Nov 08

Zəfərimiz mübarək!

Zəfərimizin üçüncü ilini qeyd edirik. İldən-ilə 44 günlük müharibədə əldə etdiklərimizin böyüklüyünü daha çox anlayırıq.

Bəli, üç il öncə Xankəndinin qapısında dayanıb Ermənistanla Rusiyanın iştirakı ilə üçtərəfli bəyanatın imzalanmasına razı olanda hamımızda bir nigarançılıq yaranmışdı. “Qarabağa rus sülhməramlıları gəlir, qondarma rejim mövcudluğunu qoruyur, arayiklər, qukasyanlar, saakyanlar yenə üstümüzə hürməkdə davam edəcəklər”, - deyə, düşünmüşdük.

Jurnalist İlham Quliyev “Kaspi” qəzeti üçün məqalə hazırlayıb.

Əldə edilən Zəfərin növbəti təntənəsi

Amma zaman keçdikcə hər şeyə nəzarəti ələ almağa başlayanda, 44 günlük müharibənin sonunda əldə etdiyimiz Zəfərin dəyərinin nə qədər böyük olduğunu bir daha anlamağa başladıq. Sərhəddə ermənilərin növbəti cığallıqlarının qətiyyətli cavabını verəndə, Laçından alternativ yolla bağlı istədiyimizi diktə edəndə, Həkəri çayının üzərində nəzarət-buraxılış məntəqəsi fəaliyyətə başlayanda bir daha anladıq əldə etdiyimiz Zəfərin böyüklüyünü. Bu ilin sentyabrındakı lokal xarakterli antiterror tədbirləri və nəhayətində Xankəndidə bayrağımızın ucaldılması da Vətən müharibəsinin sonunda əldə edilən Zəfərin növbəti təntənəsi idi.

Düşməni də “ağıllandıran” Zəfər

İndi gözəl günlər yaşayırıq. 30 il düşmən işğalında qalan bütün ərazilərimizdə suverenliyimizi bərpa etmişik. Müharibə günlərində bizə hədyanlar yağdıran, Gəncənin raket atəşinə tutulmasına qərar verən Arayiki də artıq həbs edib Bakıya gətirmişik.

Qondarma qurumun buraxılması haqqında sənədə imza atan Şahramanyan İrəvana qaça bilsə də, orada da gizlənməyə deşik axtarır.

Paşinyan da qondarma qurumun İrəvandakı “nümayəndəliyini” bağlamaq qərarı verib. Təbii ki, onları “ağıllandıran” da 44 günlük müharibə sonunda əldə etdiyimiz Zəfərdir.

Bizləri sevinc göz yaşlarına qərq edən Zəfər

Zəfərin emosional tərəfi isə bizim nəslin yaddaşında ölənə kimi qalacaq. Şuşanın azad edilməsi ilə bağlı xəbərin verildiyi günü yaddan çıxarmaq olarmı? Xəbəri dostlarla birgə Bayraq günü ilə bağlı iştirak etdiyimiz bir tədbirdə aldıq. Sevindik, atılıb-düşdük, bir-birimizə sarıldıq. Tədbir keçirilən məkandan çıxıb maşına oturdum və evə doğru yol aldım. Az sonra radionu işə saldım. “Şuşanın dağları” mahnısı səslənirdi. Həmin anda əlim əsdi, kövrəldim və maşını yol kənarına çəkməli oldum. Nə gizlədim, elə maşındaca hönkür-hönkür ağladım.

Əminəm ki, damarında azərbaycanlı qanı axanların əksəriyyəti həmin gün bu hissi bu və ya digər formada yaşamışdı. Bu gözəl, unudulmaz hissi bizə yaşadan da Zəfərimiz idi. İldən-ilə dəyəri bir az da artan Zəfərimiz!

Qələbə xəbərlərinin paylaşıldığı tvitlərlə başlayıb Xankəndidə bayrağımızın ucaldılması ilə məntiqi sonluğuna çatan bu Zəfər daim qeyd ediləcək. Biz hər 8 Noyabr günü gələndə qələbəmizin necə böyük dəyərə malik olduğunu bir daha dərk edəcəyik! 

Bənzər xəbərlər

Gündəm

0.033315896987915