Darya Qrevtsova: “Paşinyan başa düşür ki, onun başqa yolu yoxdur” - Rusiyadan MÜSAHİBƏ
“2024-cü il Azərbaycan üçün uğurlu olacaq. Azərbaycan Respublikası regionun lideridir, onun rəyi dinlənilir ki, bu da beynəlxalq münasibətlərdə çox önəmlidir. Bakı öz gücünü, müstəqilliyini göstərdi. Azərbaycan qalib ölkədir. Ermənistanda bunu görür və başa düşürlər. Ermənistan Respublikasının güclü dövlətə çevrilməsi üçün Azərbaycanla sülh müqaviləsi imzalaması lazımdır”.
Bunu Mozalan.az-a müsahibəsində Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova deyib.
- Azərbaycanda Ermənistanla sülh sazişinin mətni üzərində ciddi irəliləyişdən danışırlar. Amma Ermənistanda belə bir sənədin imzalanmasına qarşı çıxan qüvvələr var. Məsələn, Ermənistan parlamentinin müxalif deputatı İşxan Saqatelyan Azərbaycanla Ermənistan arasında 2024-cü ildə bağlanacaq sülh müqaviləsini kapitulyasiya müqaviləsi adlandırıb. Bundan əlavə, o, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən həyata keçirilən “barışdırma siyasətini” pisləyib...
- Bu sülh müqaviləsi bütün regionun, o cümlədən Ermənistanın inkişafı üçün çoxlu imkanlar açacaq. Görünür, Nikol Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır və bunun üçün ona Ermənistan isteblişmentindən dəstək lazımdır. Ermənistanda sülh istəməyən və öz millətçi hissləri ilə keflənən, qisas yanğısından açıq danışan bir çox müxalif qüvvələr var. Təbii ki, onların qisas almaq üçün real imkanları yoxdur. Amma bunu bəyan etməyə heç nə mane olmur və bəzi seçicilər bunu kapitulyasiya aktı və ya başqa nə cürsə adlandıraraq ölkələr arasında sülhün imzalanmasına mane olmağa çalışan erməni siyasətçilərinə səs verməyə hazırdırlar. Aydındır ki, bütün bunlar Paşinyana və komandasına qarşı edilir.
Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir və erməni xalqı bu mübarizədə alətdir. Düşünürəm ki, Paşinyan başa düşür ki, onun başqa yolu yoxdur: o, sülh sazişi imzalamalı və sonra Ermənistanın qonşuları ilə fəal şəkildə əlaqə saxlamalıdır. Belə olan halda Türkiyə ilə əməkdaşlıq üçün yollar və imkanlar açılır və bu, iqtisadi və logistik layihələrin inkişafına müsbət təsir göstərəcək. Azərbaycanla sülh Ermənistan üçün təhlükəsizlik və sabitlik baxımından vacibdir.
Çox vacib olan odur ki, İrəvan sülh müqaviləsi imzalamaqla bir çox məsələlərin, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin konstruktiv həllinə sadiq olduğunu göstərəcək.
Sülhə qarşı çıxan revanşist qüvvələri geri itələmək üçün Paşinyanın komandası daha da güclənməlidir. Çox güman ki, Paşinyan 2024-cü ildə buna nail olacaq və biz Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq.
Paşinyanın qarşısında daha bir sual durur: o, sazişi imzalamaq üçün hansı platforma ilə razılaşmalıdır? O, Rusiya platformasında bunu etmək istəmir, çünki hesab edir ki, Moskva yanlış hərəkət edib və Ermənistana qarşı dost münasibəti bəsləmir. Ola bilsin ki, Ermənistanın baş naziri üçün Avropa İttifaqının (Brüssel) və ya ABŞ-nin platformasına üstünlük verilir. Amma mənə elə gəlir ki, Azərbaycan bu seçimdən o qədər də məmnun qalmazdı, çünki ABŞ və Avropa paytaxtlarından Bakıya qarşı çoxlu əsassız tənqidlər eşidilirdi. Daha onların vasitəçi imicini gücləndirmək nəyə lazımdır? Deməli, bu imzalanmanın keçiriləcəyi neytral ölkə tapıla bilər.
- Qonşuların istəklərinin əksinə olaraq Ermənistan vasitəsilə Cənubi Qafqaza daxil olmaq istəyən Qərbin, ilk növbədə də Fransanın fəaliyyəti barədə nə düşünürsünüz?
- Bəli, Fransa indi Cənubi Qafqaza girməyə çalışır, bunun üçün əlindən gələni edir, o cümlədən Ermənistana silah tədarükünü həyata keçirir. Bu, yeri gəlmişkən, başqa ölkələrdən, təkcə Azərbaycandan deyil, Rusiyadan da çoxlu suallar doğurur.
Moskva yaxşı bilir ki, Fransa Rusiya Federasiyasını Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaq istəyir. Bu isə Fransa Prezidenti Emmanuel Makronun Fransanın Afrika siyasətinin uğursuzluğuna görə Rusiya Prezidenti Vladimir Putindən bir növ şəxsi qisasıdır. Makron mümkün olan hər yerdə Rusiyanı sıxışdırmaq istəyir və Ermənistan Parisə Cənubi Qafqazda bunu etmək cəhdinə imkan yaradır. Amma eyni zamanda, Makronun şirin çıxışları və silah tədarükü ilə Ermənistanın suverenlik və müstəqilliyinin mübadiləsi gedir.
Amma Fransanın Cənubi Qafqaza nə dərəcədə yaxından nüfuz edə biləcəyi böyük sualdır. Ermənistan Rusiya ilə sıx bağlıdır, o cümlədən iqtisadi (idxal-ixrac, Ermənistanda bir çox müəssisə Rusiyadan maliyyə alır) cəhətdən. Rusiya Federasiyasının iştirak etdiyi inteqrasiya birliklərinin üzvüdür.
Buna görə də erməni xalqı Rusiyaya qarşı çıxanda Fransa daha yumşaq gücdən istifadə edəcək, bu, Moskvanın diqqətini cəlb etmək üçün Paşinyanın hansısa biabırçı, təxribat xarakterli bəyanatları da ola bilər.
Nair Əliyev