Oct 24

Başı kəsilən Arvana adamı, süni intellektin təxmini - Arxeoloq SİRLƏRİ AÇDI - MÜSAHİBƏ + FOTO

“Süni intellektin rekonstruksiya etdiyi sərt çənə cizgili, uzun sifət quruluşlu, əlləri iri olan insan tipologiyası bu gün də Yardımlının Arvana kəndində yaşayan insanlarla oxşarlığa malikdir. Bu oxşarlığa əsasən deyə bilirik ki, ən azı 3 000 il öncə insanlar burada məskunlaşıblar. Arxeoloji qazıntılar bizi bu tarixə aparır və bu tarix get-gedə qədimləşə bilir”.

Bunu Mozalan.az-a müsahibəsində tarix üzrə fəlsəfə doktoru, dosent, arxeoloq Anar Ağalarzadə deyib. Arxeoloq maraqlı tapıntılar, həqiqi və aldadıcı kurqanlar, Arvana adamının identifikasiyasında süni intellektin köməyi və s. mövzular barədə danışıb. Müsahibəni təqdim edirik:

- Yardımlıda bir neçə kənddə - Kürəkçi, Alar, Qaravuldaş, Ökü, Ostayır, Perimbel və Arvana kəndlərində kurqanlar mövcuddur. Bu abidələri birləşdirən oxşar və fərqli cəhətlər nələrdir?

- Bizim ilkin hədəfimiz sərhədyanı ərazilərdə arxeoloji tədqiqatlar aparmaqdır. Bu bizə hava, su kimi lazımdır. Mən demirəm ki, bu sırf hansısa məqsəd, torpaq iddiaları ilə bağlıdır. Amma hər bir halda elə bir dövr gələ bilər ki, bəzi qonşularımız bu qazıntılara müxtəlif don geyindirə bilərlər. Bu mənada Yardımlı rayonu arxeoloji abidələrlə çox zəngin olan ərazidir. Burada tarixin müxtəlif dövrlərinə aid sıx şəkildə yerləşmiş abidələrin çoxluğu Yardımlını Azərbaycanın digər ərazilərindən fərqləndirən səciyyəvi xüsusiyyətlərdən biridir. Çox ehtimal ki, bunun da ən başlıca səbəbi bölgənin əlverişli təbii və mülayim iqlim şəraitidir. Bu ərazilər tarixi torpaqlarımız olan Cənubi Azərbaycanla həmsərhəddir və şübhəsiz ki, İranın şimal-şərqində də oxşar abidələr üstünlük təşkil edir.

Qeyd etdiyiniz kimi, rayonun adları çəkilən kəndlərində mövcud olan kurqanların sayı yüzlərlədir və hələ XX əsrin 70-80-ci illərində onların qeydiyyatı aparılıb. Lakin əsaslı arxeoloji qazıntılar aparılmadığı üçün onların hansı dövrə aid olduğu dəqiq deyil. Çünki kurqanlar tarixin fərqli mərhələlərində vəfat etmiş insanların şərəfinə ucaldılmış dəfn abidələridir.   


 - Bizim diqqətimizi cəlb edən 2019-cu ildə qazıntısını apardığınız Arvana kurqanlarıdır. Ümumiyyətlə, bu kurqanlardakı qazıntılar nə qədər zaman aldı?

- Qeyd etdiyiniz kimi, 2019-cu ilin yayında biz Arvana kəndinin ərazisində, el arasında Qaryatan deyilən yerdə, dəniz səviyyəsindən 1 500 metr yüksəklikdə kurqanların axtarışına başladıq. Çünki bu kurqanların üst örtüyü çox da hündür deyil. Ona görə də onları uzaqdan müşahidə etmək qeyri-mümkündür. Axtarışlar zamanı bu tip abidələrin strukturu haqqında abidə mühafizlərinə müvafiq təlimatlar keçdiyimiz üçün onlar, demək olar ki, hətta kiçik kurqanı belə təsbit edə bilirdilər. Yerli sakinlərdən birinin məlumatı əsasında sahəyə baxış keçirdik və kurqanın mövcudluğu bizə məlum oldu. Beləcə, bir neçə gün ərzində biz tapdığımız bu qəbir abidəsinin qazıntısını apardıq. Şübhəsiz ki, qazıntıları xüsusi alətlərlə və ehtiyatla aparmağımız zamanımızı aldı. Qədimlərdə dəfn zamanı məzar üzərinə daş atmaq adəti olub. Qazıntı prosesi bizə göstərdi ki, bu kurqan daş qutu tipli olub, dəfn kamerası nəhəng sal qaya daşlarından qurulub.


