Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının iclası keçirilib, iddia təmin olunub
Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın sədrliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib.
Nazirlikdən Mozalan.az - a verilən xəbərə görə, iclasda Apellyasiya Şurasının üzvləri - Hüquq şöbəsinin müdiri Gülər Mikayılova, Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri Vüqar Məmmədov, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Daxili nəzarət və audit şöbəsinin müdiri Cavid Əliyev, Sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfov iştirak edib.
İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən 14.09.2023-cü il tarixində elan edilmiş daxili müsahibə üzrə keçirilmiş müsahibənin nəticəsinə yenidən baxılması ilə bağlı apellyasiya şikayətinə baxılıb.
İclas zamanı namizədin müsahibə ilə bağlı fikirləri dinlənilib, Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmiş müsahibənin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunub. Muxtarlı Dadaş Muxtar oğlu ilə keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Şura üzvləri tərəfindən namizədin iştirakı ilə müzakirə olunub. Sonda Apellyasiya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair Qərarlar qəbul edilib.
Muxtarlı Dadaş Muxtar oğlunun şikayəti ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən Qərara əsasən həmin namizədlə əvvəl keçirilmiş müsahibənin nəticəsi dəyişdirilərək iddia etdiyi vəzifəyə uyğun hesab edilib.