NİİM rəisi: “Bakıda yolların uzunluğu nəqliyyat vasitələrinin sayına nisbətdə qısadır” - MÜSAHİBƏ + FOTO
“Bakıda yolların uzunluğu nəqliyyat vasitələrinin sayına nisbətdə qısadır”.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev həyata keçirilən yeniliklər, paytaxt yollarındakı sıxlıq, bunu yaradan səbəblər və həll yolları ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.
Onunla müsahibəni təqdim edirik:
- Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt yollarında sıxlıq və tıxacların aradan qaldırılması məqsədilə hansı işlər görülür?
- İlk növbədə qeyd etmək istəyirəm ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə gördüyümüz tədbirlər nəticəsində, demək olar ki, paytaxt ərazisində tıxac az hallarda baş verir, əsasən sıxlıqlar olur. Sıxlığı adətən günün pik vaxtlarında - səhər və axşam saatlarında müşahidə edirik. Sıxlıqların aradan qaldırılması üçün nə tədbirlər görürük? Paytaxt ərazisində 152 yolayrıcında olan işıqforlar birbaşa Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunur. Yəni, işıqforların işıqları bizim tərəfimizdən nizamlanır. Zəruri vaxtlarda, məsələn, işıqforun qırmızı işığı yanırsa, yaşıl dalğa rejimi tətbiq edə bilirik. Yaxud da hansısa küçədə yaşıl işıq yanırsa, ehtiyac yarandığı halda, orada qırmızı işığa keçirə bilirik. Təbii ki, 152 yolayrıcı əsasən mərkəzi küçələri əhatə edir. Paytaxtda digər yolayrıcıları da var ki, hələlik onları mərkəzdən idarə edə bilmirik. Bunun üçün əməkdaşlarımız əvvəlcədən həmin əraziyə yaxınlaşır, hərəkətin təşkilini müşahidə edirlər və real vəziyyətə uyğun, yəni işıqforda neçə dəqiqə yaşıl, neçə dəqiqə qırmızı işıq yansın və sairə bu kimi hərəkətləri planlaşdırdıqdan sonra təyin etdiyimiz vaxt planları əsasında işıqforlar işləyir. Zaman-zaman bəzi küçələrdə nəqliyyatın intensivliyi artır, həmin vaxt əməkdaşlarımız yenə də ərazidə müşahidə aparırlar və ehtiyac varsa, dəyişiklik edirlər. Amma mərkəzi küçələr gündəlik olaraq əməkdaşlarımız tərəfindən nəzarətdədir. İstər tədbirlər zamanı, istərsə də adi vaxtlarda yollardakı sıxlığa uyğun hərəkət tərəfimizdən nizamlanır.
- Ümumiyyətlə, paytaxtda tıxac və sıxlıqların yaranmasının əsas səbəbi nədir?
- Tıxacın obyektiv və subyektiv səbəbləri var. Səbəblərdən birinci onu deyə bilərəm ki, paytaxt ərazisindəki yolların uzunluğu nəqliyyat vasitələrinin sayına uyğun deyil. Yəni yolların uzunluğu nəqliyyat vasitələrinin sayına nisbətdə qısadır. Mən bunu apardığımız təhlillər nəticəsində ortaya çıxan statistikaya əsasən deyirəm. Məsələn, 20-30 il öncə ilə müqayisədə nəqliyyat vasitələrinin sayı 5-6 dəfə artıb. Bu gün respublika ərazisində 1,7 milyondan çox nəqliyyat vasitəsi mövcuddur. Bunun da rəsmi olaraq 750 mini paytaxtda qeydiyyatda olsa da, real vəziyyət belə deyil. Əslində paytaxtda gündəlik 1 milyondan çox nəqliyyat vasitəsi hərəkət edir. Birinci səbəb budur ki, yollar nəqliyyat vasitələrini tuta bilmir. Əvvəllər heç kim düşünməzdi ki, nəqliyyat vasitələrinin sayı bu qədər artacaq. Bu gün dayanma-durma qaydaları pozulur. Bəzən elə yerlər olur ki, orada dayanma-durmaya icazə verilir, amma bu da müəyyən dərəcədə yolun daralmasına gətirib çıxarır. Çünki nəqliyyat vasitələri həddindən artıq çoxdur. Görək, say olaraq nə qədər dayanacaqlarımız var? İstər yeraltı və yerüstü dayanacaqlar, istərsə də yolların kənarında icazə verilən parklanma yerləri olsun, dayanacaq yerlərinin sayı azdır.
