Feb 01

Bakıda qanunsuz avtomat və qumbara saxlayan şəxslər tutulub - FOTO/VİDEO

Xətai rayonunda saxlanılan şəxslərdən üç qumbara, üç ədəd “Kalaşnikov” avtomatı və bir ədəd “Makarov” tapançası aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Amin Çərkəzov saxlanılıb. Həmin şəxsdən üç ədəd “F-1” qumbarası aşkar edilib.

Xətai RPİ və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Gündüz Səfərov da qanunsuz silah saxladığı üçün tutulub. Ondan üç ədəd “Kalaşnikov” markalı avtomat və üç ədəd patron darağı aşkar edilib.

Xətai RPİ və 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə tədbir zamanı isə özündə olan silah-sursatı könüllü polisə təhvil verməyən əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Vüqar İsgəndərov da həmçinin əməliyyat yolu ilə saxlanılıb. Ondan “Makarov” markalı tapança, patron darağı, səkkiz ədəd patron və şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkar edilərək götürülüb. Saxlanılan hər üç şəxs əldə etdikləri silah-sursatı satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bənzər xəbərlər

Gündəm

0.13110017776489