2024-cü ilin büdcəsində tikinti xərcləri niyə azaldılıb? - AÇIQLAMA + FOTO
Maliyyə Nazirliyinin yaydığı məlumata görə, 2024-cü ildə Azərbaycanda dövlət büdcəsində tikinti və şəhərsalma xərcləri 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 15,5% və ya 1 milyard 152 milyon 529 min 700 manat azaldılacaq və 6 309 440 300 manat təşkil edəcək. 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində tikinti və şəhərsalma xərcləri 7 461 970 000 manat proqnozlaşdırılıb.
Tikinti xərclərinin azaldılması nə ilə bağlıdır?
Bizim.media-nın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı-ekspert Xalid Kərimli ötən illə müqayisədə azalmalara baxmayaraq, bu rəqəmlərin kifayət qədər böyük olduğunu bildirib:
Tikinti işlərinin plan əsasında həyata keçirildiyini deyən müsahibimiz qeyd edib ki, əvvəlki illərdə infrastruktur layihələrinə daha çox vəsait xərclənirdi:
“Əsasən də dəmir və avtomobil yolları xətlərinə xeyli miqdarda vəsaitlər sərf olundu. Bunlar da ətraflı və planlaşdırılmış şəkildə həyata keçirildi”.
Növbəti ilin layihəsində bu planlaşdırmanın və yeni istiqamətlərin olmadığını söyləyən ekspertin sözlərinə görə, dövlətin planlarına uyğun olaraq tikinti ardıcıllığı mövcuddur:
“Hökumət buna uyğun olaraq, investisiya layihələri həyata keçirir. Bu tip büdcə xərcləri əhəmiyyətinə görə sosial xərclərdən sonra gəlir. Bir də büdcənin müdafiə olunan xərcləri var ki, bunlar da əməkhaqları, sosial müavinətlər, səhiyyə təhsil və digərləridir. Hökumət də bu istiqamətləri mühüm hesab etdiyi üçün heç vaxt azaltmır. Ancaq infrastruktur və investisiya tipli xərcləri isə sonradan konservativ şəkildə planlaşdıra və artıra bilir.
Biz bu planın cari ilin iyun ayında effektiv şəkildə görə bildik. Belə ki, ilin əvvəlində büdcə xərcləri 33 milyard manat planlaşdırılsa da, büdcə gəlirləri artdı, icra vəziyyəti yaxşılaşdı və 3 milyard manat əlavə olundu. Bu da müdafiə qabiliyyətinin yaxşılaşdırılmasına, təhlükəsizlik məsələlərinə, eyni zamanda Qarabağın və Şərqi Zəngəzurun bərpasına ayrıldı”.
Müsahibin bildirdiyinə görə, 2026-2027-ci illərə qədər 140 min məcburi köçkünün mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərə köçürülməsi məsələsi də gündəmdədir:
“Laçında hökumət vətəndaşları mövcud evlərə yerləşdirməyə başladı. Bəzi yerlərdə isə yaşayış infrastrukturu tamamilə dağıdılıb, ancaq ermənilərin kompakt yaşadığı yerlərdə boşalmış mənzillər hazır vəziyyətdədir. Bir sözlə, ermənilər Şuşada, Xocalıda, Xankəndidə işğal dönəmində kompakt şəkildə yaşayıblar və infrastruktur olduğu kimi qalıb”.
X.Kərimli onu da vurğulayıb ki, bu tip xərclər büdcədə lazım olan xərclər kimi götürülmür və Dövlət Neft Fondunun ayırmaları əsasında bu xərclər nəzərə alınır:
“Ehtiyatlarımız olsa da, belə xərclər planlaşdırılmış işlərə uyğun şəkildə ardıcıllıqla gedir. Ancaq bu o demək deyil ki, daha çox pul xərclənməlidir və daha çox iş görülməlidir. Bir neçə il əvvəl dağları dəldilər və Kəlbəcər istiqamətində tunel tikdilər. Bundan başqa, Qarabağda üç hava limanının inşası həyata keçirildi və hazırda bu istiqamətlərdə böyük xərclər hesabına işlər davam etdirilir. Ancaq bu işlər yekunlaşdığına görə, növbəti mərhələlərdə daha az vəsait lazım olacaq”.