Bəs bu avtomobillər haradadır? Hamısı yollarda, küçələrdə və prospektlərdədir. Bu da sıxlıqların yaranmasında müəyyən rol oynayır. Yeni tikilən binaların altındakı qarajlar, dayanacaqlar nəqliyyat vasitələrinin sayına uyğun deyil. Məktəb və universitetlərin, iş yerlərinin çoxunun dayanacaq yeri yoxdur. Gəlin görək, təhsil ocaqlarının sadəcə işçi heyətinin öz avtomobilini saxlaması üçün yerləri var. Əlbəttə, yoxdur. Bir çoxunun qarşısında ictimai-iaşə obyektləri, həmin obyektlərin işçiləri, avtomobillə ora gələnlər var. Bunlar hamısı sıxlığa təsir edən amillərdir. Az öncə nəqliyyat vasitələrinin sayını dedim. 1,7 milyondan artıq nəqliyyat vasitəsinin 80 faizdən çoxu minik avtomobilləridir. Bu da o deməkdir ki, əhali ictimai nəqliyyata o qədər də meyilli deyil. Düzdür, pandemiya da buna təsir etdi. Amma ondan əvvəl də belə idi. Görürsən ki, bir ailədə 2-3 avtomobil var. İnsanlar ictimai nəqliyyatdan az istifadə edirsə, hamı yola öz avtomobili ilə çıxırsa, bu da sıxlığın yaranma səbəblərindən biridir. Digər tərəfdən, bəzən görürsən ki, 4-5 zolaqlı yol gəlib hansısa tunelin içinə girir, yaxud da körpünün üstünə qalxır və yol 4-5 zolaqdan 2-3 zolağa düşür, yol daralır. Belədə digər zolaqda olanlar yavaş-yavaş tunel və ya körpüyə gedən zolaqlara keçməyə məcbur olurlar. Bizdə belə bir şey var ki, bəzi sürücülər heç vaxt əvvəlcədən gedəcəyi yolun zolağını tutmur. Məsələn, sağa dönməlidir, sol zolaqla gəlib, ən sonda sağa dönür. Bu zaman manevr qaydaları pozulur. Bunun özü də sıxlığa səbəb olan amillərdən biridir.
- Tıxac və sıxlıqların yaranmasına səbəb olan başqa hansı amilləri sadalaya bilərsiniz?
- Sıxlıq yaradan səbəblərdən biri də bəzi sürücülərimizin qayda pozuntularına meyilli olmasıdır. Burada, həmçinin piyadaları da qeyd etmək lazımdır. Hansısa piyada sürətli yolun nizamlanmayan hissəsindən keçirsə, sürücü ona yol vermək üçün məcbur olub avtomobili saxlayır. Bu halda arxadan gələn nəqliyyat vasitələri də sürəti azaltmalı olurlar və sıxlıq yaranır. Yenə deyirəm, paytaxt küçələrində müşahidə olunan sıxlıqlara tıxac deməzdim. Məsələn, qonşu ölkələri götürsək, Rusiyanın Moskva, Türkiyənin İstanbul şəhərində bir çox hallarda hərəkət tam dayanır, insanlar saatlarla öz avtomobillərində otururlar. Şükürlər olsun, bizdə belə hal yoxdur. Ola bilər, nəqliyyat vasitələrinin sayı çoxdur, sürət aşağı olur. Amma ümumilikdə hərəkət dayanmır. Bu da nəyin sayəsində olur? Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gündəlik olaraq sıxlıq yaranan küçələrdə, hətta nizamlama vasitələri, işıqforlar olmasına baxmayaraq hərəkəti nizamlayırlar. Yəqin ki, xarici ölkələrdə bu cür halın şahidi olmamısınız. Bəzən sürücülərimiz işıqforun olmasına baxmayaraq yolayrıcında qaydaları pozurlar və hərəkət hissəsində qalırlar, qarşı hərəkət zolağına çıxırlar, bir-iki sürücü qaydanı belə pozur və bu, gətirib tıxaca çıxara bilir. Səbəblərdən biri yolda hər hansı qəzanın baş verməsi, texniki nasaz nəqliyyat vasitələrinin yollarda qalmasıdır. Məcburi dayanma yaranır və bu da bir zolağın tutulmasına, arxada digər nəqliyyat vasitələrinin yığılıb qalmasına, bir sözlə, müəyyən sıxlığa səbəb olur. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən ezam olunmuş əməkdaşlar var ki, onlar gündəlik xidmətlərini Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində aparırlar. Həmin əməkdaşlar bizimlə birlikdə müşahidələr aparır, baş verən hadisə barədə radiorabitə əlaqəsi vasitəsilə dərhal ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat verirlər. Onlar da operativ qaydada hadisə yerinə yaxınlaşıb problemi aradan qaldırırlar. Bunun nəticəsində vəziyyətə operativ müdaxilə edilir və sıxlığın daha tez aradan qaldırılması üçün tədbirlər görürük. Bundan əlavə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vəzifələrindən biri şəhər küçələrində nəqliyyatın hərəkətinin optimallaşdırılmasıdır. Kameralar vasitəsilə müşahidələr aparır, hansı ərazidə hərəkətin təşkilində nə kimi yeniliklər və dəyişikliklər edə biləcəyimiz barədə, həmçinin hərəkətin daha nizamlı və intensiv təşkili ilə bağlı təkliflər hazırlayırıq. Bir neçə dəfə aidiyyəti qurumlara belə təkliflər göndərmişik və onların da çoxu qəbul olunub, icrası istiqamətində işlər görülür. Yollarda sıxlıq yaradan səbəblərdən biri də dayanma-durma qaydalarının pozulmasıdır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində dayanma-durma qaydalarının pozulmasını aşkar edən kameralar var. Avtomatik rejimdə çalışan kameralar vasitəsilə dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələri aşkarlanır və sürücülərin inzibati məsuliyyətə cəlb olunması üçün Dövlət Yol Polisi İdarəsi ilə birlikdə tədbirlər görülür.
- Bayaq qeyd etdiniz ki, hərəkətin daha nizamlı və intensiv təşkili ilə bağlı təkliflər hazırlanır və aidiyyəti qurumlara göndərilir. Həmin təkliflər nədən ibarətdir?
- Məsələn, Tbilisi prospektində üzü 20 Yanvar istiqamətində gedəndə sağ zolaq yalnız sağa dönmək üçün idi. Biz təklif verdik ki, o yol həm düzünə, həm də sağa dönmə üçün olsun. Bu yolla zolaqların sayını artırmış olduq. Müşahidə apardıq ki, sağa dönən nəqliyyat vasitələrinin sayı çox deyil, düzünə gedən avtomobillərin də o yoldan istifadəsinə icazə versək, hər hansı çətinlik olmaz. Bundan başqa, Məhəmməd Hadi küçəsində hərəkətin təşkili ilə bağlı müəyyən təkliflər verdik. Orada avtobusların və digər nəqliyyat vasitələrinin hərəkət zolaqları ilə bağlı dəyişiklik edilib. Başqa təkliflər də vermişik ki, baxılıb və müsbət qarşılanıb. Əbdülvahab Salamzadə və Ceyhun Səlimov küçələrinin kəsişməsində işıqforun idarə olunmasında müəyyən dəyişiklik etdik. Bundan sonra hərəkətin intensivliyi xeyli artıb. “Dəniz Mall”un qarşısındakı işıqforun vaxt planlamasında dəyişiklik oldu. Orada hərəkət sürəti mərkəz istiqamətinə gələrkən 42 kilometr/saat idi, indi isə artaraq 52 kilometr/saat olub. Artıq hərəkətin intensivliyi artıb, sıxlığın aradan qaldırılması üçün müəyyən işlər görmüşük.
- Ötən il dövlət başçısının fərmanı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. Bundan sonra NİİM-in fəaliyyətində nə kimi yeniliklər oldu?
- Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bizə qədər bir neçə il idi fəaliyyət göstərirdi. NİİM DİN-in tabeliyinə keçəndən sonra Dövlət Yol Polisi ilə qarşılıqlı əməkdaşlıq sayəsində sıxlığın aradan qaldırılması üçün operativ işlər görməyə başlamışıq. Bundan başqa, bilirsiniz ki, intellektuallığı təmin etmək üçün texniki avadanlıqlar lazımdır. Biz əlimizdəki avadanlıqların müasirləşdirilməsi üçün müəyyən işlər görür, bu sahədə qabaqcıl ölkələrdə olan, beynəlxalq təcrübəni öyrənirik. Hazırda bunun üzərində iş gedir. Təhlillər aparırıq. Çalışırıq ki, bu sahədə xarici ölkələrdə təcrübədən keçən, ən son və qabaqcıl yenilikləri tətbiq edək. Amma sizin də qeyd etdiyiniz kimi, NİİM bir ildən bir az çoxdur DİN-ə verilib. Təhlillərin aparılması, yeni avadanlıqların araşdırılması, təcrübə olunması və müşahidə aparılması bir qədər vaxt aparır. Bu istiqamətdə işlərimiz davam edir.
