Jan 18

“Ermənistan dağ-mədən sektoru ilə bağlı materialları verməsə, beynəlxalq şirkətlərdən hesabat tələb olunacaq”

“Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov Ermənistanın dağ-mədən sektoru ilə bağlı materialları təqdim etməyəcəyi təqdirdə beynəlxalq şirkətlərdən hesabat tələb olunacağını bildirib.

O, “Report”a açıqlamasında deyib ki, rəsmi İrəvan Qafqaz ölkələrinin tərəf qoşulduğu Espo Konvensiyasını kobud şəkildə pozur: “Ötən il Ermənistan Arazdəyəndə metallurgiya zavodu inşa etmək istəyərkən etiraz bəyanatı göndərilsə də, rəsmi İrəvan məsələni siyasiləşdirərək öhdəliklərindən boyun qaçırdı. Vətəndaş cəmiyyəti olaraq, bəyanatın ardından Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktub də ünvanladıq”.

A.Məmmədov xatırladıb ki, Arazdəyəndə, ümumiyyətlə Azərbaycan sərhədi boyu Ermənistanın bir çox regionlarında mədən sənayesi fəaliyyəti həyata keçirilir: “Amma bunların heç birinin ətraf-mühitə təsirinin qiymətləndirilməsi, hesabatları açıqlanmır. Ermənistan nəinki Azərbaycan hökuməti, hətta həmin ərazilərdə yaşayan ermənilərə belə heç bir məlumat vermir. Ermənistan Espo Konvensiyası üzrə üzərinə götürdüyü öhdəlikləri pozur. Biz də tələb edirik ki, ətraf mühitə təsir qiymətləndirilsin, nəticə isə hesabat formasında təqdim edilsin. Bu şəffaflığın təmin edilməsi həm Azərbaycan, həm də region ölkələri üçün önəmlidir”.

Ekspert EPF-nin yenidən Ermənistana çağırış etməsinə də toxunub: “Əgər rəsmi İrəvan yenə də hesabatları təqdim etməzsə, bu zaman Ermənistanda fəaliyyət göstərən beynəxalq şirkətlərdən hesabat tələb ediləcək. Biz Ermənistana çağırış edirik ki, hesabat versinlər. Həmçinin Ermənistan vətəndaşlarından da bu məsələlərə biganə qalmamalarını, öz hökumətlərindən hesabat tələb etmələrini istəyirik. Çünki həmin ərazilərdə mədən fəaliyyətinin həyata keçirilməsi, Azərbaycanla sərhəd olan rayonlarla yanaşı, orada yaşayan erməni vətəndaşlarının sağlamlığına və yaşadıqları ətraf mühitə təsir göstərmək riski var”.

Qeyd edək ki, Cənubi Qafqaz regionunda ətraf mühitin mühafizəsini müdafiə edən “Environmental Protection First” (EPF) Koalisiyası yenidən Ermənistanın dağ-mədən sektorunda iştirak edən yerli və beynəlxalq şirkətləri Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) üzrə sənədləri ictimailəşdirməyə çağırıb. Qeyd edilib ki, Ermənistanda dağ-mədən sənayesi ilə məşğul olanların ƏMTQ sənədlərinin tam məzmununu ictimaiyyətə çatdırmaq, eləcə də məsuliyyətli addımlar atmaqla bağlı hökumət öhdəlik daşıyır.

Bənzər xəbərlər

Gündəm

0.028990030288696