Oct 07

AQTA sədri: “Rusiyaya bir sıra qida məhsullarının ixracı prosesi daha da sadələşəcək” - MÜSAHİBƏ

“Rusiyaya bir sıra qida məhsullarının ixracı prosesi daha da sadələşəcək”.

Bu fikri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Sözügedən müsahibəni təqdim edirik:

- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiyanın müvafiq mərkəzi və regional qurumları arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

- Hazırda AQTA-nın nümayəndə heyəti Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətində görüşlər keçirir. Bizim bir neçə istiqamətdə əməkdaşlığımız var. Fürsətdən istifadə edib həmkarım, “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertə həm AQTA-nın ünvanına, həm də Azərbaycanda istehsal olunan məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı dediyi xoş sözlərə görə təşəkkürümü bildirirəm. Biz “Rosselxoznadzor”la qarşlıqlı əməkdaşlıq şəraitində bir sıra layihələr həyata keçiririk.

Bu, ilk növbədə, heyvan sağlamlığı ilə bağlı olan məsələlərdir. Belə ki, həmkarlarımızla birlikdə belə qərara gəldik ki, ilk növbədə, transsərhəd xəstəliklərlə mübarizə istiqamətində birgə fəaliyyət planı hazırlayaq və ilin sonunadək quduzluq kimi xüsusi təhlükəli xəstəliyə qarşı birgə peyvəndləmə tədbirlərini həyata keçirək. Bundan başqa, dabaq xəstəliyi ilə mübarizə tədbirlərini də rusiyalı həmkarlarımızla müzakirə etmişik və belə qərara gəlmişik ki, dabaq xəstəliyinə qarşı Rusiyada istehsal olunan “SAT-2” peyvəndlərinin ekspertizasına başlayaq. Artıq müvafiq qeydiyyat prosedurları və keyfiyyət göstəriciləri müəyyənləşəndən sonra pilot layihə kimi Azərbaycanın bir sıra sərhəd rayonlarında heyvanların peyvəndlənməsinə başlanacaq.

- Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixrac prosesi hazırda necə gedir?

- Azərbaycan ötən 9 ay ərzində Rusiyaya ən çox meyvə-tərəvəz ixrac edən ölkədir. Sevindirici haldır ki, bu il Azərbaycandan məhsul ixracı 7 faiz, o cümlədən giləmeyvələrin ixracı təxminən 27 faiz, tumlu və çəyirdəkli meyvələrin ixracı isə təxminən 50 faizə qədər artıb. Bu il ötən illərlə müqayisədə Azərbaycandan ixrac olunan məhsullarda aşkarlanan zərərvericilərin sayı isə azalıb, məhsullarımızın sağlamlıq göstəriciləri beynəlxalq standartlara tam uyğun gəlir. Həmkarlarımız bunu Azərbaycanda meyvə və tərəvəz istehsalına dövlət nəzarətinin artması ilə əlaqələndirirlər. Biz “Rosselxoznadzor”un ekspertləri ilə belə qərara gəldik ki, bir sıra məhsulların ixracı zamanı heç bir laborator müayinə həyata keçirilməyəcək. Belə məhsulların siyahısı rusiyalı həmkarlarımızla birgə tərtib ediləndən sonra təsdiqlənəcək və biz bu barədə sahibkarlara məlumat verəcəyik. Əvvəl ixrac zamanı bir sıra məhsulların, məsələn, tumlu və çəyirdəkli meyvələrin hər partiyası xüsusi bitki xəstəliklərinə görə yoxlanılırdı. Bu gün apardığımız danışıqlar nəticəsində bir sıra kənd təsərrüfatı məhsulları laborator müayinələrə cəlb edilmədən AQTA-nın zəmanət məktubu əsasında bu ölkəyə ixrac olunacaq. Bu isə Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı prosesini daha da sadələşdirəcək. Beləliklə, əldə olunan nəticə Azərbaycanın məhsul ixracı potensialının artırılmasına və Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edən şirkətlərin işinin asanlaşmasına gətirib çıxaracaq. Biz, həmçinin tez xarab olan bitkiçilik məhsullarının ixracının sadələşdirilmiş qaydada həyata keçirilməsi barədə həmkarlarımızla razılığa gəlmişik.

Bildiyiniz kimi, “Qida təhlükəsizliyi haqqında” Qanun Azərbaycanda yanvar ayının 1-dən qüvvəyə minib. Mən rusiyalı həmkarıma təşəkkür edirəm ki, bizim burada apardığımız qiymətləndirmələri dəstəklədilər. Biz Rusiyada 100-ə qədər müəssisədə qiymətləndirmə keçirmişik və onlar da həmin məhsullar üzərində dövlət nəzarətini daha da gücləndirə biliblər. Biz həmkarlarımızla yüksək risk daşıyan məhsullar, o cümlədən ət və ət məhsulları, süd və süd məhsulları, balıq və balıq məhsulları istehsal edən müəssisələrin idxal-ixrac prosedurları zamanı Azərbaycan qanunvericiliyinə uyğun olaraq ekvivalentlik məsələsinə start vermişik. Ekspertlər qrupu səviyyəsində işlər aparılır. Gələn ildən AQTA-nın və “Rosselxoznadzor”un zəmanət məktubları ilə həmin müəssisələrin qeydiyyatı həyata keçiriləcək. Yalnız risk əsaslı yoxlamaya əsasən, müəyyən partiyalarla həmin məhsullar üzərində dövlət nəzarəti həyata keçiriləcək ki, bu da Azərbaycanda heyvan mənşəli məhsullar istehsal edən müəssisələrə gələcəkdə məhsullarını daha çevik şəkildə ixrac etməyə imkan verəcək.

- AQTA xaricdə fəaliyyət göstərən və ölkəmizə qida məhsulları ixrac edən müəssisələrin qeydiyyatını həyata keçirir. Bu istiqamətdə Rusiyada fəaliyyət göstərən və ölkəmizə qida məhsulları idxal edən müəssisələrin qeydiyyatı hansı mərhələdədir və bu prosesi necə qiymətləndirirsiniz?

- Azərbaycana yüksək riskli ərzaq məhsulları ixrac edən müəssisələrin qeydiyyatı davam edir. Bizim tərəfimizdən Rusiyanın özünün təqdim etdiyi siyahıya əsasən, qiymətləndirmələr həyata keçirilir. Qiymətləndirmələr yerində və onlayn formatda aparılır. Həmin proses sona çatdıqdan sonra Rusiya tərəfinin müvafiq qurumu bizə ekvivalentliklə əlaqədar müraciət edəcək. Biz də ekspertlər qrupu səviyyəsində həmin ekvivalentlik prosedurlarına başlayacağıq. Artıq 73 müəssisə qeydiyyata alınıb. Digər müəssisələrin də siyahısını Rusiyanın müvafiq qurumu təqdim edir və əməkdaşlarımızın birgə iştirakı ilə həmin qiymətləndirmələr aparılır. Bu sahədə işlərimiz uğurla gedir.

Bənzər xəbərlər

Gündəm

0.027747869491577