- Daş qutu tipli kurqanlar barədə nə deyə bilərsiniz?

- Qədim insanlar dərk edirdilər ki, dağlıq ərazilərdə davamlı təbiət hadisələri qəbirlərə təsir edib, onları dağıda bilər. Ona görə də qəbirlər daş qutu formasında hazırlanırdı və bu, dağlıq ərazilərə xas dəfn qaydasıdır. Məsələn, siz heç vaxt Aran bölgəsində daş qutu tipli kurqanlara rast gələ bilməzsiniz.

Arvana kurqanının qazıntısı zamanı maraqlı dəfn adəti də üzə çıxdı. Onu deyim ki, buradakı qəbir yer səthindən 1,1 metr dərinlikdən tapılıb. Öncə aşkar edilən qəbir çalasının üst hissəsində qabları gördük. Biz heç inanmırdıq ki, oradan bu qədər zəngin materiallar çıxar. Qeyd edim ki, bəzən kurqanlar aldadıcı olur.

- Niyə? Bəs bu aldadıcı kurqanlar arxeoloqlara abidələrdə qazıntı aparmaq üçün seçim etməkdə çətinlik yaratmırmı?

- Əlbəttə ki, yaradır. Amma qədimdə yalançı kurqanlar çox olub. Məntiq o idi ki, dəfn yerləri qarət edilməsin. Qədim dövrdə də qəbir qarətləri çox olub. Alimlər deyirlər ki, tayfalar arasında ədavət, eləcə də metala ehtiyac çox olduğundan dəfn edilən nüfuzlu şəxslərin qəbri qarət edilirmiş. Tarixin hər dövründə insanlar metal və qiymətli əşyaların axtarışında olublar. Çox vaxt qəbirlər açılıb və zinət əşyaları, silahlar oğurlanıb. Ona görə də çox vaxt yalançı kurqanlar düzəldib həqiqi olanları diqqətdən kənarda saxlamağa çalışıblar.

Misal üçün, tədqiq etdiyimiz 2 saylı Arvana kurqanı mükəmməl düzümə malik olsa da, lakin qazıntı prosesi onun aldadıcı olduğunu üzə çıxartdı. 

- Məzarların qarət olduğuna dair belə dəqiq məlumatlar haradandır?

- Bunu dəfn kamerasında skeletin vəziyyətinin dəyişməsindən bilmək olur. Ən azından, alimlər fikirlərini belə izah edirlər. Nəzəriyyəyə görə, qədimdə meyitlər müxtəlif - bükülü, yarımbükülü, sıx bükülü, arxasıüstə, əllər sinədə çarpaz və s. formada dəfn olunurdu. Yəni insanın dəfn çalasında anatomik vəziyyətinin dəyişməsi buna əsaslı sübutdur. Misal olaraq, sıx bükülü formada dəfn olunan qəbirlər qazılarkən cənazənin forması dəyişibsə, artıq bilinirdi ki, bu qəbir qarət edilib.

- Heç öz praktikanızda bu və ya buna bənzər situasiya ilə rastlaşmısınızmı?

- Bəli, Cəlilabadda bir qazıntı aparırdıq. Orada Eneolit dövrünə aid bir qəbir açdım. Qəbirin vəziyyəti məni çaşdırdı. Qəbrin aid olduğu dövr üçün sıx bükülü dəfn prosesləri xarakterik olduğundan qəbirdə insanın dəfn vəziyyətinin dəyişməsi məni təəccübləndirdi. Onda başa düşdüm ki, bu qəbir daha əvvəllər qarət olunub. Arxeologiya çox maraqlı sahədir. Gördüklərini elmi cəhətdən izah etməlisən ki, başa düşülsün.

