İsrail ordusu müharibənin ilk 100 günü üzrə hesabat verdi
İsrail ordusu 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında HƏMAS-ın iki briqada komandiri və 19 batalyon komandiri də daxil olmaqla doqquz mindən çox radikal yaraqlını məhv edib və 30 minə yaxın hədəfə hücum edib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mətbuat Xidmətinin müharibənin ilk 100 gününün nəticələrinə dair dərc etdiyi yekun hesabatında yer alıb.
Qeyd edilib ki, hərbi əməliyyatlar başlayandan bəri Qəzzadan İsrail ərazisinə doqquz minə yaxın raket və mərmi atılıb. Oktyabrın 7-dən bəri İsrail ordusu bu zolaqda 30 minə yaxın radikal hədəfə, o cümlədən HƏMAS-ın 3400 hərbi obyektinə hücum edib. Hərbi kəşfiyyat Qəzza zolağında 2300-ə yaxın terrorda şübhəli bilinən fələstinlini dindirib, onlardan bəziləri həbs olunaraq əlavə sorğu-sual üçün İsrailə aparılıb.
Hərbçilər həmçinin bildiriblər ki, Qəzza zolağına humanitar yardım aparan 7653 yük maşını İsrailin nəzarətindən keçib və Fələstin anklavına təxminən 138 min ton yük çatdırılıb.
Qarşıdurma başlayandan bəri Livanda “Hizbullah” hərəkatının təxminən 170 mövqeyinə hücum edilib və 170-dən çox silahlı radikal məhv edilib. Bu müddət ərzində Livandan İsrailə iki minə yaxın raket, Suriya ərazisindən isə daha 30-a yaxın mərmi atılıb.
Qeyd olunur ki, oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində axtarışda olan 2600-dən çox fələstinli, o cümlədən 1300-dən çox HƏMAS tərəfdarı saxlanılıb. Hesabatda İordan çayının qərb sahilində 100 gün ərzində ən azı 40 irimiqyaslı reyd keçirildiyi, xüsusilə də terrorda ittiham olunan 14 fələstinlinin evinin dağıdıldığı bildirilir.
Mənbə: TASS