Laçına qayıtmış dərzi: “Dövlət Bayrağı günü hərbçilərimiz mənim tikdiyim bayraqla yürüş etdilər” - FOTO
Laçın şəhərində 408 ailə, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Laçında yaşayan, artıq yurd həsrəti bitmiş ailələrdən biri də Məmmədovlardır. AZƏRTAC-ın bölgə müxbiri həmin ailənin qonağı olub, onların laçınlı günləri haqda fikirlərini qələmə alıb.
Leyla Məmmədova Laçında dünyaya göz açıb, 1992-ci ildə hələ gənc yaşlarında doğma yurdundan məcburi köçkün düşüb. 30 il Laçından ayrı yaşasa da, ümidini itirməyib və arzuları gerçək olub: “Avqustun 29-da Laçına qayıdanda bir anlıq elə hiss etdim ki, sanki yatmışdım, yuxudan ayıldım. Doğrudur, Laçın hər zaman öz mənzərəsinin gözəlliyi ilə insanı valeh edib, amma bu dəfə Laçınımı tamam başqa cür gördüm. Həm illərin həsrəti bitdi, həm də çətin günlərimiz tarixə qovuşdu. Doğma şəhərimizin görkəmi xatirimdə qalmışdı, bura qayıtdıqda isə abad məhəllələr, işıqlı küçələr, gözəl evlər gördüm. Sanki özümü başqa bir ölkədə hiss etdim. Məcburi köçkün olduğumuz vaxtlarda ağır günlərimiz oldu, bir neçə yerdə yaşamalı olduq, nəhayət yataqxana binasında məskunlaşdıq. Düzdür, dövlət bizi hər zaman diqqətdə saxladı. Amma doğma yurdumuzdan ayrı yaşamaq çox çətin idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və güclü ordumuzun qüdrəti sayəsində bizlər Zəfərin şahidi olduq, qaçqınçılıq həyatımız bitdi, qalib xalqa çevrilərək öz elimizə qovuşduq. İndi Laçında öz evimiz yenidən bərpa olunaraq tam müasir standartlara vəziyyətdə istifadəmizə verilib”.
L.Məmmədova deyir ailədə altı nəfərdirlər: “Yaşadığımız yer də çox geniş deyildi. Bizə xəbər verdilər ki, Laçına köç başlayıb. Oğlum Bakıda yeni iş tapmışdı, amma Laçına qayıdacağımızı eşidən an ərizəsini yazıb işdən çıxdı. Hamımız birlikdə doğma yurdumuza qayıtdıq. Gəldikdən sonra oğlum və yoldaşım işlə təmin olundu, özüm də evdə sənətim üzrə dərzi çalışıram, hər bir şəraitimiz var. Biz həm də Laçında tarixi günlərin şahidi olduq. Mən çox sevindim ki, Laçında Dövlət Bayrağı günü hərbçilərimiz mənim tikdiyim bayraqla yürüş etdilər. Həmin bayrağı Vətən müharibəsi başlayan zaman Bakıda olarkən tikmişdim. İnanırdım ki, qələbə bizimlədir və həmin bayraq Laçında dalğalanacaq. Belə də oldu. Laçında balalarımızın ilk dərs gününü, Zəfər Gününü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını qeyd etdik. İnanırıq ki, bu bizlərin firavan əminaman günlərimizin başlanğıcıdır”.
Laçın xəyalları ilə yaşayan Tunar Elxanlı indi bu yerlərin yeniyetmə sakinidir, təhsilini ata-baba yurdunda davam etdirir. Tunar deyir ki, Laçın onları təsəvvür etdiyindən də gözəl qarşılayıb: “Laçınla bağlı olan xəyallarım bura gələndə gerçəkləşdi. Hər zaman valideynlərim danışanda Laçın barəsində bu yerlərin necə gözəl olduğunu təsəvvürümdə canlandırırdım. 7-ci sinfə Laçında başladım. Burada təhsil aldığım məktəbdə yeni müəllimlər, yeni dostlar qazanmışam, tam müasir standartlara uyğun məktəbdə təhsil alıram. Hər səhər servis avtobusu bizi evimizin qarşısından götürür və dərs bitdikdən sonra yenidən avtobusla evə qayıdırıq. Laçında ata-baba yurdumuzda yaşamaq bizlər üçün fəxrdir. Biz qəhrəmanlar haqqında, Vətəni uğrunda canını verən oğullar barədə dərsliklərdə oxuyurduq. Amma Vətən müharibəsində tarix yazan igidlərimizi gördük, şəhidlərimiz bizlər üçün əsl örnəyə çevrildi. Onların bizə əmanət etdiyi bu doğma torpaqlarda yaşamağımızla qürur duyuruq”.