60 min insanın 50 milyon manatlıq ümidi: Xərçəng xəstələrinin büdcədən gözləntiləri doğrulacaqmı? - FOTO
Azərbaycanda rəsmi qeydiyyata alınmış təxminən 60 min onkoloji xəstə var. Ölkədə daha çox qadınlarda süd vəzisi xərçənginə (2022-ci ildə - 2 565 nəfərdə), kişilərdə - ağciyər xərçənginə rast gəlinir, ümumilikdə isə mədə xərçəngi də artır. Xərçəng xəstəliyinin yalnız 15 faizi genetikdir.
2024-cü ilin dövlət büdcəsindən onkoloji xidmət üçün 50 milyon manat pul ayrılacaq. Bəs 50 milyon manat 60 min onkoloji xəstə nisbətində yetərlidirmi?
Mozalan.az xəbər verir ki, bununla bağlı şübhələr kifayət qədərdir.
Həkim-radioloq Aydın Əliyev bildirib ki, ayrılan bu məbləğə onkoloji xəstələrin müayinəsi, diaqnostikası, müalicəsi, onkoloji klinikaların maddi-texniki bazasının inkişafı və digər xərclər daxildir.
“Bir xəstənin müayinə, diaqnostika və müalicəsi üçün təqribən 800 manat hesablanıb. Bu məbləğ bu xəstələr üçün çox kiçik rəqəmdir. Mən evini satıb, bankdan kredit götürüb, onkoloji xəstəliyinin müalicəsinə xərcləyən insanlar tanımışam. Hətta pulu çatmayıb, sosial şəbəkələrdə bank hesabını paylaşıb, insanlardan pul toplayaraq, onkoloji xəstəliyini müalicə etdirmək istəyən və buna nail ola bilməyib, həyatını itirən xəstələr də görmüşəm. Bu sahəyə daha çox vəsait ayrılmalıdır. Onkoloji xəstəliklər rastgəlmə tezliyinə görə ilk üçlükdədir”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da bu məbləğin onkoloji xəstəliklərin müalicəsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üçün vurğulayıb.
Xərçəng xəstəliyinin növləri çoxdur və növünə görə də müalicəsi, çəkilən xərc dəyişir. Hətta bəzən bu xərc fantastik həddə çata bilir. Bədxassəli böyrək xərçəngindən əziyyət çəkən Rəşad Qarayevin müalicəsi kimi. Onun Mozalan.az-a bildirdiyinə görə, bu xəstəlikdən müalicə almaq üçün bir aya 10 min manat xərci çıxır:
“Düzü, mən Azərbaycanda müalicə almıram. Müayinə və müalicələrim üçün Türkiyəyə gedirəm. Orada, sadəcə, bir aparatla yoxlanmağım min manata başa gəlir. Mənim böyrəyim götürüldü. Bu əməliyyatım isə xəstəxana xərclərimlə birlikdə 45 min manata başa gəldi. Bundan sonra həkim mənə müalicənin davamı üçün iynə və kapsul məsləhət gördü. Üç aydan bir gedirəm Türkiyəyə. Üç aylıq həmin iynə və kapsullar üçün xərcim 23 min manat tutur. Üstəgəl, hər dəfə gedəndə də şişlərin müəyyən edilməsi üçün xüsusi aparatdan keçirəm. Bir aylıq xərcim isə haradasa 10 min manata başa gəlir”.
Süd vəzisi xərçəngindən əziyyət çəkən başqa bir respondentimiz isə Azərbaycanda müalicə aldığını, aylıq 1 000 manatdan çox xərcinin çıxdığını deyir. Bu məbləğə kimyaterapiya, analizlər, həkim yoxlanışı, dərmanların alınması daxildir.
Xərçəng xəstəliyi tək Azərbaycanda deyil, bütün dünyada getdikcə daha çox yayıldığından bəzi insanlarda belə təsəvvür yaranıb ki, əslində, bu xəstəlikdən tam sağaldan dərmanı var, amma daha çox pul qazanmaq naminə bazara buraxılmır.
