Dec 03

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib - YENİLƏNİB

Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin peşə tanınması üçün Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.

İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.

Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in Nəsimi rayonu, Ə. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (metronun “8 Noyabr” stansiyasının yanı) saat 10:00-da və 13:00-da olmaqla 2 növbədə keçirilib və 1 saat davam edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 299 nəfərdən 33 nəfər imtahana gəlməyib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda 111 nəfər müvəffəqiyyət əldə edib.

Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.

İmtahanın məzmunu ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 4 və 5 dekabr 2023-cü il tarixlərində saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) sürəti də əlavə ediməlidir.

09:14

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilir.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahan DİM-in Nəsimi rayonu, Ə. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (metronun “8 Noyabr” stansiyasının yanı) təşkil ediləcək.

İştirakçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə gəlməlidirlər.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunacaq. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndiriləcək. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün azı 15 bal toplaması tələb olunur.

Təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. İxtisaslar üzrə proqramlar (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) DİM-in saytında yerləşdirilib.

Bənzər xəbərlər

Gündəm

0.027751922607422