Dec 26

“Qərb “işlənmiş kart”dan istifadə edir, Serbiyada xalqın iradəsi qalib gələcək” - RƏY + FOTO

“Qərb “işlənmiş kart”dan istifadə edir, Serbiyada xalqın iradəsi qalib gələcək”.

Bu barədə “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Kosovo Serbiya üçün müqəddəs yerdir:

“Amma Qərb dövlətləri üçün bunun heç bir əhəmiyyəti yoxdur. Onlar regionda öz maraqlarını təmin etməyə, təsir güclərini artırmağa çalışırlar. Yeri gəlmişkən deyim ki, Qərb dövlətləri uzun illər Cənubi Qafqazda da eyni siyasəti tətbiq edib. Qarabağın kimin tarixi torpaqları olması nə ABŞ-ni, nə də Fransanı maraqlandırıb. Bu, “işlənmiş kartdır”. Birinci və İkinci Dünya müharibəsindən sonra da Qərb dövlətləri oxşar siyasət yeridib. Müxtəlif güc mərkəzləri fərqli regionlarda süni gərginlik yaratmaqla həmin ərazilərdə öz təsir güclərini artırırdılar. Amma o vaxt vəziyyət başqa cür idi. Dövlətləri çoxu zəif idi, müqavimət göstərə bilmir, nəticədə müstəmləkəçiliyə məruz qalırdılar. Bu gün nə Serbiya, nə də əksər digər dövlətlər Qərbin “bata biləcəyi” ölkələrdən deyil”.

Politoloq bildirib ki, Qərbin hazırkı təhrikedici addımları bumeranq effekti verə bilər:

“Dünya dövlətləri hər şeyi aydın görürlər. Bu gün Belqradın kifayət qədər tərəfdaşı, müttəfiqi var. Amma Serbiyanın özündə də kifayət qədər qərbpərəst qüvvə var. Onlar sifarişləri yerinə yetirməyə hazırdırlar. İndi əsas məsələ xalqın iradəsindən asılıdır. Əgər xalq iradəsini sərt şəkildə ortaya qoysa, hazırkı cəhdlər heç bir nəticə verməyəcək. Macarıstanda və Türkiyədə olanlar buna nümunədir. Gördük ki, Qərb israrlı cəhdlərə baxmayaraq, nə Macarıstanda, nə də Türkiyədə hakimiyyəti dəyişə bilib”.

İ.Vəlizadə vurğulayıb ki, gələcəkdə Qərb Kosovonu hərbi toqquşmaya da sövq edə bilər:

“Biz oxşar addımları Şərqi Avropada, Yaxın Şərqdə, həmçinin Cənubi Qafqazda da görmüşük. Böyük güclər, adətən, təsir göstərə bildikləri aktorlardan öz maraqları naminə istifadə edirlər. Odur ki, Serbiya çox güclü olmalıdır”.

Qeyd edək ki, Qərb dövlətləri son zamanlar Serbiyanın daxili işlərinə müdaxilə edirlər. Onlar serblərin tarixi yaddaşını yumağa, Kosovodan imtina etməyə çalışırlar. Bunun üçün Serbiyada QHT-lərin və KİV-lərin maliyyələşdirilməsi həyata keçirilir. Eyni tipli təzyiqlərlə vaxtilə Azərbaycan da üzləşirdi - Qərb çalışırdı ki, Azərbaycan dövləti və cəmiyyəti Qarabağdan imtina etsin. USAID, NED, NDI kimi təsisatların fəaliyyəti və layihələri buna hesablanırdı. Bizə qarşı çevriliş cəhdləri də bu məqsədlə edilirdi.

Bənzər xəbərlər

Gündəm

0.057965040206909