Jan 19

İtaliya saytları Azərbaycanın COP29-a ev sahibliyi etməsindən yazıb - FOTO

İtaliyanın “Insideover”, “Contropiano” və “Faro di Roma” kimi mətbu orqanlarında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasının əhəmiyyətindən bəhs edən məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazılarda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradıldığı bildirilib. Qeyd olunub ki, sənəd Azərbaycanın COP29-un ən yaxşı şəkildə təşkili üçün bütün zəruri tədbirləri görməsinə sadiqliyini göstərir. Həmçinin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi vurğulanır. Azərbaycanın hazırkı enerji siyasətinin əsas istiqamətlərinin yaşıl enerjinin inkişafı və onun qlobal bazarlara nəqlinin asanlaşdırılması ətrafında cərəyan etdiyi qeyd olunur, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunduğu bildirilir.

Məqalələrdə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərdə aparılan geniş bərpa və yenidənqurma proseslərində ətraf mühitin mühafizəsi prioritet məsələ kimi qəbul olunub. Bu ərazilərdə ekosistemin bərpasına töhfə verən “ağıllı şəhərlər” və “ağıllı kəndlər” kimi innovativ yanaşmalar həyata keçirilir. Azərbaycanın öz milli iqlim öhdəliklərini qoruyub saxladığı, çoxtərəfli tərəfdaşlığı və qlobal əməkdaşlığı gücləndirməyi hədəflədiyi, Qara dəniz vasitəsilə Avropaya bərpaolunan enerjinin ixracının nəzərdə tutulduğu qeyd olunur. Avropa İttifaqının Azərbaycan ilə enerji səmərəliliyi və yaşıl enerji üzrə uzunmüddətli tərəfdaşlığın əsasını qoyduğu vurğulanır.

Yazılarda, həmçinin ölkəmizin yaşıl enerji mərkəzinə çevrilmə potensialına və yaşıl iqtisadiyyat sahəsində aparıcı rol oynamaq niyyətinə, Azərbaycan təbii qazını Avropaya və İtaliyaya çatdıran TAP boru kəmərinin əhəmiyyətinə diqqət çəkilir. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasını hədəf kimi müəyyənləşdirdiyi bildirilir.

Bənzər xəbərlər

Gündəm

0.028280973434448