Nov 22

Qızılağac Milli Parkında “Flaminqo festivalı” keçirildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli 512 nömrəli sərəncamı ilə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında Qızılağac Milli Parkı yaradılmışdır. Bu ilin sentyabr ayının 26-sında Milli Parkın 5-ili tamam olur.

Mozalan.az xəbər verir ki, bu münasibətlə noyabr ayının 21-də parkda “Flaminqo” festivalına start verildi.

Tədbirdə Lənkəran, Masallı, Neftçala rayonlarının İcra Başçıları, hüquq mühafizə orqanlarının rəhbərləri, Bakı Dövlət Universitetinin və Lənkəran Dövlət Universitetinin tələbələri, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Festivalı giriş sözü ilə Qızılağac Milli Parkın direktoru Aqil Sücayev açaraq qonaqları tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. İlk sözü Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova verildi:

O, çıxışında tədbir iştirakçılarını salamlayıb və festivalın keçirilməsinin ekoloji əhəmiyyətindən danışıb: "Respublikanın tarixində ilk dəfə Qızılağac Milli Parkında keçirilən “Flaminqo” festivalı münasibətilə sizi təbrik edirəm! Bu tədbir həm də ona görə əlamətdardır ki, Heydər Əliyevin 100 illiyinə və böyük Zəfər bayramının 3-cü ildönümünə təsadüf edir. Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyev Azərbaycan təbiətinin təəssübkeşi idi. O, əsrarəngiz, gözəl təbiətimizin mühafizəsini və zənginləşməsini ümumdövlət əhəmiyyətli iş hesab edərək gələcək nəsillərə əmanət kimi ötürməyi dönə-dönə tövsiyə edirdi. Dahi rəhbərin çox önəm verdiyi Azərbaycan təbiəti möhtərəm Prezident İlham Əliyevin səyi ilə daha da zənginləşmişdir. Dövlət başçısının uğurlu ekoloji siyasəti nəticəsində son illərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi genişləndirilərək 10,8 faizə çatmışdır. Hazırda respublikamızda 10 milli park mövcuddur. Hirkan və Qızılağac Milli Parkları coğrafi ərazi baxımından əsasən Lənkəranın payına düşür. Qızılağac Milli Parkı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yaradılmış və hazırda ərazisi 99060 hektara çatdırılmışdır.

Cənab Prezidentimiz bütün sahələrdə olduğu kimi, təbiətimizi, ekologiyamızı da daim diqqət mərkəzində saxlayır. İnsanlarımıza, təbiətimizə, torpağımıza belə fundamental yanaşmanın nəticəsidir ki, bu gün dünya ölkələri dövlətimizin bu sahədəki addımlarını diqqətlə izləyir, təqdir edir. Birinci Vitse Prezident Mehriban xanım Əliyeva da ölkəmizdə yaşıllıqların salınmasına çox böyük qayğı göstərir. İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Qızılağac və Hirkan Milli parklarında həyata keçirilən çoxsaylı layihələrin də ərazinin ekosisteminin qorunmasında çox mühüm rolu var.

Bizim üçün çox sevindirici haldır ki, cənab Prezidentin uğurlu ekoloji siyasəti nəticəsində qədim Hirkan meşələri YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmişdir. Bu da ekologiyamızın tarixində nadir hadisədir. Biz fəxr edirik ki, Cənab Prezident Ümumdünya Təbiəti Mühafizə Fondunun Mixail Zukkov adına ali mükafata da layiq görülmüşdür. Hələ dünyada heç bir prezident bu mükafatla təltif olunmayıb.

