Fransada Natəvanın heykəli vandalizmə məruz qalıb
Son günlər sosial şəbəkələrdə Fransanın Evian-le Bən şəhərində 2017-ci ildə ucaldılmış Xurşidbanu Natəvanın heykəlinin tezliklə götürüləcəyi ilə bağlı məlumatlar işıqlandırılır.
Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilib və üzərinə qırmızı boya atılıb.
Heykəlin mühafizəsi məqsədilə üzərinə qoruyucu örtük sarılıb.
Qeyd edək ki, Fransanın son zamanlar kəskin şəkildə güclənən anti-Azərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib.
Fransanın “Le Messager” nəşrinin məlumatına görə, 2023-cü il dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər. Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib.
Bunun ardınca İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura dekabrın 28-də İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda İsmayıllı şəhər mərkəzi parkına Azərbaycan şairi Xurşidbanu Natəvanın adının verilməsi təklif olunur.
Çox qəribədir ki, məsələ ilə hələlik nə rəsmi Paris, nə də mədəni irsin mühafizəsinə cavabdehlik daşıyan və Frsansanın ev sahibliyini etdiyi UNESCO reaksiya verməyib.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərar qəbul edib. 2017-ci ildə burada “Azərbaycan Parkı” açılıb. 2015-ci ildə imzalanan xartiyaya əsasən İsmayıllı şəhər mərkəzi parkında “Azərbaycan-Fransa dostluq parkı” lövhəsi də yerləşdirilib.