Nazirlik: “COVID-19-un yeni ştammının Azərbaycanda yayılması haqqında məlumat yoxdur”
“COVID-19-un ABŞ-də qeydə alınan yeni ştammının Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur”.
Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
İnfeksionist yeni ştammla bağlı bildirib ki, yeni “JN1” ştammı “Omikron”un altnövüdür:
“Sələfi olan “Pirola” ştammından yalnız yoluxuculuq sürətinə görə fərqlənir. Ümumdünya Səhiyyə Təşkilatı hələlik bu altnövü maraq kəsb edən variant kimi dəyərləndirir. Onun daha ağır xəstəlik halları törədəcəyi təsdiq olunmur. Əksinə, son zamanlar bəzi ölkələrdə yoluxma hallarının sayında artımların olmasına baxmayaraq, ölüm hallarında azalma müşahidə edilir. Virusun bu altnövünün Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur”.