Bu günkü “’Flaminqo’’ festivalı hesab edirəm ki, bir növ Qızılağac Milli Parkının uğurlarına bir baxışdır.
Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik rəhbərliyi və böyük sərkərdəlik məharəti nəticəsində artıq işğal altında olan təbiətimiz də düşmən tapdağından tam azad edilib. Məlum olduğu kimi, 2020-ci ilin sentyabrın 27-də Azərbacan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, erməni faşizminə qarşı müqəddəs vətən müharibəsinə başladı. 44 gün davam edən müharibədə müzəffər Azərbaycan ordusu işğalda qalan torpaqlarımızı, o cümlədən 30 il yaşıl genosidə məruz qalan təbiətimizi işğaldan azad etdi. İndi bütün Qarabağda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Xalqımız öz torpaqlarına, bənzərsiz Qarabağ təbiətinə sahib çıxıb. Təbii ki, işğal dövründə təbiətimiz də çox şey itirib. Belə ki, işğal olunmuş rayonlarımızın bəzilərdə nə bir ağac, nə də bir bina qalmayıb. Buna baxmayaraq, biz indi hamımız böyük zəfər sevincini yaşayırıq. Cənab Prezidentin dediyi kimi, Qarabağ yenə də, cənnətməkana çevriləcək, təbiətimiz dirçələcək və Ümum Aəzərbaycan təbiətinin ayrılmaz hissəsini təşkil edəcək. Hazırda işğaldan qurtulan təbiətimizin dirçəlişi, bərpası ilə əlaqədar Qarabağda genişmiqyaslı quruculuq işləri aparılır. Çox keçməz ki, Qarabağ təbiəti də belə mühüm ekoloji tədbirlərin ünvanına çevriləcəkdir.

Artıq Qızılağac Milli Parkı 5 ildir ki, respublika milli parkları ailəsinə daxil olub. Bu müddətdə ərazidə həm geniş abadlıq-quruculuq, həm də yaşıllaşdırma işləri görülməklə bərabər, parkın ekoloji mühiti nəinki qorunub, daha da zənginləşdirilib. Burada həmçinin ekoturizmin inkişafı üçün də yeni imkanlar açılıb. İndi Qızılağac Milli Parkı müxtəlif ekoloji tədbirlərin ünvanına çevrilib. Keçirilən “Flaminqo festivalı” də milli parkın 5 illiyinə həsr olunub. Bu tədbir təbii ki, Qızılağac Milli Parkının zəngin təbii resursları, biomüxtəlifliyi, heyvanat və bitki örtüyünə dair, o cümlədən əsrarəngiz Cənub təbiəti barədə yeni ekoloji təsəvvürlər və xoş təəssüratlar yaradacaqdır...

Bir daha, bu günkü bayram münasibətilə festival iştirakçılarını səmimi qəlbdən təbrik edir, ekoloqlara, təbiətsevərlərə və bütün ictimaiyyətə təbiətimizin mühafizəsi və zənginləşməsi naminə birlik nümayiş etdirməyə çağırıram və hamınıza bu işdə uğurlar arzulayıram!".

Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov çıxış edərək, ölkəmizdə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, təbii resurslardan səmərəli istifadə edilməsi və ekoturizmin inkişafına diqqət yönəldib. Qeyd edib ki, bu il Milli Parkın yaradılmasının 5 ili tamam olur. Bu münasibətlə Qızılağac Milli Parkında “Flaminqo festivalı” keçirilir. Tədbirin Flaminqo quşunun adı ilə bağlanması heç də təsadüfi deyil. Məlum olduğu kimi Qızılağac Milli Parkı əsasən nadir quşların məskəni sayılır. Nazir müavini Milli Parkın flora və faunasının zənginliyi haqqında geniş məlumat verdi, qonaqlara "Qırmızı kitab"ı təqdim etdi.

Sonra Universitet tələbələri arasında EKOVİKTORİNA keçirildi. LDU-nun tələbələri viktorinanın qalibi oldular. Respublikada mövcud olan 10 milli parkın Flora və Faunası ilə əlaqədar hazırlanmış stentlərə baxış keçirildi. Sonra Qızılağac Milli Parkının ərazisinə bu yerin daimi “ Sakini” turaclar havaya buraxıldı. Tanınmış muğənni Cavad Rəcəbovun rəhbərliyi ilə konsert proqramı və “Nənələr” ansanbılının çıxışı tədbir iştirakçılarına musiqi sevinci bəxş etdi.

Axırda turistlər üçün körfəzdə gəzintilər təşkil olundu.

Respublikada birinci dəfə keçirilən bu ekoloji tədbir bir daha Azərbaycanın ecazkar təbiətinə ictimai baxış kimi yaddaşlara köçdü.

 

 

 

 

 

 

 

 

 

 

Bənzər xəbərlər

Gündəm

0.028433084487915