- Arvana kurqanındakı maddi mədəniyyət nümunələrinin forma və müqayisəli təhlillərinə əsasən, tarixin hansı dövrünə və hansı bölgələrə xas olduğu ehtimal edilir?

- Qeyd etdiyim kimi, qazıntılar zamanı maraqlı qablar üzə çıxdı. Biz bu materialların təhlilini apardıqda kurqanda tarixin iki fərqi arxeoloji mədəniyyətinin izlərini tapdıq. Bunlar Son Tunc-İlk Dəmir dövrü Xocalı-Gədəbəy və Talış-Muğan sinxron mədəniyyətlərinə aid artefaktlar idi. Bu tapıntıların elmi mahiyyəti odur ki, bəhs olunan dövrdə hər iki mədəniyyətin tayfaları arasında mədəni-iqtisadi əlaqələr olub. Tam dəqiq desək, səkkiz ədəd küpə, boşqab tipli, kiçik ölçülü qab tapıldı. Bir qəbrin içərisində iki mədəniyyətin aşkarlanmasına çox nadir rast gəlinir.

Qabların altından isə arxası üstə uzadılaraq dəfn edilmiş insana məxsus skelet tapıldı. Tapılan skeletin ayaqları arxa tərəfdən qatlanmış formada idi. Skeletin bel hissəsində uzunluğu 90 sm olan rapiraşəkilli qılınc və bir ədəd xəncərin aşkarlanmasına əsasən deyə bilərik ki, bu, döyüşçü qəbri olub. Qabların qoyulması isə dövrün dini inancı və axirət dünyasına inamla bağlıdır.


Onu da deyim ki, qadın dəfnlərində metaldan, cürbəcür muncuqlardan aksesuarlar, kişi dəfnlərində isə birmənalı olaraq silahlar - xəncər, qılınc və s. aşkarlanır.

- Hazırda qazıntısı aparılmış Arvana kurqanından başqa, ərazidə digər oxşar kurqanlar mövcuddurmu?

- Çox təəssüflər olsun ki, salamat qalmayıblar. Ərazidə aparılan təsərrüfat işləri zamanı, bəlkə də, saysız-hesabsız bu tip qəbirlər məhv olub. Əlimizdə bunu sübut edəcək faktlar da var. Belə ki, hələ sovet dövründə aparılmış aerokosmik çəkilişlərin arxiv fotolarına baxdıqda biz Arvana kurqanının yaxınlığında bir neçə kurqanın da olduğunu görə bilirik. Lakin hazırda həmin yerlər başdan-başa əkin sahələridir. Beləcə, kiçik kurqanların izi itdiyindən onların araşdırılması da mümkün olmur.

- Bir müddət əvvəl Arvana kurqanından tapılan insan kəlləsi barədə məlumat sosial şəbəkəni əməllicə “silkələdi”. Bu kəllənin bu günədək Azərbaycan ərazisində tapılan digər antropoloji nümunələrdən əsas fərqi nədir?

- Arxeoloji qazıntılar nəticəsində Azərbaycanda tapılan digər antropoloji nümunələrin ehtimal olunan görünüşü, demək olar ki, dünya miqyasında süni intellekt vasitəsilə bərpa edilməyib. Bu, bir ilk idi ki, bizim aşkarladığımız insan kəlləsi süni intellektlə vizuallaşdırıldı. Siz bunu “Ancestral whispers” (“Əcdadların pıçıltısı”) adlı laboratoriyanın internet səhifəsindəki xəritəsində də açıq-aydın görə bilərsiniz. Sözün həqiqi mənasında Yardımlı nümunəsi Azərbaycan arxeologiya və antropologiya elmi üçün yenilikdir.

