Jan 20

Siyasi məhbus həbsxanasına çevrilən Ermənistan - TƏHLİL

Hesablamalara və hesabatlara görə, bu gün Ermənistanda saxta və uydurma ittihamlarla 50-dən çox şəxs siyasi məhbus kimi həbsxanalarda yatır. Baş nazir Nikol Paşinyan siyasi gücündən, çəkisindən qorxduğu, hakimiyyətinə qarşı təhlükə saydığı şəxsləri müxtəlif bəhanələrlə həbsə göndərir. Son dövrlərdə hətta sosial şəbəkələrdə hakim partiyanı tənqid edən şəxslərin də təqib edildiyi məlumdur. Erməni müxalifəti etiraf edir ki, “Mülki müqavilə” hökuməti dövründə ölkədə siyasi məhbus sayı rekord səviyyəyə çatıb. Aparılan sorğular da işin ciddiliyindən xəbər verir. Respondentlərin 49.2 faizi Ermənistanda kifayət qədər siyasi məhbusun olduğunu bildirib. Rəyi soruşulanların 20.1 faizi isə bu suala cavab verməkdə çətinlik çəkib.

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Qərbin ikili standartı

Maraqlıdır ki, insan hüquqlarını qorumaqdan dəm vuran bir sıra beynəlxalq təşkilatlar buna göz yumur, tənqidi fikir səsləndirməkdən vaz keçirlər. Bu isə, hər zaman olduğu kimi, Qərbin ikiüzlü siyasətindən xəbər verir. Azərbaycanda cinayət əməli sübuta yetirilmiş şəxsin həbsi zamanı bəyanatlar yayan bu strukturlar adəti üzrə insan hüquqlarından moizələr oxuyur, müxtəlif platformalara hesabatlar göndərirlər. Ermənistana gəldikdə isə, ağızlarına su almış balığa dönürlər. Dəfələrlə erməni müxalifəti müxtəlif strukturlara müraciət etsə də, cəmi bir dəfə - Avropa Xalq Partiyası “Respublikaçılar” partiyasının sədr müavini Armen Aşotyanın siyasi məhbus olduğu və azadlığının vacibliyi barədə bəyanat səsləndirib.

Ermənistanda həbsxana həyatı yaşayan və siyasi proseslərə dəmir barmaqlıqlar arxasından baxan bəzi siyasi məhbusların kim olduğunu nəzərdən keçirək.

Yuxarıdan hansı əmr gəlsə, icra olunacaq

Ermənistanın sabiq təhsil naziri, “Respublikaçılar” partiyasının sədr müavini Armen Aşotyan hazırkı hökuməti sərt tənqidləri ilə məşhurdur. Elə bu səbəbdən də uzun müddət təqiblərə məruz qalıb. Axırda səbir kasası dolan Paşinyan Armenin həbsi üçün düyməni basıb. Dəfələrlə apelyasiya şikayəti verilsə də, siyasətçi azadlığına qovuşa bilmir. Onun hansı müddətə həbsdə qalacağı işi aparan hakimə də məlum deyil. Yəni yuxarıdan hansı əmr gəlsə, icra olunacaq.

Vanadzor marzının keçmiş meri Mamikon Aslanyan da baş nazirin qəzəbinə tuş gələnlərdəndir. Keçirilən yerli seçkilərdə qalib gəlsə də, keçmiş mer səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı bəhanəsi ilə həbs edilib. Aslanyanı dəstəkləyən blok seçkilərdə 45 faiz səs toplayaraq, hakim partiyanın namizədini üstələyib. Yerli icra strukturlarını ələ keçirməyi qarşısına məqsəd qoyan “Mülki müqavilə” üçün isə bu, yeni bir əngəl idi. 2022-ci ilin 15 dekabr tarixində Aslanyan saxlanılıb. Dekabrın 16-da onun iki ay müddətinə həbs edilməsinə qərar verilib. Sonradan isə bu həbs müddəti uzadılıb.

Siyasi fəaliyyətə qayıtmaq qərarının cəzası

İrəvanın keçmiş meri Albert Bazeyan da siyasi fəaliyyətə qayıtmaq qərarının cəzasını çəkir. Onun bu qərarı hakimiyyətin xoşuna gəlməyib. Keçmiş səhra komandiri bir qrup şəxslə birlikdə hökumət üzvlərinə qarşı zorakılıq aksiyaları təşkil etməkdə ittiham olunur. Bu qrup dedikdə “Səlibçilər” ictimai təşkilatına istinad edilir ki, mediaya sızan məlumata görə, onun üzvlərindən biri Bazeyan əleyhinə ifadə verib. Axtarış zamanı keçmiş merin üzərində heç nə tapılmayıb, lakin həbs müddəti uzadılıb. 

Hərbi çevriliş qorxusu

2020-ci ilin yay aylarında Tavuş istiqamətində Azərbaycana qarşı təxribata birbaşa rəhbərlik etmiş general-mayor Yuri Xaçaturov, eyni zamanda Xocalı faciəsində iştirak edən cəlladlardan biridir. Xaçaturovun həbsinə əsas səbəb isə, Paşinyanın ordu vasitəsilə ölkədə çevriliş cəhdindən qorxması olub. Generalın cəmiyyətdəki nüfuzu, zabitlər arasında hörməti hakim komandanı belə bir üsula əl atmağa vadar edib. Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun keçmiş komandanına qarşı külli miqdarda mənimsəmə və səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb. 

Atasından siyasi arena vərəsəliyi alan və siyasətə atılan Levon Köçəryan da qısa müddətə siyasi məhbus olmağa “nail olub”. İrəvanda keçirilən mitinqdə polisə hücum etmək ittihamı ilə həbsə atılan Köçəryan siyasi fəaliyyətə qoşulduğu gündən hakim partiyanın hədəfinə çevrilmişdi. Əslində isə Paşinyanın əsas hədəfi Robert Köçəryan idi və onun siyasi baxışlarına, hakimiyyətə münasibətinə, açıqlamalarına görə, korrupsiya ittihamı ilə cinayət işi açılmışdı. Levon da atasının yolu ilə getmək qərarına gəldiyi üçün qəzəb oxlarına tuş gəlmişdi. Sonradan onun həbs müddəti başa çatdı və aktiv siyasətə qoşuldu. Hazırda Ermənistan parlamentində təmsil olunur. 

Siyahıda başqa kimlər var?

Yuxarıda sadalananlardan əlavə, Ermənistandakı siyasi məhbuslar siyahısına professor Arman Carçyanı, Avetik Çalabyanı, Narek Malyanı, Hrant Baqratyanı, Qarnik İsaqulyanı, Tatevik Virabyanı, Avetik İşxanyanı da əlavə etmək olar. Göründüyü kimi, hakim partiya erməni müxalifətindən və siyasi fəallardan ciddi şəkildə qorxduğu üçün adi bir sosial şəbəkə paylaşımına görə, müxtəlif ittihamlarla onları həbsə atmaqdan çəkinmir. 

Bu gedişlə 2024-cü il Ermənistanda daha sərt keçəcək. Paşinyan hökuməti varlığını qorumaq üçün repressiya və təzyiqləri kəskin artırmalı olacaq. 

Bənzər xəbərlər

Gündəm

0.029177188873291