Bakıda partlayışda üç nəfər həlak olub - RƏSMİ MƏLUMAT - YENİLƏNİR + FOTO/CANLI
Bakıda mebel sexində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.
Qeyd olunur ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları və FHN-in qüvvələri hadisə yerinə cəlb olunublar.
Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.
“Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
İlkin araşdırmalar zamanı dağıntılar altından üç nəfərin meyiti aşkar olunub.
Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan altı nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, baş prokurorun müvafiq qərarına əsasən, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinə həvalə olunub.
Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.
Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - birgə məlumatda deyilir.
14:50
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş yanğın-partlayış hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Xilasedicilər tərəfindən dağıntı altından üç nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib, sexdə olan və yaxınlıqdakı vətəndaşların təxliyəsi həyata keçirilib.
Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş itləri cəlb olunmaqla axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
14:37
“Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub”.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatında deyilir.
Qeyd olunur ki, son məlumata görə, 24 nəfər xəsarət alıb. Onlardan bir nəfərə yerində ilkin tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.
“Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdiriliblər.
14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmətin göstərilməsi davam etdirilir”, - məlumatda qeyd olunub.
14:31
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin itləri cəlb olunub.
Mozalan.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, əraziyə gətirilən xüsusi təlim görmüş itlərin sayı üçdür.
13:56
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın məhdudlaşdırılıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilir, hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
13:43
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında mebel sexində baş verən partlayışdan sonra məhdudlaşdırılmasına çalışılan yanğın yenidən güclənib.
Bu barədə Mozalan.az-ın hadisə yerində olan müxbiri məlumat verir.
13:33
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında mebel sexində baş verən partlayış və yanğınla bağlı hadisə yerinə müxtəlif aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Mozalan.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də yanğın baş verən əraziyə gəlib.
13:23
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında mebel sexində baş verən yanğınla mübarizə davam edir.
Mozalan.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda partlayışlar davam edir. Partlayışların səbəbi müəyyənləşdirilməyib.
13:17
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları hadisə yerindədirlər.
Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
Qeyd olunur ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
13:11
Bakıda sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb.
APA xəbər verir ki, xeyli sayda xəsarət alan var.
Daha çox foto burada: PhotoStock.az
13:04
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
FHN-dən verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
12:39
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Mozalan.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.
12:24
Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb ediliblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri aparılır.
Qurumun yaydığı videoda xəsarət alan bir nəfərin ərazidən kənarlaşdırıldığı görünür.
12:12
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ilkin məlumata görə, sexdə partlayış olub. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Könül Cəfərli, Nəzrin Vahid