Nov 22

Azərbaycan-Ermənistan birbaşa danışıqlarının perspektivi: İrəvan gözünü Qərbdən çəkməlidir - ŞƏRH + FOTO

2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Bu reallıqların müəllifi məhz rəsmi Bakı oldu. Artıq nəinki bölgə ölkələri, dünyadakı əsas siyasi aktorlar da bunu qəbul edib, hesablaşırlar.

Nəzərə almaq lazımdır ki, Ermənistan rəsmiləri müharibədən əvvəl “yeni ərazilər uğrunda yeni müharibə” kimi hədələyici bəyanatla çıxış etmişdilər. Müharibə, əsası olmayan bəyanatların müəlliflərinə güc nisbətinin əslində kimin xeyrinə olduğunu əyani nümayiş etdirdi.

Postmüharibə dövründə isə rəsmi Bakı İrəvanı maraqlarımızla hesablaşmağa məcbur edib.

Məlum olduğu kimi, bu gün Azərbaycanın əsas prioriteti sülh müqaviləsinin imzalanması və regionda əməkdaşlıq mühitinin təmin olunmasıdır.

44 günlük müharibədən 3 il keçməsinə və rəsmi Bakının səmimi səylərinə, təşəbbüskarlığına baxmayaraq, sülh hələ də imzalanmayıb. Bunun əsas səbəbi isə Ermənistanın destruktiv mövqeyi və kənar güclərin təzyiqinə, bəzən də təlqininə məruz qalmasıdır. Asılı olduğu güclər “hansı havanı çalırsa, İrəvan da onu oynayır”.
 
Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan indiyə qədər dəfələrlə məhz Vaşinqton platformasına üstünlük verdiklərini bildiriblər. Niyə? Sülh istəyən bir dövlət üçün bu nə qədər məntiqli yanaşmadır.

Birincisi, ABŞ okeanın o tayıdır, region ölkəsi deyil. İrəvan niyə bölgəni qoyub okeanın o tayına boylanır? Digər tərəfdən məgər Ermənistan bilmir ki, ABŞ 30 il ərzində Minsk qrupunun həmsədri kimi heç nəyə nail olmayıb? Əlbəttə, bilir.

Bəs bunları bildiyi halda İrəvan niyə Qərb platformasına üstünlük verir? Çünki Ağ Ev və Yelisey sarayı İrəvan vasitəsilə öz oyunlarını oynamağa çalışırlar. Paşinyan isə bunu bilə-bilə, Ermənistanın regionun Ukraynasına çevrilməsi təhlükəsinin hər ötən gün yaxınlaşdığını anlaya-anlaya siyasi iradə nümayiş etdirə bilmir.
 

Bütün bunların fonunda Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 21-də yaydığı bəyanat diqqət çəkir. Sənəddə qeyd olunub ki, Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Xarici siyasət idarəsi İrəvana məqbul olan ərazidə və ya dövlət sərhədində görüşün keçirilməsini təklif edib.

İndiki həssas məqamda rəsmi Bakının bu bəyanatı yayması heç də təsadüfi deyil. Çünki dediyimiz kimi, Ermənistanın sözü ilə əməli üst-üstə düşmür.

Sülh müqaviləsi üçün Qərb platformasına üstünlük verilməsi, nəhayət, əməkdaşlıq mühitinin yaranmasına yox, vaxt qazanmağa və ABŞ-lə Fransanın sifarişlərini yerinə yetirməyə hesablanıb. Onu da nəzərə almaq lazımdır ki, ehtimal olunan sülh müqaviləsinin Qərb ölkələrinin birində imzalanması Vaşinqtonla Parisin regiondakı təsir gücünün artması deməkdir. Bu isə nəinki Azərbaycanın, heç bölgənin də maraqlarına uyğun deyil. ABŞ hara sülh gətirib ki, Cənubi Qafqaza da sülh gətirsin?
 

Fikrimizcə, rəsmi İrəvan sülh istəyində səmimidirsə siyasi iradə göstərməli, ikitərəfli təmaslara üstünlük verməlidir. Ehtimal olunan sülh müqaviləsinin qonşu Gürcüstanda imzalanması tamamilə mümkündür. Rəsmi Tbilisi də dəfələrlə öz vasitəçiliyini təklif edib. Həm də nəzərə almaq lazımdır ki, Gürcüstan region ölkəsidir. Sülh və sabitlik birbaşa Tbilisinin də maraqlarına uyğundur. Ona görə də riyakarlıq etməyəcək.

Beləliklə, Paşinyan məntiqli olmalı, uzaq perspektivi düşünməlidir. Əks halda uduzacaq...

Qeyd edək ki, yazı dərcə hazırlanan zaman Ermənistan XİN ikitərəfli görüş barədə rəsmi Bakının noyabrın 21-də elan etdiyi təklifə reaksiya verərək, İrəvanın buna hazır olduğunu bildirib. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini isə zaman göstərəcək...

“Report” İnformasiya Agentliyi

Bənzər xəbərlər

Gündəm

0.029895067214966