Nov 29

Türk boksçunun ürəyini daşıyan Fərid: “Altı ildir növbə gözləyirdik” - FOTO

Bir neçə gün əvvəl Türkiyədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən tanınmış türk boksçu Görkem Kaynarın ürəyi Fərid Əzimli adlı azərbaycanlı gəncə köçürülüb.

Sözügedən qəza noyabrın 20-si gecə saatlarında, İsparta-Eğirdir yolunda baş verib. Belə ki, sürücünün sükanı itirməsi nəticəsində avtomobil aşıb və ağaca çırpılıb. Avtomobildə olan G.Kaynar ağır yaralanıb və xəsəxanaya yerləşdirilib. O, aldığı xəsarətlərdən noyabrın 24-də vəfat edib.

24 yaşlı boksçu Süleyman Dəmirəl Universitetinin İdman Elmləri Fakültəsinin dördüncü kurs tələbəsi idi.

Fotoda: Görkem Kaynar

Onun vəfatından sonra boksçunun ata və anası övladlarının orqanlarını bağışlamaq istədiklərini bildiriblər. Görkem Kaynarın ürəyi 24 yaşlı Fərid Əzimliyə köçürülüb. Mərhumun qaraciyəri, ağciyərləri, iki böyrəyi və mədəaltı vəzi də tranplantasiya olunub.

Dörd saat davam edən ürək köçürmə əməliyyatı Akdeniz Universitetinin cərrahiyyə şöbəsində həyata keçirilib və uğurla başa çatıb.

Mərhum boksçunun atası Enes Kaynar oğlunun başqa bədəndə yaşaya bilməsi üçün orqanlarını bağışladıqlarını bildirib:

“Oğlum 60 kiloqram çəki dərəcəsində beynəlxalq yarışda ölkəsinə medallar qazandırdı. O, həyat dolu uşaq idi. Bu il məzun olacaqdı. Kədərimiz sonsuzdur. Allah heç bir valideynə övlad itkisinin acısını yaşatmasın”.

Qeyd edək ki, 24 yaşlı Fərid Əzimli Kəlbəcərin Zülfüqarlı kəndindəndir. 

Modern.az azərbaycanlı gəncin əmisi Şaiq Əzimli ilə əlaqə saxlayıb.

Ş.Əzimli açıqlamasında qardaşı oğlunun ürəklə bağlı probleminin anadangəlmə olduğunu söyləyib:

“Fəridin anadangəlmə ürəyində qüsur var idi.Fərid altı ildir ki, ürək transplantasiya ilə bağlı növbədəydi. Elə oldu ki, türkiyəli boksçunun ürəyi uyğun gəldi və ona köçürüldü”.

Əmisi Fəridin çox savadlı olduğunu vurğulayıb:

“Fərid və ailəsi Türkiyənin Antalya şəhərində yaşayırlar. Özü də türk vətəndaşıdır. Onun olduqca parlaq təhsil həyatı var. Ona süni ürək qoyulmasına baxmayaraq təhsillə bağlı heç bir problemi olmayıb. Hətta, Fərid şairdir. Onun Allah vergisi, güclü savadı var”.

Şaiq Əzimli ürəyi qardaşı oğluna bağışlanan boksçunun ailəsinə təşəkkür edib və onlara bir ömür borclu olacaqlarını, Türkiyənin həqiqətən qardaş ölkə olduğunu bir daha sübut etdiklərini bildirib.

Fəridin anası Almaz Əliyeva isə bildirib ki, oğlu altı ildir süni ürəklə yaşayır. O, boksçunun ailəsinə bir ömür borclu olduğunu bildirib.

“Oğlum çox emosionaldır. Ona dedim ki, Fərid, artıq onun ürəyi sənin köksündə döyünəcək. Sən artıq onların da oğlusan”, - deyə Almaz Əliyeva bildirib.

Bənzər xəbərlər

Gündəm

0.59106302261353