“Ancestral whispers” laboratoriyası bütün dünyada tapılan antropoloji nümunələri seçim edərək araşdırır və insan kəlləsinin rekonstruksiyası əsasında onun üz cizgilərini bərpa edə bilir. Burada əsas məqam odur ki, gərək həmin kəlləni tədqiq edən antropoloq nümunənin ölçü metodlarını düzgün versin. Bu zaman proses uğurla başa çata bilir. Müsbət haldır ki, Azərbaycan ərazisindən tapılan Arvana kəlləsi də qeyd etdiyimiz kimi sifət quruluşu baxımından bərpa edilib.

- Bu rekonstruksiya və süni intellektlə kəllə sümüyünün bərpasını siz özünüz müraciət əsasında etdirmisiniz?

- Xeyr, açıq deyim ki, bizim buna vəsaitimiz yoxdur. Bu, ən azı, bir neçə min avro qiyməti olan bahalı bir prosesdir. Bizim üçün çox gözəl fürsət də məhz bu oldu ki, həmin elmi tədqiqatlarımıza əsasən, Arvana kəlləsi “Yardimli Late Bronze Age” adı ilə rekonstruksiya edilib. Bu kəllə sümüyü tapılandan bir il sonra, yəni 2020-ci ildə onun üzərində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Dmitri Aleksandroviç Kiriçenko antropoloji tədqiqat aparıb. O, bu tədqiqatının nəticəsini xarici jurnallardan birində “Azərbaycanın cənub bölgəsinin qədim tayfalarında damğalama və dekapitasiya” adlı məqaləsində dərc etdirib. Dekapitasiya - canlı məxluqun başının kəsilməsi deməkdir.

Tədqiqatçının fikrincə, Azərbaycanda hələ ki dekapitasiya izləri olan Son Tunc - İlk Dəmir dövrünə aid yeganə tapıntı məhz Arvana kəlləsidir. Nəticədə məlum oldu ki, bu kəllə avropoid irqinə mənsub, hiperdolixokran (uzunsov kəllə - red.) olub kişi cinsinə məxsusdur. Həmçinin, kəllədə damğalama və dekapitasiya izləri var. Dəqiq araşdırmalarla məlum oldu ki, bu kurqanda dəfn olunmuş fərdin başı doğrayıcı soyuq silahın zərbəsilə kəsilib. O kəllə hazırda muzeydə qorunur. Kəllə sümüyü digər antropoloji nümunələrə nisbətən bütöv qalıb.

- Kəllə sümüyünün üzərində başın kəsildiyini sübut edən nüanslar hansıdır?

- Antropoloqlar bunu xüsusi əlamətlərlə təyin edirlər. Adətən, anatomik olaraq alt çənənin qulaqla bitişən hissəsindəki sümük dəyirmi olur. Amma Arvana kurqanından tapılan kəllədə bu hissə iti və ülgüc kimidir. Bu da insan boynunun sərt və iti bir alətlə kəsildiyinə işarədir. Təəssüf ki, biz bu sümüyü rentgen edə bilməmişik. Rentgen ediləndə məlumatın dəqiqliyi 100 faiz olur.

Amma bütün hallarda antropoloq apardığı tədqiqatla kəllə sümüyünün mümkün dəqiq ölçülərini verib və bu məqalə dünya mətbuatında dərc edilib. Yəqin ki, “Ancestral whispers” elmi laboratoriyası tərəfindən də bu məqalə izlənilib və onların diqqətini çəkdiyi üçün kəlləyə əsasən rekonstruksiya işlənib-hazırlanıb. 


“Ancestral whispers” elmi laboratoriyası dünyanın müxtəlif ölkələrində aşkarlanan bütün antropoloji insan tiplərindən maksimum iki nümunə rekonstruksiya edir. Cənubi Qafqazda isə bu günə qədər belə nümunə üzərində rekonstruksiya işi yalnız Ermənistanda aşkarlanan iki antropoloji tapıntı üzərində aparılmışdı. Azərbaycandan isə qeyd etdiyim ki, Arvanada tapılan kəllə sümüyündə aparılıb.


