Qubada iribuynuzlu heyvanlar müəmmalı şəkildə tələf olub - FOTO
Quba rayonunun Xucbala kəndində yerləşən Elnur Mirzəyevə məxsus təsərrüfatda iribuynuzlu heyvanlar tələf olub.
APA-nın Şimal bürosu xəbər verir ki, təsərrüfatda olan 3 baş inək gecə naməlum səbəbdən ölüb. Təsərrüfat sahibi bildirib ki, axşam həmişə olduğu kimi heyvanlara qulluq edib, işığı söndürüb, qapını bağlayıb. Səhər tövləyə gələndə isə heyvanları ölmüş vəziyyətdə görüb.
Əraziyə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları gəliblər, heyvanların cəmdəklərindən nümunələr götürülüb. Onlar ilkin ehtimal olaraq, iribuynuzlu heyvanların elektrik cərəyanı vurması nəticəsində tələf olduğunu açıqlayıblar. Təsərrüfat sahibi isə, gecə saatlarında tövlədə elektrik cərəyanı olmadığını qeyd edib. Heyvanların müəmmalı ölümünün dəqiq səbəbi aparılan araşdırmaların sonunda məlum olacaq.
Qeyd edək ki, həmin iribuynuzlu heyvanlar fermer Elnur Mirzəyevə Dövlət Məşğulluq Xidməti tərəfindən 3 il öncə verilib.