Keçmiş məcburi köçkün: “Laçından ayağıyalın, başıaçıq çıxdıq, dövlətimiz isə evimizi bizə dolu qaytardı”
“Çox istəyərdim ki, Laçına atamla qayıdım, amma heyif ki, bu günləri görmək ona qismət olmadı”.
Bu sözləri Mozalan.az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Ülviyyə Atakişiyeva deyib.
O bildirib ki, Laçından çıxarkən 12 yaşı olub:
“Laçından ayağıyalın, başıaçıq çıxdıq. Ermənilər bizə imkan vermədilər ki, evdən nəsə götürək. Evimizi dolu şəkildə qoyub çıxdıq. Bu gün isə dövlətimiz bizim torpağımızı, evimizi bizə dolu qaytardı. Hər cür şərait yaradıb bizi öz yurdumuza köçürdü. Atamın da ən böyük arzusu Laçına qayıtmaq idi, amma ömrü vəfa etmədi. Əminəm ki, bu gün onun ruhu şaddır.
Bu günü bizə bəxş edən Ali Baş Komandana, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Xatırladaq ki, bu gün Laçın şəhərinə 21 ailə (81 nəfər) köçürülüb. Bununla da 346 ailənin (1 326 nəfərin) Laçına köçü və məskunlaşması təmin edilib.
Aytac Qasımova