“Fransanın Azərbaycana qarşı bütün cəhdləri boşa çıxdı, “oyun”dan kənarda qaldı” - RƏY
Milli Məclisin deputatı Azər Badamov ermənidən çox ermənilik edən Fransanın yenə də “oyun”dan kənar vəziyyətdə qaldığını bildirib.
Deputat “Report”a açıqlamasında təəssüflə qeyd edib ki, Azərbaycanın zəfərini həzm edə bilməyən dövlətlər var.
Onun sözlərinə görə, həmin dövlətlər Ermənistana dayaq olur, onu silahlandırır və yenidən regionda gərginliyi artırmağa çalışır:
“Bu dövlətlərin başında Fransa dayanır. Rəsmi Paris heç cür Azərbaycanın uğurlarını, pozulmuş ədalətin bərpa edilməsini qəbul edə bilmir. Torpaqlarımız işğal altında olduğu 30 ildə Fransa ölkəmizə olan qəzəbini açıq şəkildə ifadə etmirdi. Amma BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrinin icra olunmaması üçün ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olaraq gizli şəkildə çalışdı və Azərbaycanın erməni işğalı ilə barışması üçün əlindən gələni etdi. Biz də saf niyyətlə Fransa ilə dostluq əlaqələrini qurmağa, şəhərləri qardaşlaşdırmağa və xalqlarımızı yaxınlaşdıraraq əlaqələri möhkəmləndirməyə çalışırdıq”.
A.Badamov vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı BMT TŞ-də Azərbaycana qarşı qətnamə qəbul etdirməyə cəhdlər göstərən Fransanın iç üzü açıldı:
“Sonradan da rəsmi Paris BMT-də Azərbaycana qarşı qərarlar qəbul etdirmək cəhdlərini davam etdirdi. Lakin Azərbaycanın dost dövlətləri Fransanın çirkin niyyətinin həyata keçməsinə imkan vermədi. Fransa müharibədən sonra da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək adı altında yenə meydana çıxdı. Hətta ATƏT-in keçmiş Minsk Qrupunu da yenidən canlandırmağa çalışdı. Bu qrup tarixin arxivinə göndərildiyindən Fransanın bütün cəhdləri boşa çıxdı. Azərbaycana qarşı cəhdləri boşa çıxan Makron hakimiyyətinin nümayəndələri keçmiş qondarma quruma humanitar yükləri göndərmək adı altında Laçın sərhəd-buraxılış məntəqəsinə qədər gələrək ölkəmizə durbinlə baxdılar və selfi çəkdirib geri qayıtdılar. Azərbaycana qarşı ABŞ senatında da qətnamələr qəbul etdilər. Hətta Almaniyanı da Azərbaycana qarşı kampaniyaya cəlb etdilər. ABŞ-nin Milli Konqresində keçirilən dinləmələrdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Brayn Azərbaycanla əlaqələrin əvvəlki kimi olmayacağını bəyan etdi. Azərbaycandakı ABŞ səfirliyi tərəfindən ABŞ-də təhsil alanlarla görüş adı altında onlar agentura şəbəkəsini yığmağa çalışdılar”.
Parlamentari xatırladıb ki, 19-20 sentyabrda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Fransa yenə hərəkətə keçərək Azərbaycana qarşı uydurma sənədlər qəbul etdirmək istəyib:
“Fransanın Ermənistanla birgə yalanları yenə də tutmadı və tarixin zibilliyinə atıldı. Nəticədə isə vasitəçilk adı altında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına vasitəçilik etmək adı ilə mane olanlar “oyun”dan kənar vəziyyətə düşdülər. Noyabrda Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) son 33 illik tariximizdə ilk dəfə olaraq Ermənistan öz namizədliyini geri çəkərək Azərbaycanın COP29-a ev sahibliyi etməsi sənədinə imza atdı. Sonra da dövlət başçısı İlham Əliyevin tapşırığı ilə Prezident Administrasiyası ilə Ermənistan Baş Naziri Aparatı arsında birbaşa əlaqə yaradılaraq hərbçilər dəyişdirildi. Hazırda isə sülh müqaviləsinin imzalanması üçün vasitəçilərin iştirakı olmadan sənədlər mübadilə olunaraq razılaşdırılır”.