İmtahan sualında yanlışlıq olub? - 98 nəfərin şikayətinə DİM-dən CAVAB
Noyabrın 5-də Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə vakant vəzifələr üçün elan olunmuş müsabiqənin test mərhələsindəki bir neçə tapşırıqla bağlı suallar yaranıb.
Bununla bağlı “Qafqazinfo”ya həmin test imtahanında iştirak edən bir neçə şəxs müraciət edib.
Vətəndaşların sözlərinə görə, iki variant üzrə ayrılmış sual kitabçalarının A variantında 77-ci, B variantında isə 69-cu sualda yazıçı Anarın ssenari müəllifi olduğu film soruşulur.
Sual belədir:
Yazıçı Anarın ssenari müəllifi olduğu film hansıdır?
A) “Nəsimi”
B) “Dədə Qorqud”
C) “Babək”
D) “Koroğlu”
Vətəndaşlar düşünürlər ki, bu sualın iki doğru cavabı ola bilər: “Dədə Qorqud” (1975) və “Nəsimi” (1971).
İmtahanda iştirak etmiş bu şəxslər cavab kimi “Nəsimi” variantını seçib. Lakin doğru cavab olaraq “Dədə Qorqud” götürülüb:
“Bu sualdan 98 nəfər şikayətçidir. Məsələ ilə bağlı DİM-ə müraciət də etmişik. Sualda bədii sözü yoxdur. Yalnız film sözü varsa, necə ola bilər ki, sənədli filmi yox, bədii filmi cavabı götürülür?! Bizə deyirlər ki, siz sualı oxuyanda bilməli idiniz ki, söhbət bədii filmdən gedir. Təəssüf olsun ki, sual kitabçası bizə verilməyib”.
İmtahan iştirakçıların bir neçəsi deyir ki, bu cavabın səhv götürülməsi nəticəsində onlar ikinci tura keçə bilməyib:
“100 sualdan 3-də səhv var idi. Ən çox da bizə təsir edən məhz bu sualın cavabının səhv götürülməsi oldu. Sualın cavabının doğru olduğunu sübut etməkdən ötrü Yazıçılar Birliyinə də getmişik. Şəxsən Anar müəllimin köməkçisi ilə görüşmüşük. Onun özünə də bu barədə məlumat verilib”.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:
“5 noyabr 2023-cü il tarixində dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün test imtahanı keçirilib. İmtahan başa çatdıqdan sonra imtahanın nəticələri ilə bağlı namizədlərdən daxil olan müraciətlərin araşdırılması üçün Apellyasiya Komissiyası təşkil edilib. Komissiyaya daxil olan bütün müraciətlər araşdırılıb, namizədlərin müraciətlərinə müvafiq izahlar verilib.
30-dan çox suala yanlış cavab verərək keçid balını toplamayan bir qrup namizədin ümumi dünyagörüşü blokunda yer alan bir tapşırıqla bağlı müraciəti də araşdırılıb. Bu tapşırıqla bağlı namizədlərə imtahanla əlaqədar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilən proqram, vəsait və digər akademik nəşrlərdən nümunələr göstərilərək tapşırığın şərtinin tərtibində yanlışlığa yol verilmədiyi, eləcə də test metodologiyasına görə tapşırığın yeganə birmənalı doğru cavabının olduğu onlara izah edilib. Bu izahla razılaşan namizədlərlə bərabər, razılaşmayan namizədlər də olub və onlar növbəti mərhələdə ata biləcəkləri hüquqi addımlar haqda məlumatlandırılıblar”.