvan ovuna çıxırdı, müasir insan isə dofaminsiz qalmamaq üçün internetdə ova çıxır.

Bəs dofamin nədir?

Dofamin (və ya dopamin) insan beynində yaranan neyromediatordur və beyinə “mükafat” siqnalını bəxş edir. Ona bəzən yanlış olaraq sevinc və ya həzz hormonu da deyirlər.

Dofamin sənə “düz elədin, yenə elə və mən sənə mükafat verəcəyəm” diktəsini edir. Və hər dəfə insan daha çox “mükafat” tələb edir. Və bu narkoloji asılılıq kimi dövr etməyə başlayır. Məhz buna görədir ki, çoxları kompüter oyunlarından, sosial şəbəkə və s. asılılıq yaşayır. Günlərlə yatmayaraq serial və filmlər izləyir, onlayn oyunlarda vaxt keçirir və s. Və yenə də təklik, individuallıq.

Oyunda səhv edərkən, geri qayıdıb həmin etapı yenidən keçə bilmək şansını görən adam, artıq real dünyada heç nə etmək istəmir.

O münasibətlər sistemindən çıxmağı üstün tutur.

Və bu getdikcə çoxalır, böyüyür.

Adicə axşam evinizə göz atın. Ailə üzvlərinin hərəsi bir tərəfdə, əlində ağıllı telefon öz dünyasına sığınır.

Kafe və restoranlara gedən sevgililər də eynilə, hərəsi öz telefonunda. Qonaqlıqlarda, toyda görüşən dost və qohumlar da həmçinin. Hər kəs öz süni intellektin onun üçün seçdiyi video və fotolara baxır. Bəzi psixoloqlar iddia edir ki, boşanma və ayrılmaların əsas səbəblərindən biri də budur. Bəzən isə subay qalanların da səbəbi bu göstərilir. Yalan, ya doğru zamanla biləcəyik.

Təəssüflər olsun ki, artıq bu “hörümçək toru” hər kəsi toruna salıb. Gələcək artıq burada və indidir! Xilas yolu varmı? Siz deyin, necə xilas olaq?

Bənzər xəbərlər

Gündəm

0.027554035186768