Bakıda piyadanı vuraraq öldürən avtobus sürücüsü ilə bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində avtobusla piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Ceyhun Müslümovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Ceyhun Müslümov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə 3 noyabr 2022-ci il tarixdə, saat 21:11 radələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Alov” zavodunun qarşısında qeydə alınıb.
Belə ki, Ceyhun Müslümov şirkətlərdən birinə məxsus idarə etdiyi “Otokar” markalı 18 nömrəli marşrut xətt avtobusu ilə hərəkətdə olarkən yolu soldan sağa keçmək istəyən sərxoş vəziyyətdə olan piyada P.Məmişovu vurub. Piyada almış olduğu xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Daha sonra Ceyhun Müslümov cinayət məsuliyyətinə cəlb edilib.