- Laboratoriyanın internet səhifəsində, səhv etmirəmsə, Arvana antropoloji nümunəsinin “Hasanlu”, yaxud “Arm” olduğu tərəddüdlə yazılıb. Bəs bu barədə siz onlara müraciət etmisinizmi?

- Bəli, onlar da qeydi tərəddüdlə ediblər. Həsənli İrana, digəri də adından göründüyü kimi, Ermənistana işarədir. Bununla bağlı biz nə qədər onlarla əlaqə yaratmağa çalışsaq da, cavab ala bilmədik. Dəfələrlə elektron məktub yazmışıq. Əslində, çox dərinə getsək, bu, böyük problem deyil. Söhbət ibtidai icma quruluşundan gedir. Laboratoriya Arvana nümunəsindən əvvəl məhz Ermənistandan və İrandan olan kəllələri araşdırdığı üçün öncəki nəticələrlə müqayisə etməyə çalışıb. Lakin nəticə etibarilə onlar özləri də bunu qeyri-müəyyən şəkildə və sual işarəsi ilə yazıblar. 

Rekonstruksiya edilən sərt çənə cizgili, uzun sifət quruluşlu, əlləri iri olan insan tipologiyası bu gün də Yardımlının Arvana kəndində yaşayan insanlarla oxşarlığa malikdir. Bu oxşarlığa əsasən deyə bilirik ki, ən azı 3 000 il öncə insanlar burada məskunlaşıblar. Arxeoloji qazıntılar bizi bu tarixə aparır və bu tarix get-gedə qədimləşə bilir.

- Arvana kəlləsini növbəti mərhələdə nə gözləyir? Hansı addımları atmağı düşünürsünüz?

- Biz həmin insan skeletindən kiçik nümunə götürüb ABŞ-nin beta radiokarbon laboratoriyasına göndərəcəyik. Bu nəticə ilə biz bu insanın DNT-sini və yaşını müəyyənləşdirə biləcəyik. Yaxın gələcəkdə bizə bu və digər işləri görmək üçün ciddi maliyyə vəsaiti lazımdır. Əgər aidiyyəti qurumlar bu elmi araşdırmaya zəruri olan maliyyə vəsaitini ayırsalar, bir çox elmi məsələlərə işıq tuta bilərik.

Müvafiq laboratoriyaların ən yaxşısı ABŞ-də olsa da, Türkiyədə də bənzər laboratoriyalar var.

- Bəs bizdə nə üçün bu cür araşdırmaların nəticələrini əldə edəcək laboratoriyalar yoxdur?

- Hazırda Elm və Təhsil Nazirliyinin nəzdində Radiasiya Problemləri İnstitutu fəaliyyət göstərir. Bu İnstitutun tərkibində 10 saylı laboratoriyanın “Arxeoloji obyektlərin radioizotop tarixləndirilməsi” qrupu çalışır. Dosent Sahib Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərən qrup bu istiqamətdə bir çox işlər görür. Onlar dünyanın müxtəlif laboratoriyaları ilə əlaqə yaratmağa çalışırlar. Lakin bizdəki laboratoriya hazırda dünya standartlarına cavab vermir. Açığı deyək ki, orada gənc və savadlı kadrlar var, amma onların fəaliyyəti üçün zəruri şərait və cihazlar yoxdur. Şübhəsiz ki, Azərbaycan elminin də bu cür müasir laboratoriyalara çox ehtiyacı var. Şəxsən mənim tədqiqatlarımdan çoxlu sayda yaşını, DNT-sini müəyyənləşdirilməsini istədiyim nümunələr qalıb. Əgər Elm və Təhsil Nazirliyi gələcəkdə bu cür laboratoriyalar yaradılmasına nail olarsa, biz Azərbaycan tarix elmində bir çox açılmamış sirlərin üzə çıxmasına nail ola bilərik.