Onkologiya uzmanı Nicat Xanməmmədov Mozalan.az-a açıqlamasında bunun mümkün olmadığını deyir:
“Son illərdə cəmiyyətdə belə bir düşüncə yaranıb ki, xərçəngin müalicəsi var, amma gizlədilir. Əslində, biz xərçəng xəstəliyini yeni-yeni öyrənməyə başlamışıq. Bu, bizim son 50 ildir öyrənməyə çalışdığımız, son 15 ildə hansısa xüsusiyyətlərini dəqiqləşdirdiyimiz bir xəstəlikdir. İnsan vücudunda 150-200 növə yaxın xərçəng növü, bunların da hamısının ayrı-ayrı müalicə üsulları var. 2000-ci ilə qədər dünya üzrə üç xərçəng xəstəsindən ikisi tamamilə sağlamlığına qovuşub. Dərman istehsalçıları son illər xərçəng xəstəliyi ilə bağlı böyük nailiyyətlər qazanıblar. Amma digər tərəfdən də, ən çox belə firmaların iflas etdiyinin şahidi oluruq. Çünki bir dərmanın sıfırdan hazırlanması milyardlarla dollara başa gəlir. Bu qədər xərc, bu qədər güc, zaman sərf edilib, sonradan dərmanın insanlardan gizlədilməsi mümkün deyil”.
Qeyd etmək lazımdır ki, xərçəng xəstələrinin dövlət təminatına alınması heç də hər ölkədə mümkün deyil.
Bu yaxınlarda belə bir məlumat yayıldı ki, “BionTech” şirkətinin təsisçiləri, türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci xərçəng xəstəliyinə qarşı hazırladıqları vaksinin uğurlu nəticələr verdiyini açıqlayıblar.
Türkiyəli onkoloq Suna Çokmert ölkələrində istifadə olunan xərçəng əleyhinə vaksinlərlə bağlı Mozalan.az-a açıqlamasında bildirib ki, hazırda Türkiyədə bir neçə belə peyvənd var:
“Türkiyədə ağciyər xərçəngi üçün Kubanın “Racotumomab” vaksini istifadə olunur. Bundan əlavə, melanoma adlandırdığımız dəri xərçəngi üçün “Imlygic”, prostat xərçəngi üçün isə “Provenge” adlı vaksinlər, FDA (ABŞ-nin Qida və Ərzaq Administrasiyası - red.) təsdiqi alsa da, Türkiyədə satışı olmadığından xaricdən gətirilərək istifadə olunur”.
Onu da qeyd edək ki, bu vaksinlər çox bahalıdır. Suna Çokmertin sözlərinə görə, Türkiyədə bunu hələ tam şəkildə dövlət qarşılamır:
“Xərcin ödənilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilir. Təsdiq gələrsə, ödənilmə prosesi qanuna müvafiq qaydada həyata keçirilir. Onu da deyim ki, bu, ancaq Türkiyə vətəndaşlarına aiddir. Əcnəbilər üçün bunlar ödənişlidir”.
Araşdırmalara görə, dünyada xərçəngə qarşı 300-dən çox dərmandan istifadə edilir. Effektli, amma çox baha olduğu üçün, həmçinin ölkəmizdə xərcləri dövlət tərəfindən qarşılanmadığından bu dərmanları insanların çoxu əldə edə bilmir.
İcbari Tibbi Sığorta Agentliyindən Mozalan.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda xərçəng xəstəliyi İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil deyil. Yalnız xoşxassəli beyin şişlərinin çıxarılması ilə bağlı cərrahiyyə əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb.
Bəs dövlət təminatı hansı dərəcədə mümkündür? İqtisadçı Eldəniz Əmirov Mozalan.az-a açıqlamasında bu istiqamətdə büdcənin artırılmasının ağlabatan olduğunu deyir:
“2024-cü ilin dövlət büdcəsində ümumi səhiyyə xərclərinin bir milyard 871 milyon olduğunu nəzərə alsaq, bu məbləğin dövlət büdcəsi xərclərinin 5,09 faizi qədər olduğunu görərik. Yəni səhiyyəyə ayrılmış vəsait ümumi büdcə xərclərinin təxminən beş faizini təşkil edir. Amma xərçənglə mübarizəyə sərf edilən məbləğ isə məhz səhiyyə xərclərinin 2,6 faizi edir. Bu istiqamətdə vəsaitin artırılması məqsədəuyğundur. Onu da qeyd edim ki, vəsaitin artırılmasından da vacib olan - vəsaitin düzgün xərclənməsidir”.
Aytac Qasımova