- Bizdə olan məlumata görə, hazırda Bakı şəhərinin 3D xəritəsi hazırlanır və bunun üzərində iş gedir. Bu barədə nə deyə bilərsiniz?
- Bakı şəhərinin 3D xəritəsini çəkirik. Bu, daha dəqiq və müasir mobil xəritə olacaq. Bu gün hamı üçün getdiyi yeri əvvəlcədən görə bilmək, seçim etmək və ora daha tez çatmaq birinci məsələlərdən biridir. Vətəndaşlarımız 3D xəritəyə baxıb istədikləri yer haqqında məlumat əldə edə biləcəklər. Bununla yanaşı, mobil tətbiqin hazırlanması istiqamətində işlərimiz gedir. Bu sahədə də çalışırıq. Mobil tətbiq vasitəsilə vətəndaşlar yollar barədə məlumat alacaqlar. Harada sıxlıq, qəza var, hansı yolla gedəcəyimiz yerə daha taz çatmaq olar kimi məlumatlar veriləcək. Hazırda isə bu cür məlumatları sosial şəbəkələr və media vasitəsilə veririk.
- Hazırda yollardakı tıxac və sıxlıqlar, həmçinin qəzalar barədə məlumat verən mobil tətbiqlər var. Bakının 3D xəritəsinin həmin tətbiqlərdən üstünlüyü nə olacaq?
- Düzdür, həmin proqramlar var. Bizim üstünlüyümüz o olacaq ki, yolda qəza və ya texniki nasazlıq olacağı halda biz onu mobil tətbiqə daha tez daxil edə biləcəyik. Yəni bunu sıxlıq yaranan kimi görəcəyik. İndi istifadə olunan proqramlarda əvvəlcə həmin ərazi xəritədə qızarır, sonra görə bilirsiniz. Amma 3D xəritədə bunları daha operativ və dəqiq görə biləcəyik.
- Son olaraq, hərəkət iştirakçılarına - sürücü və piyadalara nə kimi tövsiyələr vermək istərdiniz?
- Çox yaxşı sualdır. Bilirsiniz ki, mən uzun müddət Baş Dövlət Yol Polisi İdarəsində işləmişəm və daim bununla bağlı təbliğat işləri aparmışam. İlk növbədə, sürücü və piyadalarımızı intizamlı olmağa dəvət edirəm. Bu sahədə çalışan insan kimi bunu həm nəqliyyatın hərəkətinin normal olması və sıxlıq yaranmaması baxımından deyirəm, həm də yolda ani səhv insanın sağlamlığı və ya həyatı bahasına başa gələ bilər. Görün, nə qədər qəzalar olur, insanlar həyatını itirir və ya ömürlük şikəst qalırlar. Birinci növbədə bunu nəzərə alıb, bütün sürücülərə yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyi tövsiyə edirəm ki, hamı evinə sağlam şəkildə qayıtsın. Hamımızın istədiyimiz yerə tez çatmaq, tıxaca düşməmək kimi narahatlığımız var. Öz sağlamlığımız, təhlükəsizliyimiz üçün, hətta özümüzü fikirləşməsək də, digər insanları, valideynlərimizi, övladlarımızı düşünüb yol hərəkəti qaydalarına ciddi əməl etmək lazımdır. Bu sahədə çalışan qurum olaraq insanları yollarda diqqətli və intizamlı olmağa dəvət edirik. İstər böyüklər, istər kiçiklər, hətta yeni doğulan uşaqlar belə, valideynlərinin qucağında hərəkət iştirakçısına çevrilir. Həyatda yol hərəkəti qaydaları ilə qarşılaşmayan insan yoxdur. Ona görə də yol hərəkəti qaydalarını yaxşı bilmək və tələblərə uyğun hərəkət etmək lazımdır.