Bu gün dünyanın hansısa ölkəsində elmi jurnallara məqalə göndərəndə məqalə elmi rəyə gedən zaman bizdən laboratoriya nümunəsi soruşulur. Xüsusilə də radiokarbon nəticəsi tələb edirlər. Əksər hallarda bunlar olmayanda elmi işlər qeyri-ciddi sayılır və onların çapından imtina edilir. Dünyaca nüfuzlu elmi jurnallarda çıxan məqalələrə baxsanız, hamısının altında tapıntıların bütün laboratoriya nəticələri qeyd edilir.

- Bəs Yardımlıdan sonra növbəti hədəfiniz hansı istiqamət olacaq?

- Növbəti hədəfimiz Azərbaycanın bu günə qədər çox zəif öyrənilmiş cənub-şərq bölgəsində bütünlüklə tədqiqatlar aparmaqdır. XIX əsrin 90-cı illərində fransız arxeoloqlar, missioner iki qardaş - Jak və Henri De Morqanlar Lerik rayonunda arxeoloji qazıntılar aparıblar. Həmin qazıntılar zamanı tapılan 2 000-dən artıq tarixi nümunəni Fransaya aparıblar. Hazırda həmin abidələr Fransada - Sen-Jermen muzeyində qorunub-saxlanır. Mən bununla bağlı Fransaya gedib araşdırma aparmışam, geniş material hazırlamışam.

Azərbaycanın cənub hissəsində XX əsrin 60-70-ci illərində arxeoloji qazıntılar yalnız Muğanda aparılıb. Məsələn, Cəlilabad, Biləsuvar, Masallı rayonlarında. Təəssüf ki, dağlıq hissədə heç bir arxeoloji qazıntı aparılmayıb. Nəzərə almaq lazımdır ki, Azərbaycanın cənub bölgəsinin dağlıq hissəsi xüsusilə Son Tunc, İlk Dəmir dövrü abidələri ilə həddən artıq zəngindir. Arxeoloqlar daha sonra Talış dağlarından da müəyyən tapıntılar aşkarlandığı üçün bu mədəniyyəti birləşdirərək Talış-Muğan mədəniyyəti adlandırdılar.

Ona görə də cənub bölgəsinin dəniz səviyyəsindən 1 500 metr yüksəklikdəki abidələri araşdırılmalı, öyrənilməlidir. Şübhəsiz ki, biz gələcək qazıntılarla haqqında bəhs etdiyimiz bölgənin dağlıq hissəsinin Tunc dövrü cəmiyyətlərinin məskunlaşması mərhələsini izləyə biləcəyik. Bunun üçün isə bizə zaman lazımdır.

- O dövrdə fransızların bu qədər tarixi abidəni daşımasına heç kim sərt reaksiya verməmişdi?

- Çar hökuməti dövründə buna qarışan yox idi. İcazə alıb gəlib istədikləri yerdə arxeoloji qazıntılar apara bilirdilər. Bu Jak De Morqan tək bizdə deyil, Ermənistanda, Gürcüstanda, İranda da bənzər qazıntılar aparıb. Tapdığı nə abidələr vardısa, hamısını da daşıyıb aparıb. Təəssüf ki, o dövrdə tapılan nümunələrdən heç biri bizim əlimizdə qalmayıb. Onların qazıntılarından sonra həmin ərazilərdə heç bir ciddi arxeoloji tədqiqatlar aparılmayıb. Hətta deyilənə görə, Morqan kor-koranə apardığı qazıntılarda heç əziyyət də çəkməyib. O vaxt yerli camaatı qızıl pul ilə ələ alaraq ərazini elə onlara qazdırıb.

- Bu qazıntılarla bağlı İrana səfəriniz olubmu?

- Məhz bu Yardımlıda olan qazıntılarla bağlı olmasa da, daha öncə bir neçə dəfə İranda elmi konfranslarda olmuşam. Orada aparılan arxeoloji qazıntı prosesləri ilə tanış olmuşam. Eynən bizim qazıntı metodları ilə eynidir.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Bənzər xəbərlər

Gündəm

0.057652950286865