Qrip əleyhinə vaksinasiya prosesi niyə gecikir? - RƏSMİ AÇIQLAMA
“Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində qrip əleyhinə peyvəndlənmə aparılmır”.
Bu barədə “Trend”in sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib.
“TƏBİB-in tabeliyindəki tibb müəssisələri vaksinasiya üçün hazır vəziyyətdədir. Vaksinlər müəssisələrə daxil olacağı halda peyvəndlənmə prosesinə başlanıla bilər”, - deyə qurumdan əlavə edilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyindən ölkəyə yenidən qrip əleyhinə vaksinlərin gətiriləcəyi bildirilib.
“Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub”, - deyə nazirlikdən qeyd edilib.
Xatırladaq ki, ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qripə qarşı peyvənd olunub.