Metyu Brayza: “Sülh müqaviləsi əlçatan görünür və çox güman ki, tezliklə bağlanacaq”
ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əlçatan göründüyünü hesab edir.
“Report”a açıqlamasında ekspert tezliklə sülh müqaviləsinin bağlanacağını güman etdiyini deyib.
Bununla belə keçmiş səfir sərhədlərin delimitasiyası ilə bağlı məsələlərin həlli üçün hələ çoxlu danışıqlar aparılmasına ehtiyac olduğunu deyib.
“Sərhədlərin demarkasiyası ilə tarixin hansı nöqtəsində hansı xəritələrin və etnik əhalinin hansı məkanlarının olmasını həll edilməsi həmişə çox çətin məsələ olub. Görünən odur ki, sərhədlərin delimitasiyası ilə bağlı bu cür məsələlərin həlli üçün hələ çoxlu danışıqlar aparılmalıdır. Ancaq yaxşı xəbər də var, sülh müqaviləsi əlçatan görünür və çox güman ki, tezliklə bağlanacaq”, - deyə o qeyd edib.
Diplomat bu vəziyyətin çox vacib bir məqam olduğunu vurğulayıb:
“Çünki sülh müqaviləsi münaqişəni siyasi yolla həll edəcək və ya müharibəni siyasi yolla bitirəcək. Söhbət məhz siyasi həldən gedir. Çünki bütün müharibələr hərbi mərhələdən sonra siyasi razılaşma ilə başa çatır. Hazırda gəldiyimiz nöqtə budur”.
M.Brayza Qarabağ münaqişəsi ilə məşğul olduğu dövrə də diqqət çəkib və bildirib ki, bütün o illər ərzində heç vaxt yaxın perspektivdə sülh müqaviləsinin real olduğunu görməyiblər:
“Sülh müqaviləsi həmişə çox uzaq görünürdü. Ona görə də Madrid prinsipləri və keçmiş Minsk Qrupunun bütün danışıqları daha təvazökar bir məqsəd üzərində cəmlənmişdi; bu, gələcək sülh müqaviləsinin əsas prinsiplərinin razılaşdırılması idi”.
“Ancaq indi biz sülh müqaviləsinin mümkün göründüyü bir nöqtədəyik. Sülh müqaviləsi qüvvədə olanda iki ölkə arasında beynəlxalq sərhədin müəyyənləşdirilməsi ilə həmişə əlaqəli olan texniki, tarixi və mədəni məsələlərin həllinin daha asan olacağını düşünürəm”, - deyə ekspert fikrini tamamlayıb.