Oct 26

Kəlbəcər, Laçın və Şuşada Azərbaycan brendi olacaq mineral sular istehsal ediləcək

“Kəlbəcər, Laçın və Şuşada mövcud termal mineral su yataqlarında Azərbaycan brendi ola biləcək terminal su istehsalının ilkin mərhələsindəyik”.

“Report” xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Beynəlxalq Geologiya-Mədənçilik Forumunda Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycan üçün perspektivləri mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son araşdırmalara əsasən, yalnız Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində geniş spektrə malik 900-dən artıq təzahürlər müəyyənləşdirilib, qiymətləndirmə mərhələsinə yönəlib.

Agentlik sədri bildirib ki, artıq Azərbaycanda dağ-mədən sektorunda yerli şirkətlər fəaliyyət göstərir: “Dağ-mədən sənayesinin yaradılması və onun fəaliyyətinin mənbəyində bilavasitə geoloji-kəşfiyyat fəaliyyəti dayanır”.

Ə.Əliyev söyləyib ki, Azərbaycan geoloji-tektonik mövqeyinə və mineral-xammalın formalaşma xüsusiyyətlərinə görə böyük potensiala malikdir:

“Burada zəngin neft yataqları ilə yanaşı çoxsaylı dəmir, kobalt, xrom, alüminium, civə, manqan, mis, polimetallar, molibden, qızıl, mərgümüş, sürmə, qeyri-metal, yeraltı şirin və termal-mineral su və s. kimi yataqlar kəşf edilib və ehtiyatları hesablanıb. Hazırda ölkə miqyasında 900-dən artıq qeyri-filiz, 55 filiz, 113 şirin və termal-mineral su yataqları kəşf edilib, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilib”.

Bənzər xəbərlər

Gündəm

0.065861940383911