Oct 16

Mənim Ali Baş Komandanım!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Mən həyatımda heç vaxt məktub yazmamışam, açığı bunu bacarmıram da. Amma bu gün bu məktubu yazmaq istədim. 
30 illik dərd-sərin içindən sağlam, qürurlu və alnıaçıq çıxdığım üçün. 

Mənim Ali Baş Komandanım, sizin əsgəriniz olduğum üçün xoşbəxtəm! 20 il ərzində hər bir sözün, kəlmənin arxasında durduğunuz üçün, bizə inandığınız üçün sizə təşəkkür edirəm. Bu 30 illik mübarizənin ən önəmli frazası da məhz bir-birimizə olan inam, bu inamın çətin sınaqlardan keçərək sarsılmaması idi.

Altı yaşında evinin pəncərəsindən SSRİ ordusunun qara tanklarını görən, 20 yanvar qətliamına şahidlik edən, ac qalan, yeməyə çörək tapmayan uşaqlarıq biz. O yaşda kimsəsiz olduğunu, zəif olduğunu anlamaq o qədər ağırdır ki...

Dövlət və dövlətçilik baxımından yiyəsiz, yetim olmaq o qədər çətindir ki... Hər gün xəbərlərdə “bu ərazilər də itirildi”, “filan qədər itkimiz var”, “filan qədər əsir düşənimiz var” cümlələrini eşitmək... Hər gün daha da əzilmək, kiçilmək, yox olmaq... Hər gün şəhid dəfnlərini görmək, qadınların məhəllədə çığırtısını eşitmək...

Mənim hələ bəxtim gətirmişdi ki, mən paytaxta doğulmuş və yaşayan sakin idim. Xocalıda, Ağdamda, Füzulidə, Xocavənddə, Şuşada, Laçında nələr baş verirdi, nə fəryadlar göyə, Allahın qulağına çatırdı görəsən? “Üzünü göstər, üzünü” hayqırtısıyla Çingizin ağlaması göyün neçənci qatına çatmışdı görən, yoxsa elə havada erməni gülləsinə tuş gəlmişdi o hayqırtı?

Bəlkə o zaman Allah da bizdən üz çevirmişdi...

İndi gəl bütün bu ağrı-acıyla özünə inan ki, qalib gələcəksən. Amma Ali Baş Komandan bizə inandı, içimizdə özümüzə qarşı olan inam hissimizi özümüzə qaytardı. Bizim güclü, böyük xalq olduğumuza inandı və bizi qələbəyə apardı. 

2020-ci ilin bu vaxtları əllərimiz göydə, Allaha dua edirdik, yalvarırdıq ki, “Ya Rəbb, nə olar, yağış yağmasın, PUA-lar işini görə bilsin, ordumuz az itki versin”. Dərdə bax, yaraya bax, dəhşətə bax... Hər dəqiqə üçün bilirsən ki, daha bir oğul torpaq uğrunda şəhid olur, sən də anlayırsan ki, bunun başqa yolu yoxdur, amma Allaha yalvarırsan ki, havalar sakit və mülayim keçsin. 

Guya yağış yağmasa ayaqları palçığa batmayacaq, özlərinə soyuq olmayacaq. İlahi, görəsən yeməkləri varmı? Həmin uşaqlar ölümə gedirlər. Mahnıyla, rəqslə, deyib-gülməklə... 

Bu qarışıq, ağrılı fikirlərin içində isə hər an telefonun ekranında Ali Baş Komandanın “Twitter” səhifəsindən gələn bildirişi görə bilərdin.
Bir-bir işğal altında olan ərazilər geri qayıdır, Azərbaycan bütövləşir, xalq bütövləşir, bir yerdə ağlayır, bir yerdə şəhid dəfn edir, bir yerdə gözaydınlığı verir ki, “Ay qardaş, mən daha qaçqın deyiləm!”

Mənim Ali Baş Komandanım, nə yaxşı ki, bu günləri görmək mənə qismət oldu. 

Dünən 15 oktyabr 2023-ci il tarixində Ali Baş Komandan Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə üçrəngli Azərbaycan bayrağını aydın Qarabağ səmasına qaldıranda dizlərim büküldü. Bu qüdrətin olması, yaşanması bəlkə də heç mənim dədə-babamın ağlına belə gəlməzdi. Biz nə vaxt böyüdük? Nə vaxt dərddən çıxdıq? Nə vaxt anladıq ki, qana-qan, cana-candır bu dünya? 

Var olun, Ali Baş Komandan! Daha bu müharibə mənim oğluma, onun oğluna qalmadı. Daha bizim uşaqlar atalarının bayrağa bükülmüş tabutunu qucaqlamayacaqlar. Daha analar oğul tabutu önündə xonça tutmayacaq, dərddən havalanıb rəqs etməyəcəklər. Qız-gəlinlər sevdiyi həyat yoldaşı şəhid olduğu üçün canına qəsd etməyəcəklər. Çıraqlar sönməyəcək! 

Mənim Ali Baş Komandanım, sizin əsgəriniz olduğum üçün xoşbəxtəm!

Bənzər xəbərlər

Gündəm

0.070585012435913